Bilal Alarlı Hüseynov,
ADPU Cəlilabad filialının müəllimi,
Naxçıvan Dövlət Universitetinin elmlər doktorluğu üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru
MƏZƏLƏR, LAĞLAĞILAR VƏ ACILAMALAR
(Folklorun az öyrənilmiş sahələri)
Folklorda ayrı-ayrı janrlarla yanaşı, həmin janrların janrdaxili dəyişmələri də mövcuddur. Belə janrdaxili çalarlar folklorşünaslıq elmi tərəfindən sonadək öyrənilməyib. Müxtəlif bölgələrdə müxtəlif adlarla tanınan janrlardan başqa, bir janrın bir neçə çaları da yazıya alınmışdır ki, onların janr təyinatının aparılması, struktural və tematik xüsusiyyətlərinin öyrənilməsi vacib şərtlərdən biridir. Rəvayət, başagəldi, olmuş əhvalat və sair konkret olaraq bir janrın çərçivəsinə sığmır. Olmuş əhvalatlardan birinin məzmunu belədir: “Çar dövründə kənddə sözü, əməli düz, əqidəli, bir az dəlisov, quşu gözündən vuran Əlixan adlı kişi varmış. Deyirlər, sovet hakimiyyəti gəlir. Tüfəngləri yığışdırırlar. Əlixan da beşaçılan tüfəngini satıb öküz alır. Tüfəngli vaxtlarında ona ikiqat əyilib salam verən qonşu, tüfəngin satıldığını bilir və Əlixanı saymır, salam-zad vermir. Hirs Əlixanı kəsir və bir gün öküzünü satıb beşaçılan alır. Qonşu tüfəngin alındığını bilir, səhər tezdən Əlixanın qarşısına çıxır və salamlaşır. Əlixan isə tüfəngi üzünə qaldırıb deyir:
-Qurumsaq, bu salamı dünən verəydin, mən də öküzü satmayaydım”.
Məsələ burasındadır ki, bu folklor nümunəsi olmuş əhvalat kimi yazıya alınsa da, məzə adıyla təqdim olunur. Başqa bir folklor mətnində isə tarixi şəxsiyyətlərdən söhbət açılır və bu mətn janr baxımından olmuş əhvalata daha yaxındır: “Yavuz Sultan Səlim, oğlu Qanuni Sultan Süleymana iki məktub verir və tapşırır: birinci məktubu mən öləndə, ikincini isə məni dəfn edəndən sonra açarsan. Vəfat edəndə Sultan Süleyman birinci məktubu açır: “Oğul, səndən bir istəyim var: məni ayağımdakı corablarla dəfn etsinlər”. Sultan Süleyman dəfn mərasimi ilə məşğul olan din adamlarından bu vəsiyyətə əməl olunmasını xahiş edir. Bütün təkidlərə baxmayaraq bunun mümkün olmadığını, dinimizdə belə hala icazə verilmədiyi bildirilir və Yavuz corabsız dəfn olunur. Dəfndən sonra Sultan Süleyman ikinci məktubu açır və oxuyur: “Görürsənmi, oğul, bir cüt corab belə apara bilmədim”.
Elə folklor nümunələri mövcuddur ki, onlar müxtəlif adlar altında toplanmış, müxtəlif janrlara aid edilmişdir. Janr baxımından dəqiqləşdirilməyən məzəli əhvalatlardan biri ibrətamiz söyləmə adlanır: “Şah ilə vəzir əyalətləri gəzməyə çıxır. Bir evdə qonaq olurlar. Ev yiyəsi onlara badımcan bişirir. Şah badımcanın şəninə gözəl sözlər deyir. Vəzir də badımcanı tərif edir. Şahın yeməyinə badımcan əlavə edilir. Şah yemək vaxtı badımcanı pisləyir. Vəzir də badımcanın yaxşı olmadığını söyləyir. Şah vəzirdən soruşur:
-Qonaqlıqda tərif etdin, indi niyə pisləyirsən?
Vəzir cavab verir:
-Şah sağ olsun, mən badımcanın vəziri deyiləm, şahın vəziriyəm. Siz nə desəniz, məndə onu deməliyəm”.
