İMARƏT CƏLİLQIZInın YENİ ŞEİRLƏRİ

 

BİR GÜN BU DİL DANIŞACAQ…

-Tufandı ha!…
Ortalığı bir-birinə qatması var.
– Hər nə qədər əsib-coşsa,
Əvvəl-axır yatması var.
Bilirəm, halı necədi,
Zor gün, yuxusuz gecədi,
Matdı, ya da heç-heçədi.
– Gözlə, bir gün udması var!
– Yükü çox ağır görünür,
Kürəyi yağır görünür.
– Çox da ki fağır görünür,
Bezib yükü atması var.
…Tüstülənib alışacaq,
Ha susmağa çalışacaq,
Bir gün bu dil danışacaq,
Deyəcəklər: “Tutması var”…

 

BAĞLI QAPI

Bağlı qapı… arxasında
sirli şeylər çox,
kilidinə düşən açar
bir kimsədə yox.

Açmaq yana,
bircə nəfər də döymədi,
dəstəyinə
ömrü boyu əl dəymədi.

Heç kim açmaq istəmədi
bu qapını,
bu kilidi,
bağlı qapı
öz-özünə hey göynədi,
öz-özünə gah ağladı,
gah kiridi…
Bağlı qapı
bağlı-bağlı çürüdü…

 

YÜK

Bu kövrək yükü
iki adam daşıya gərək-
əyilməsin, sınmasın deyə.

Başı hərləndi
gah sağına,
gah da soluna keçməkdən.

Yük əyilmədi, sınmadı,
amma…
çat verdi içindən.
İçində gizli-gizli,
səssiz-səssiz
içini çəkməkdən…

 

İMARƏT CƏLİLQIZI,

Oğuz

 

ZiM.Az

 

.

 

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir