Əkbər Rəvan (Əkbər Mətləb oğlu Əkbərov)– 1960-cı il noyabrın 1-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub.
1978-ci ildə Arus kənd tam orta məktəbini bitirib.
Elə həmin il APİ-yə (indiki ADPU-ya) daxil olub.
İlk yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayıb.
İlk şeiri APİ-də çıxan “Gənc müəllim” qəzetində çap olunub. Həmin ərəfədə bir neçə dəfə nəşriyyatda, “Göyərçin” jurnalının redaksiyasında rəhmətlik Tofiq Bayramla, Tofiq Mütəllibovla görüşüb və şeirlərini oxuyub bəyəniblər.
İnstitutu bitirəndən sonra rayon qəzetində çap olunub.
“Ömür qatarım gedir” və “Bəy namusu” adlı kitabların müəllifidir.
Bütün bunlardan əlavə, “Yarpaqlar”, “Qayalardan süzülən söz”, “Zəfər çələngi”, “Gəlirik Qarabağ”, “Rəvan”, “Canım Azərbaycanım”, “Zəfər” və “Vətən” antologiyalarında çap olunub.
Hazırda Yardımlı rayonunun Məlikli kənd ümumi orta məktəbində müəllim işləyir və yaradıcılıqla məşğul olur.
2020-ci ildən ‘Qızıl qələm’ media mükafatı laureatı, “Yurd” ədəbi-bədii, elmi-publistik jurnalının xüsusi muxbiri, 2021-ci ilin yanvar ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Biz də Əkbər Rəvana yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az
FİKİR ÇƏKMİR BİZDƏN YANA
Bir dəlisov olub dünya,
Hörmət etmir qula, xana.
Yerə, göyə hirsi tutub,
Yaxasını çəkib yana.
Dərələrə bənd bağladı,
Təpələri çən dağladı,
İnsanları qan ağlatdı,
Ömürləri döndü qana.
Tərsə gedir indi hər iş,
Çoxun namərd edib gərdiş.
Daha geri yoxdu dönüş,
Zülüm çatır canda qana.
Bu dünyanın qərib qəmin,
Daha tutmur nəhəng gəmi.
Şişib qəmin eşq sahili,
Çəkib oxun, sıxıb qına.
Dərdin,qəmin sərhəddi yox,
Zəhəri bol, şərbəti yox.
Yaradanın da səbri çox,
Fikir çəkmir bizdən yana.
29.12.2023
ŞƏRƏFSİZ
Hamı cavanlarda nöqsan axtarır,
Qayıdıb özünə baxmır şərəfsiz.
Yüz cür oyun qurur,hiylə işlədir,
Oyundan da duru çıxır şərəfsiz.
Yaşı ötüb, hörmət etmir abrına,
İştah salır nəvəsi yaşıdına.
Maşın bağışlayır o, oynaşına,
Həyat yoldaşın aldadır şərəfsiz.
Vəzifəsi var, adın kişi qoyur,
Qazandığın lüt gəzənlərə sayır,
Fahişəyçün Çarliston da oynayır,
Yetimə qəpiyin qıymır şərəfsiz.
Yaşlıdır,forsu bitmir çox xanımın,
Geyimi ədəbin göstərir onun.
Sanki it yemiş əynindəki donun,
Kimisə vecinə almır şərəfsiz.
Özü oynaşdır,dərs keçir pak ocağa,
Səhnədə hərdən minir qucağa.
Sonra başlayır eyib axtarmağa,
Öz eyblərindən utanmır şərəfsiz.
Üzünə,gözünə boya yaxdırır,
İz buraxan qırışların sıxdırır,
Dodağın şişirdir,qaşın qaldırır,
Özün meymuna oxşadır şərəfsiz.
Nə öyrənsin, nə götürsün cavanlar,
Hara getsinlər bu ədəblə onlar.
Örnək olun, ay kişilər, qadınlar,
Qürur duyub, sizi xatırlasınlar.
24.12.2023
GƏLMƏZ
Haqsız gördüm, uzaq qaçdım,
Bildim sözüm xoşa gəlməz.