Buradan belə bir nəticə çıxarmaq olar ki, məzələr, eləcə də lağlağılar ümumilikdə lətifə və rəvayət janrlarının daxilində öyrənilsə də, janrdaxili dəyişikliyə məruz qalmış nümunələr kimi xarakterizə olunmalıdır. “Hərzə sualın mərzə cavabı” silsiləsindən olan məzələrdən biri kəskinliyi ilə diqqət çəkir: “Bir dəfə məclisdə biri din xadimindən soruşur ki, ya şeyx, sən bilərsən, Əzrayıl erkəkdir, yoxsa dişi? O da cavab verir ki, heç darıxma, inşallah, Əzrayıl nə vaxt sinənə əyləşib, canını almağa gələndə biləcəksən ekəkdir, yoxsa dişi…”
Bazara aid olan lirik məzələr də mövcuddur. Bu faktın özü təsdiq edir ki, məzələr struktural janrlar sırasına daxil deyil. Həm lirik, həm də epik janrda olan məzələrin əsas məqsədi canında lətifə ovqatı olan hadisəni ifadə etməkdir:
Bazar bazardı, neynim,
Tamam azardı, neynim.
Qələm tutan olsaydı,
Dərdim yazardı, neynim.
Dünən getdim bazara,
Qonşum düşdü azara.
Nisyələrə söz qoşub,
Zurna axtar, saz ara.
Məzələri söyləyənlərə el arasında baməzə deyirlər. Məzələr lətifələrə yaxın mövzularda olsa da, ifadə tərzinə görə fərqli xüsusiyyətləri ilə seçilir. Məzəli rəvayət, məzəli söyləmə, məzəli deyim adlanan məzələr gülüş doğurmaqla yanaşı, dinləyicisini düşündürür, onu ibrətamiz nəticə çıxarmağa sövq edir. Bir məzə digər məzədən struktural-tematik tərəflərinə görə də fərqlənir. Bir neçə məzəni nəzərdən keçirdikdə bu fərqləri aydın şəkildə müşahidə etmək olur. “Ögey ata” məzəsi ana ilə bala arasında söhbət üzərində qurulub: “Boşandığı ərindən on yeddi il sərasər aliment alıb yaşayan ananın yeganə oğlu günlərin bir günündə israrla atasını görmək istədiyini deyir. Anası bildirir: “Bala, o sənin atan deyil, atan başqasıdı”. Digər bir məzə məişət mövzusundadır. “Tomat” adlı bu məzədə deyilir: “Kişi bazarlıq edir, ət, yağ, yeralma, soğan, göyərti alıb evə gətirir. Şam yeməyində arvad süfrəyə pendir-çörək qoyur. Kişi soruşur: “Arvad, niyə ətli xörək bişirməmisən? Hər şey almışam da!” Arvadı qayıdır ki, rəhmətliyin oğlu, necə bişirim, tomat almaq yadından çıxıb?!”
Daha çox ailədaxili münaqişələrdən bəhrələnən məzələrin bir qismi erotik məzmunludur. “İy verən arvad” məzəsi “məişət nitqi” üzərində qurulub: “Ərlə arvad məhkəmədə deyişirlər. Ər deyir: “Həmişə iyli-iyli danışırsan, cəmdəyin də nəfəsin kimi iy verir”. Arvad deyir: “Gecələr əlimi öpür, ayağımı yalayırdın, heç iy verdiyimi demirdin, indi boşanırıq deyə iyli çıxmışam?” Məsləhət xarakterli məzələr erotik lətifələrdən bir o qədər də fərqlənmir. “Seçim” adlı məzə evlənmək istəyən oğulla anasının dialoqundan ibarətdir: “Bir oğlana iki qız üçün elçi düşürlər, qızların biri kök olur, o biri arıq. Oğlan qızların hər ikisinə qızgördüyə gedir, biri kök olduğu üçün, o biri arıq olduğu üçün bəyənmir. Anası deyir: “Bala, kökü al arıqladarsan, arığı al kökəldərsən!” Oxşar mövzuda olan məzələrin “finalı” çox ibrətamizdir. “Onlayn qızbəyənmə” məzəsində gülünc vəziyyətə düşən elçilərin taleyindən danışılır: “Bir qız sosial şəbəkədə öz şəklini paylaşır, bir oğlan da buna vurulur. Qızla yazışır, bir-birlərini bəyənirlər. Oğlan qıza elçi göndərir, elçilər qızın aldım-verdimini edəndən sonra qızgördü məqamı başlayır. Qız gəlir, baxıb görürlər, bu qız urludu, bir ayağını da çəkir. Elçilərin əlləri ağızlarında qalır. Elçiliyə ağsaqqallıq edən kişi özünü sındırmadan deyir: “Onlayn qız bəyənəndə belə olur!”
