Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Bir neçə ay sonra dahi şair Nəriman Həsənzadənin 93 yaşı tamam olacaq. Özünün məhşur şeirlərindən olan “Nərdivan” şeirində də bəhs etdiyi bu dünya nərdivanında yəqin ki şairin də dəfələrlə sevinərək çıxdığı və hüzn ilə endiyi zamanlar olmuşdur. Nəriman Həsənzadəni, onun şeirlərini bilməyən çox az adam olar yəqinki. Bəlkə də çoxları müəllifini bilmədən onun şeirlərini ya hansısa nəğmələrdən, hansısa radio və ya bir aşiqin dilindən eşidib əzbərləmişdir.
Nəriman Həsənzadə zamansız bir şairdir. Onun sadə, həlim və bir o qədər mənalı misraları hər yaşda insanın zövqünü oyşayıb ruhuna toxuna bilər. Hər kəs şairin şeirlərində özündən bir zərrə tapa bilər.
Nəriman Həsənzadə yaradıcılığını böyük bir sevgi və maraqla izləyən biri olaraq deyə bilərəm ki, şairin içində sanki iki ruh var; Şair Nəriman və Saranın Nərimanı. Hətta şairin öz müsahibə və çıxışlarına əsaslanaraq demək olar ki, onun ömrü də Saralı və onsuz günlər olmaqla iki hissəyə ayrılır. Yəqin ki bu onun yaradıcılığında da özünü əks etdirmişdir. Leyli və Məcnun, Fərhad və Şirin kimi sevgi dastanları arasına əlavə ediləcək qədər böyük və saf bir sevgi olmuşdur onların sevgisi.
” Bir qadın ömrünü girov qoymuşam,
bir şair ömrünü yaşatmaq üçün”.
Bu misraların müəllifi Sara xanım olmuşdur. İki misraya sığmış bir qadın ömrü. Bəlkə də bundandır ki, ölümündən sonra N.Həsənzadə şeirlərinin böyük qismini xanımına həsr etdi. ”Saraya”, “Dözmür Nəriman”, “Qayıt”, “Ürəyim ananı istəyir, qızım” şeirləri bu qəbildəndir.
Bunları oxuduqda ağlımda bir sul yaranır: “Yaxşı şairlərmi çox sevir, yoxsa çox sevənlərmi yaxşı şair olur?”.
Ürəyim ananı istəyir, qızım
Ürəyim ananı istəyir qızım,
Sən yaşa, dünyada qəmsiz kədərsiz,
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm, yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı,
Təbiət şəkilimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı,
Amma tək qocalmaq dərd verir hərdən.
“Dağlar” deye-deye mən dağ aşmışam,
Hanı tale dostum, ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
Dünyayla düz gəlmir daha mən deyən.
Daddim acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım qardaşınla sən olmasaydın,
Deyərdim dünyada anan olmayıb.
Daha yaş artdıqca, səbrim azalır.
Yaş aşdı…Neyləsin yaş əyir,qızım,
Qadınsız ata da anasız, qalır
Ürəyim ananı istəyir qızım…
Həcər BAYRAMOVA,
“YURD”un redaktoru.
Bir cavab yazın