Yandı bağrım,kömür oldu,
Dedim bir də cuşa gəlməz.
Oğru, təlxək rəhbər olur,
Yetim-yesir gözün oyur.
Qanun yazır, qayda qoyur,
Bəy-bəy gəzir, işə gəlməz.
Dünya qaçır daha bizdən,
Murdarlanmış nəfsimizdən.
Əyri,düz tanınmır üzdən,
Əməlimiz tuşa gəlməz.
Haqqa arxa çevirəni,
Yerlə, göylə əlləşəni,
Şeytanla dostluq edəni,
Allah vurar, başa gəlməz.
20.12.2023
YAZ MƏNİ
Qadir Allah, uca elə,
Millətimlə xan yaz məni.
Dönüm Vətənin başına,
Canımı qurban yaz məni.
Huşu başımdan götürmə,
Gücü qolumdan itirmə,
Ömrümə xəzan gətirmə,
Yolları rəvan yaz məni.
Namərdlər danar kökünü,
Çəkəmməz kişi yükünü.
Söysən tərpətməz tükünü,
Bir əhli-iman yaz məni.
Qiymətli olsa da həyat
Hökm yenilənir hər saat.
Bir xoş söz düzəldir ovqat,
Sözə rəng qatan yaz məni.
Düzü danışım, söyülüm,
Dara çəkilim, soyulum,
Kəfənsiz qəbrə qoyulum,
Zülümə üsyan yaz məni.
17.12.2023
OLDU
Arzular pillə-pillə hey böyüdü,
Böyüdükcə qəlbimdə nəhəng oldu.
Hər arzudan min istək, nifrət doğdu,
Dosta çələng,düşmənçün tüfəng oldu.
Haqsız ilə çörək kəsmə, yalandı,
İçində kin, nifrət odu yanandı.
Hiylə ilə neçə diyar talandı,
Əclaflar qan salmağa pərsəng oldu.
Fərq eləməz cinsi, zatı yaltağın,
Fahişə tək ömür sürən qaltağın.
Zəli kimi özgə qanın sonranın,
Ermənidən fərqi yox,həmrəng oldu.
Heç yaşamadım kef-damaq içində,
Yer şumladım,dəryaz biçdim biçində.
Haramxorlar nazir oldu üstümdə,
Xəcalətdən ürəyim kövrək oldu.
07.12.2023
***
SALAM OLSUN
Məni heçdən var eləyən,
Allahıma Salam olsun.
Dünya üçün alın nuru,
Olanıma salam olsun.
Dünyada nər doğulubdur,
Məhəmməd pir doğulubdur,
Əli tək şir doğulubdur,
Din, İslama salam olsun.
Həsən, Hüseyn başın verdi,
Əbəlfəz də qollun verdi.
Göydən yerə nida gəldi,
Abbasıma salam olsun.
Kafirlər and içmişdilər,
Əkbərə rəhm etmədilər.
Əsgərə qan içirdilər,
Əsgərimə Salam olsun.
Kəbədə yer, göy inlədi,
İmam başı kəsiləndə.
Yer şəhidin gözləyirdi,
Şəhidimə salam olsun.
Qibtə etdik Hüseynlərə,
Haqqa könül verənlərə.
İslam dinin sevənlərə,
Salam olsun! Salam olsun!
08.04.2023
YARƏBBİM, BU DÜNYA
SƏN GÖRƏN DEYİL
Yarəbbim, arabir düş yanımıza,
Hərdənbir ölçü qoy vicdanımıza.
(Məmməd Araz)
Yarəbbim, nə badə gələsən yerə,
Din, iman qalmayıb, vermişik yelə.
Dünya sən yaradan dünya ha deyil,
Haqqa qayıtmağa güman yox hələ.
Ulu Yaradan, gəlmə sən yanımıza,
Ölçü qoyma yatmış vicdanımıza.
Hər nə çirkab desən bulaşmışıq biz,
Çoxdan səni yaddan çıxarmışıq biz.