Elçiliklə bağlı “Şəbədə” adlı məzənin yekunu daha sərtdir: “Qıza çoxlu elçi gəlir, bu da oğlanların heç birini bəyənmir, hərəyə bir şəbədə qoşur. Yavaş-yavaş elçilərin sayı azalır, qız da yaşa dolur. Bir qalıq oğlan da varmış, Urusyetdən belə dolanmışdı. Buna qız axtarırlar, axırda gəlib dayanırlar oğlanlara şəbədə qoşan qızın üstündə… Oğlan razılıq verir elçi gedirlər, qız elçilərdən oğlana ismarıc göndərir: “Sən bilsəydin, necə oğlanları qapımdan əliboş qaytarmışam, mənə elçi düşməzdin. Sən onların əlinə su tökməyə layıq deyilsən!” Belə sərt finalı olan məzələrdən biri “Kişilik” adlanır: “Yad eldən qız alıb gətirirlər. Bir neçə gün sonra qız şəpə-şüpəsini yığıb getmək istəyir. Qayınatası qapını kəsir: “Qızım, bizi bəyənmirsən bəyənmə, ancaq sənə gül kimi kişi vermişik, ailəni dağıdıb hara gedirsən?” Qız qayınatasının üzünə durur: “Kişidi o? Kişi görməmişəm, ya başıma kişi qəhətdi?!”
“Yandırma” məzəsi də ailə-məişət mövzusundadır: “Evdə dava düşür, arvad bir qab nöyütü üstünə töküb deyir: “Özümü yandıracağam!” Kişi özünü o yerə qoymur, pıxı-pıxı gülüb deyir: “Bir az tez yandır, canım dincəlsin, üçünü verən kimi qonşu Gülbadamı gətirəcəyəm sənin yerinə”. Arvad əl saxlayır: “Elə onu görməyəcəksən, bu acığa yaşayıb, Gülbadamı yandıracağam. Köpək qızı, mənim yerimə göz dikib?!”
Məzələrin əksəriyyəti çağdaş mövzulardadır. Çağdaş ailə problemləri məzələrin baş mövzusudur. “Aliment” adlı məzədə söhbət boşanmış ərlə arvadın aliment problemindən gedir: “Üç uşağın atası iş tapa bilmir, evi saxlamaq ona çətin gəlir. Arvadı dolanışığı bəhanə edib, ərindən boşanır. Məhkəmə hər uşağa görə yüz doxsan manat aliment kəsir. Kişi alimenti ödəyə bilmir, zindana basırlar. Üç ay keçir, arvad məhkəməyə şikayət edir ki, bəs kişi alimenti ödəmir. Kişini üzləşməyə gətirirlər. Arvad deyir: “Alimenti niyə ödəmirsən?” Kişi deyir: “Hardan ödəyim, buraxsınlar, işləyim, qazanım, ödəyim də!Zindanda adama pul verirlər?” Arvad deyir: “Möhtərəm hakim, bu kişi ağıllanmayıb, təzədən basın qoduqluğa, ağlı başına gəlsin!” Kişi deyir: “Ac qalan sən olacaqsan, zindanda gündə mənə üç dəfə yemək verirlər. Səninlə yaşayıb ac ömür sürməkdənsə, zindanda rahat yeyib yatmaq yaxşıdır”.
Məzələr el arasında lağlağı, gicgici söhbət, ələsaldı, dolama, üzəvurma, üzədurma, daşatma, dilətutma, ələsalma, hoyduhoydu, ələmə, dilucu, döşləşmə, yandıqandı (yandıqındı) və sair adlar altında söylənilir. Məzələr iki qrupa bölünür: a) bədxəbər məzələr; b) şadxəbər məzələr. “Oğul dərdi” adlı folklor nümunəsi bədxəbər məzə sayılır: “Üç uşaq anası olan arvadın əri ölür, o da uşaqlarını təkbaşına böyüdür, ömrünü uşaqlarına həsr edir. Qızlarını qonşu kəndə ərə verir, oğluna qonşu kənddən qız alır. Bir müddətdən sonra gəlinlə qaynana yola getmir, bundan əsəbləşən oğul anasını evdən qovur. Arvad qızlarından birinə sığınır. İllər keçir. Arvad oğluna dəyməyə gedir. Qayıdandan sonra qonşular ondan soruşurlar ki, oğlun necədir, yaxşıdırmı? Arvad deyir: “Yaxşıdı e, üç qız balası var, amma oğlu yoxdur. Qızlar çıxıb ərə gedəcəklər, oğlumun yurdu boş qalacaq”.
Lakin elə məzələr də mövcuddur ki, həm bəd, həm də şad xəbər üzərində qurulub. “Bəd və şad xəbər” adlı məzədə evlənmək istəyən gəncin başına gələn əhvalatdan söhbət açılır: “Cavan bir oğlan qız seçimində çətinlik çəkdiyi üçün vaxtında evlənə bilməmişdi. Günlərin bir günündə ata-anası çətinliklə də olsa, qonşu qıza elçi düşmək üçün oğlanın razılığını alır. Səhərisi oğlan işlədiyi yerə gedir. İş yoldaşlarına deyir: “İki xəbər var: biri bəd xəbərdi, biri şad xəbər. Əvvəl hansını deyim?” İş yoldaşlarə əvvəl şad xəbəri söyləməyi xahiş edirlər. Oğlan deyir: “Qonşumuzun qalıq qızı ərə gedir”. İş yoldaşları soruşurlar: “Bəs bəd xəbər nədir?” Oğlan deyir: “Məni o qalıq qızla evləndirirlər”.
Belə folklor nümunələrinin janr təyinatını dəqiqləşdirmək olduqca çətindir. Bəzi nümunələr deyimlərə, bəziləri söyləmələrə, bəziləri isə lətifələrə uyğun gəlir.
Məzə kimi lağlağı da yığcam məzmunludur. “Qiymətli yerlər” adlı lağlağı müğənni və onun ifasını lentə alan operator arasında olan dialoqdan ibarətdir: “Müğənni qız ilk dəfə televiziyada mahnı oxuyur. Operator qızın üz-gözündən çox ayaqlarını çəkir. Monitorda bu kadrları görən müğənni qız operatora yaxınlaşıb deyir:
-Sən niyə mənim üzümü qoyub, aşağı tərəfimi çəkirdin?
Operator deyir:
-Xanım, mən sənin qiymətli yerlərini göstərməyə çalışırdım”.
Digər lağlağı da müğənni qız haqqındadır. Qızın teleaparıcı ilə olan söhbəti onu gülünc vəziyyətdə qoyur. “Min cavana dəyən qoca” adlı lağlağıda deyilir: “Bir cavan müğənni qız qoca xanəndə ilə duetlər oxuyur. Televiziyada belə duet ifasından sonra aparıcı, müğənni qızdan soruşur:
-Duet oxumağa cavan müğənni tapa bilmirdin, bu qoca xanəndənin dalına niyə düşübsən?
Müğənni qız deyir:
-Nə qoca, kim dedi, qocadı? Sən onu qoca görmə, sən onu gecə gör! Min cavana dəyər!
Veriliş canlı olduğu üçün müğənni qızın bu sayıqlamasını kəsə bilmirlər, birbaşa efirə gedir”.
Başqa bir lağlağı isə “Kor oynaşlar” adlanır: “Bir qadın rəfiqələrinə gileylənir: “Ərim tez-tez dostlarını evimizə gətirərdi. Dostları ərimin gözündən yayınıb, mənə göz vurardılar. İndi ərim ölüb, mənə göz vuran dostlarının da gözləri kor olub”.
Nümunələri çox az yazıya alınmış acıtmalar, hərkihərkilər, subulandırmalar, gözdənsalmalar, qarayaxmalar, tərsəyozmalar, papaqatmalar, iddialar, təkidetmələr, qısqanmalar, şübhələr, biganəliklər, vazkeçmələr, sezdirmələr, anlatmalar və digər nümunələri atmacalar janrının ifadə formaları saymaq olar. Bu tipli nümunələr nitq janrları (etiketləri) sırasına daxildir. İddialar və təkidetmələr “Mən təkid edirəm ki…” və “Mən iddia edirəm ki…” ifadələri ilə başlayır: “Mən təkid (iddia) edirəm ki, Həsənə etibar etməmişdən əvvəl onu sınaqdan çıxaraq, bəlkə ümidlərimizi doğrultmayacaq!” Qısqanmalar və şübhələrdə “Niyə elə baxdın?” və “Niyə o cür dedin?” ifadələri daha çox işlənir. Qısqanmalar qadının, yaxud kişinin başqası ilə münasibəti ilə məhdudlaşmır, kiminsə şöhrəti, uğuru, qazancı da bəzilərində qısqanclıq doğurur. Biganəliklər və vazkeçmələr “Nəyimə lazım?”, “Mənə nə?” və “Mənə bu lazımdı?” sual-ifadələri ilə başlayır. Sezdirmələr və anlatmalar daha çox “Bəlkə belədi?”, “Bilmədiyin məslələr var” və “Sən işin o üzünə bax!” ifadələri ilə başlayır.