Şirin olub qızıl, yaqut, villalar,
Dənizdə mülkümüz, qala hasarlar,
Neçə məşuqəmiz, pozğun xanımlar,
Dəbdəbəli yaşayış, əla maşınlar.
Yarəbbim, bu dünya sən görən deyil,
Sən yaratmamısan bizi elə bil.
Heç tufanından da qorxmuruq daha,
Meyilli olmuşuq haqdan çox günaha.
Yarəb, demə ordum, möminlərim var,
Mehdini göndərmə, pərişan olar.
Şərlənər,üstünə böhtan atarlar,
Şahidi özgə yox, möminlər olar.
Kəsərin azalıb,bilmirik nədir?
Harınlara nədən gücün yetməyir?
Fəqirlərə sevgin kömək etməyir.
Bəlkə onun üçün yox din, imanımız?
Yarəbbim, kütləşib, dolub beynimiz,
Hayandan hayana qaçır meylimiz.
Ulu Tanrım,gəlib özünü yorma,
Düzələn deyilik, narahat olma.
29.10.2022
ÖYÜNMƏZ
Könül Şirvanlıya cavab
Hər insana dayaq olan çox sınar,
Közdə kabab kimi yanıb qaralar,
Dost bildiyi namərd onu oxlayar,
Həya edər, dilə gəlib deyinməz.
Baş ucalığı çox namərdə dərd olar,
Üzü gülər, içi xain, şər olar.
Göydən gələn bəla ağır, sərt olar
Necə gəlib, necə gedib bilinməz.
Adam var ki, bənzər uca dağlara,
Adam var ki, çörək verməz ağlara,
Adam var ki, ölüm bəzək onlara,
Qorxu çəkər, insan olub öyünməz.
Oğrularda insaf yox, söz eşidə
Barmaqlarının bal etsən beşin də.
Ürək çətin dözər bir belə dərdə,
İnsan olan səbir edib, öyünməz.
29.04.2023
ALLAHA ŞİKAYƏT
Namə yazdım, göndər uca göylərə,
De ki, zülmü-sitəm yeri tutubdur.
Dərd-qəm güc gəlibdir çox könüllərə,
Cəhənnəm alovu səri tutubdur.
Sonra da sorsalar bizlərin halın,
Qorxma, düzgün söylə hər qeylüqalın.
Bilsinlər bu səfeh dövrün, zamanın,
Bəlası hamını geri tutubdur.
Sözdə biz azadıq, əslində dustaq,
Qırmanclar gücünə olmuşuq yaltaq.
Gözüqıpıq, qorxaq, əllərdə bayraq,
Yalanlar Kəbəni, piri tutubdur.
Vəzifəyə gəlir başları boşlar,
Kasıb qanı üçün çox susamışlar,
Ağıldan seyrəklər,şişman camışlar,
Şeytan tək çoxalıb, yeri tutubdur.
Namərdlər fırladır ac insanları,
Ayağında buxov, çıxır canları.
Zindanda çürüyür çox cavanları,
Pislərin zülümü yeri tutubdur.
DUR DEDİLƏR
Yalanlara dözə-dözə,
Vida dedim neçə düzə.
Sağım tülkü, solum gürzə,
Yolum üstə tor qurdular.
Çox insana ürək verdim,
Adam bilib çörək verdim,
Qol gücümdən kömək verdim,
Yenə zəhər, mar dedilər.
Çoxu pozdu öz əhdini,
Pula satdı qeyrətini.
Haqsızlıqlar yordu məni,
Çox danışma, dur dedilər.
Uzaq dolan qeyrətsizdən,
Kişi çıxmaz nanəcibdən.
Toxum olmaz belə dəndən,
Dost-tanışı xar edərlər.
16.05.2023
================
Allahu Əkbər deyəndə
Göydən yerə nur çilənir,
Allahu Əkbər deyəndə.
Cismim Tanrıya əyilir,
Allahu Əkbər deyəndə.
Çağırsa ulu yaradan,
Qaç Allaha ağ olmaqdan.
Yaxına get, qorxma ondan,
Allahu Əkbər deyəndə.