Nitq etiketlərindən bəhrələnən acılamalar janr etibarı ilə rəngarəngdir. Bunu nümunələrdən də görmək mümkündür. Acıtmalar:
Qadın var arı balıdı, qadın da var bal verməyən arıdı;
Eşşəyi noxtalasan da at olmur, yüyənə dolmur;
Dili acı olanın ürəyi şəkər ola bilməz;
“Ciyərim” deyib ürəyinə yaxın buraxmadığın nəfəs yerindi;
Çörəyini kəsib, çörəyi olmayanları aşağılayanın kəsdiyinə etibarı olmaz.
Qarayaxmalar:
Nolsun ki, əlinlə verirsən, qucağınla qamarlayıb aparırsan;
Özgə arvadlarının əlini öpürsən, özünkünün əllərini kir basıb?
Bu üzə gülmək deyil ki, hırıldamaqdı;
Elə yaxşı adamsan, evindəkilərə yaxşı bax.
Hərkihərkilər:
Yedin qədrini bilmədin, dedin dalında durmadın;
Açdığı qapını gedəndə örtməyənin evində açıb-örtməli qapı olmur;
Təndirlə dostluğu çörək tükənənəcəndi, külü atmağa gəlmir ki!
İstisi evinin içində qalır, tüstüsü qonşunun gözünü çıxarır.
Subulandırmalar:
Kişisən, qabağıma adam kimi çıx, it olub hürmə!
Dinc oturmasan, oturum düşərsən!
Bacardığın işə giriş, hər yerə burnunu soxma.
Gözdənsalmalar:
Tərifi nənəm də bacarır, iş gücə qalanda çiynini verərdin də!
Gətirdiyin bir ovuc undu, süfrəmdə çörəyin yekəsini qabağına çəkirsən.
Dağı dağ üstə qoymayıbsan ki, bir-iki bel palçıq atıbsan da!
Papaqatmalar:
Elə bərk getmə, ayağına daş dəyər, mayallaq aşarsan;
Gözünü qonşudan çəkmirsən, halına yanırsan, ya arvadına gözün düşüb?
Ye, ye, yeyənin yeyilən günü də var!
Tərsəyozmalar:
Hər atalar sözü ağlın gözü deyil;
Alim olmaq asandır, adam olmaq çətin.
Nümunələrin sayını kifayət qədər artıqmaq olar. Gətirilən nümunələrin janr təyinatındakı çətinlik onların toplanılmasına və nəşrinə də təsirsiz ötüşməmişdir. Bu folklor nümunələri ilk dəfə olaraq janr təyinatına görə öyrənilir və qruplaşdırılır. Nitq etiketlərindən bəhrələnən və ifadə tərzinə görə bir-birindən qismən fərqlənən məzələr, lağlağılar və acılamalar lətifənin, rəvayətin və atalar sözünün janrdaxili dəyişmələri kimi nəzərdən keçirilir, müqayisəli təhlilə cəlb olunur. Nümunə gətirilən örnəklərinin janr təyinatının öyrənilməsi folklor nəzəriyyəsini bir qədər də zənginləşdirir.
Appetizers, taunts and bitterness
Summary
The article discusses the genre changes of Azerbaijani folklore. In addition to the genres known by different names in different regions, several shades of one genre have also been recorded, which is one of the important conditions for determining their genre and studying their structural and thematic features. Appetizers, mockery and bitterness (məzələr, lağlağılar və acılamalar) are considered as intra-genre variations of anecdote, narrative and proverb, and are involved in comparative analysis. The study of the genre assignment of the cited examples enriches the folklore theory a little.
Key words: Azerbaijani folklore, intra-genre changes in folklore
“Yurd”
Bir cavab yazın