Əlini üzmə əlindən,
Qorxma sınaq etməsindən.
Şeytanından, iblisindən,
Allahu Əkbər deyəndə.
Əkbər Rəvan haqq aşığı,
İçində Allah işığı.
Ruhu alır yaraşığı,
Allahu Əkbər deyəndə!
11.04.2021.
Ey yaradan, böyük Allah
Həm əvvəlim, həm sonumsan,
Ey yaradan, böyük Allah.
Tək, şəriksiz, sirri xuda,
Ey yaradan, böyük Allah.
Qüdrətindən sən aləmi,
Var elədin ilk Adəmi.
Altı günə verdin canı,
Ey yaradan, böyük Allah.
Məhəmmədi qulun bildin,
Ayə-ayə Quran verdin.
İslam adlı din gətirdin,
Ey yaradan, böyük Allah.
On dörd məsum, haqq kimsənə,
İlk gətirdi iman sənə.
Cənnət verdin sən Hüseynə,
Ey yaradan, böyük Allah.
Çıxma məni rəhmətindən,
Məhəmmədin hümmətindən,
İmam Əli qeyrətindən,
Ey yaradan, böyük Allah.
06.03.2021
NİZAMİ
Prezidentin sərəncamı ilə bu il Nizami ili elan edilmişdir.
Ona görə də məndə bu şeirimi dahi Nizami Gəncəviyə həsr edirəm.
Tanrı qüdrətiylə doğulmusan sən,
Adın İlyas oldu,özün Nizami.
Adınla fəxr edir bu gözəl Vətən,
Mirvariyə dönüb sözün ,Nizami.
Uca tutdun sözün dəyər,qiymətin,
Şahları ram etdi uca hikmətin.
Gözünü oymusan şərin,zülmətin,
Haqqı dedin,yazdın düzün, Nizami.
Kamalın nuruyla Xəmsəni yazdın,
Duydun nəfəsini doğma torpağın.
Necə geniş imiş qoynun,qucağın,
Çox uzağı görüb gözün, Nizami.
Dağılmaz,pozulmaz nizamın olub,
Məhəbbət adında ilhamın olub,
Hər işi görəndə inamın olub,
Dönüb zərxaraya bezin,Nizami.
Sevdin bu Vətəni,Azətbaycanı,
Şöhrətə mindirdin Gəncə torpağın.
Gəl deyir hikmətin,odun,ocağın,
Əbədi nur saçır üzün Nizami.
07.04.2021.
Nağıllı dünyam geridə qalıb
Gecələr nənəmin nağılı vardı,
Nağıllar sinəmə qonub, dolardı.
Nağılda Təpəgöz, divlər olardı,
Divin qorxusundan qorxub yatardım.
Ağ atlı oğlan da quyuya düşər,
Yorulmaz,qırx gecə,qırx gün döyüşər.
Ya qara qoçu,ya ağ qoçu minər,
Qaranlıq dünyadan çıxıb ötüşər.
Ağ qoçum işığa çəkərdi məni,
Qara qoç zülmətə atardı məni.
Beləcə yuxu da tutardı məni,
Simruğun belində xoşbəxt olardım.
İndi ağ,qara qoç vaxtı da deyil,
Nağıllı illərim geridə qalıb.
Hayif,bir də nağıl olası deyil,
Qayıdıb sinəmə qonası deyil.
Artıq çatıb ömrün qərib axşamı,
Səhərlərim küsüb,çəkib huşumu.
İtibdir ömrümün nağıl mələyi,
Salıbdır zindana qalan ruhumu.
12.01.2021.
MƏLİKLİ
Əziz dostlar, mən müəlliməm. Müəllim kimi ilk təyinatım rayonumuzun gözəl kəndlərindən biri olan Ostair kəndinə verildi.
Cəmi iki ay orada işləyəndən sonra zəruri ehtiyac olduğundan yerim indi işlədiyim, 40 illik əmək fəaliyyətim olan, ən gözəl dilbər guşələrdən biri olan Məlikli kəndinə dəyişildi. Həmin vaxtdan bu günə qədər Məlikli kənd ümumi orta məktəbində pedaqoji işlə məşğul oluram. 30 ilə yaxın orda məktəb direktoru vəzifəsində işləmişəm.
Əziz dostlar, mən bu kənddə pedaqoji fəaliyyətimi davam etdirməklə yanaşı bu kəndin havasıyla, suyuyla, çörəyi ilə qidalanmışam. İnsanları ilə qaynayıb qarışmışam, xeyir-şərlərinə yaramışam, qohumluq əlaqələri qurmuşam.
Əziz dostlar, mən həm də yaradıcılıqla məşğul oluram, müxtəlif mövzularda şeirlər yazıram. Bir dəfə iş otağımda yenə nə isə yazmaq istəyirdim. Birdən elə bil mənə kimsə dedi:
“Ey dili qafil, 40 il bir kəndin havasını udasan, suyunu içəsən, çörəyini yeyəsən, özünə də bir xoş kəlmə deməyib gedəsən. Bu hansı haqqa sığar?” – Bunu deyib, qələmi əlimə alıb Məlikli kəndinə elə adı ilə eyni olan bir şeir yazdım.
Binişt olmusan bir gözəl məkanda,
Vətən dadı duydum səndə Məlikli.
Haqqını itirsəm yanaram odda,
Sənə oğul oldum mən də Məlikli.
Soyuq bulaq,gözəl oylaq Quyluğun,
Məlik,Əbiş baba yadigarların,
Qoca palıd pirin,armud bağların,
Keçir ömür yolum səndə Məlikli.
Vəfalıdır oğlun,həm də qızların,
Poladdan möhkəmdir əhdin,ilqarın.
Hələ qabaqdadır çox arzuların,
Qoy çin olsun arzun eldə Məlikli.
Dözübsən mənimçün ağrı,cəfaya,
Əlimi çatdırdın haqqa, səfaya,
Heyranam səndəki əhdə, vəfaya,
Al qoynuna, qalım səndə Məlikli.
Yaradan ucalıq veribdir sənə,
Sən də qucaq açdın mərd dərd bilənə.
Əkbəri də sıxdın isti köksünə,
Qala bilməz səndən gendə Məlikli.
ƏRUSA
Əziz dostlar, rayonumuzum böyük ərazilərindən biri də Ərus kənd ərazisidir.
Deyilənə görə, Ərus kənd ərazisi qədim Oğuz ellərindən biri olub.
Elə Ərus kəndinin adı da Oğuz igidlərindən birinin adını daşıyır.
Ərus kənd ərazisinə Ərus, Tahirli, Mirimli və Məlikli kəndləri daxildir.
Ərus kəndi özü gözəl olduğu kimi orada yaşayan insanlar da çox gözəl xarakterlərə malikdirlər.
Bundan əlavə elə kənd özü də gözəl bir məkanda salınıb.
Belə bir məkan, onun insanları haqqında yazmamaq özü günahdır.
Ayırdı sevgisi məni özümdən,
Vurulubdur könlüm özü Ərusa.
Dostlarım düz anlar məni sözümdən,
Heyrandır qəlbimin gözü Ərusa.
Səsinə səs verib hər bir zamanın,
İlqarı düz olub,ucaldıb başın.
Bu dilbər guşəsi Azərbaycanın,
Veribdir etibar,gücü Ərusa.
Kimsə ola bilməz ona maneə,
Anda sadiqdir,düz çıxır vədəyə.
Yolu ucalıqdır,yüksəliş deyə,
Yaraşır dilimin sözü Ərusa.
Təzə, tər gəlindir, gözəl bir pəri,
Quzeydən boylanır nicat gözləri.
Əzəldən sevməyib fitnəni, şəri,
İsnişib haqqın da üzü Ərusa.
Əkbər əzizləyər qəlb varağını,
Görməsin elinin hicran dağını.
Yandırmaqçın odun, gur çırağını,
Veribdir ürəkdən közü Ərusa.
Əkbər Rəvan (Əkbərov),
ZiM.Az
.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın