ŞƏFA İBRAHİM: “İKİ MƏRTƏBƏLİ EV” (Hekayə)

ŞƏFA İBRAHİM – 1980-ci il iyulun 7-də Şəki rayonunun Baş Layısqı kəndində anadan olub. 1987-ci ildə Baş Layısqı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 1995-ci ildə natamam orta təhsilini bitirib və Şəki Pedaqoji Texnikumuna daxil olub. 1999-cu ildə həmin texnikumu – indiki Şəki Pedaqoji Kollecini müvəffəqiyyətlə bitirib. Doğulduğu kənddə müəllim işləyib.
Hazırda Bakıda yaşayır.
Ailəlidir. İki övladı var.
Şəfa İbrahim orta məktəb illərindən bədii yaradıcılıqla da məşqul olur. Şeirləri və hekayələri ilk dəfə “ZiM.Az” və “Zirve.info” saytlarında, “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, daha sonra isə “Canım Azərbaycanım”, “Odlar Yurdu”, “Vətən”, “Turan”, “Buta”, “Ziya”, “Zirvə”, “Zirvəyə ucalanlar”, “Zəfər”, “Zəfəri qazananlar”, “Müəllimlərimiz”, “Heydər Zirvəsi”, “İlham çeşməsi”, “Şam işığı”, “20 Yanvar – Qan yaddaşı”, “Xocalı – əsrin faciəsi”, “Gənc istedadlar” və s. ədəbi məcmuələrdə dərc olunub.
“Borçalı” nəşriyyatı tərəfindən çap olunmuş “Dünya analarla gözəldir” (2025) və “Yaşıl qaşlı üzük” (2026) adlı iki kitabın müəllifidir.

Biz də Şəfa xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir hekayəsini dəyərli oxucularımıza təqdim edirik!..

Müşfiq BORÇALI,
ZiM.Az

 

İKİ MƏRTƏBƏLİ EV

(Hekayə)

 

Sərt qış. Gecə səhərə kimi yağan qar az qalsın bir metrə çatırdı. Ağ yorğanın altında qalan torpaq donmuş, küçələr buz bağlamışdı. Evlərin damından sallanan buz qılınca bənzəyirdi.

Qış tətilinə gələn Əsmər nənəsini doyunca görmək imkanı tapmışdı. Telli nənə də nəvəsinin gəlişinə çox sevinirdi. Yetmiş beş yaşı olan bu qadın çox ağır həyat yaşamışdı. Həyat yol­daşını tez itirmişdi. Tək övladı oğan oğlunu avtomobil qəzasın­da itirmişdi. Əsmər oğlunun yadigarı idi. Gəlini Əsməri qoya­raq ərə getmişdi. Telli nənə Əsməri bir dəstə gül kimi bəs­ləyərək böyütmüşdü. Ona yetim olduğunu hiss etməyə qoy­mamışdı. Əsmər məktəbi bitirdikdən sonra nənəsini tərk etməli oldu. Ali təhsil almaq üçün şəhərə getdi. Telli nənə tək yaşayır, Əsmərin gəlməsi üçün günləri sayırdı. Səbirlə nəvəsini göz­ləyir, yollara baxırdı. Axır vaxtlar nənənin səhhəti çox pozul­muşdu. Özünü pis hiss edir, ancaq Əsmərə heçnə demirdi. Telli nə­nə iki mərtəbəli evin demək olar ikinci mərtəbəsinə heç qalx­mırdı. Neçə vaxtlar idi yükə yığılmış yorğan-döşək baxım­sız qalmışdı. Böyük ev altı otaqdan ibarət idi. Böyük həyəti var idi. Həyətdə meyvə ağacları və gül kolları var idi. Gül kolları da neçə vaxt idi baxımsız qalmışdı. Telli nənə bu qışın onun üçün axırıncı qış olduğunu elə bil hiss edirdi. Nəvəsindən heç doymurdu. Elə hey onun üzünə baxırdı. Əsmər də əlindən gələn qədər nənəsinə qulluq edirdi. Ancaq yaş özünü göstərirdi. Tən­gi­nəfəslik qadını əldən salırdı. Öskürəyi kəsmir, dizlərin­dəki şiddətli ağrılar onu yatmağa qoymurdu. Ancaq nənə bütün bun­ları narahat olmasın deyə Əsmərə demirdi. Yüngül soyuq­dəymədir, keçib gedəcək deyirdi.

Tətil sona yetdi. Əsmər nənəsi ilə vidalaşaraq getdi. Ancaq o, bilmirdi ki, nənə ilə son görüşüdür. Nənə yaşlıda olsa Əsmər heç vaxt onun öləcəyini düşünmürdü. Elə bilirdi nənəsi onu tək qoyub gedə bilməz. Əsmər bu həyatın nə qədər amansız oldu­ğunu hələ bilmirdi.

Əsmər getdikdən on gün sonra nənənin ölüm xəbərini aldı. Əsmər yalnız bu gün yetim olmağını, tək qalmağını hiss etdi. Nə­nə­si üçün çox ağladı. Ancaq bu hönkürtülər heç nəyi dəyiş­mədi. Hava qaraldı. Nənəsini dəfn edən kənd sakinləri ikibir-üç­bir dağılışıb getdilər. Ən yaxın qonşular qaldı. Əsmər yas bitdikdən sonra qapıları qıfıllayıb çıxdı kənddən. Artıq onu kəndə bağlayan heç nə qalmamışdı. Böyük iki mərtəbəli ev boş qaldı. Telli nənənin həyat yoldaşı Kərim babanın min bir əziyyətlə tikdiyi ev indi dəyərsiz görünürdü. Bu evdən daha nə Telli nənənin səsi, nə də Əsmərin gülüşü eşidiləcəkdi.

Sərt qış öz yerini bahara vermişdi. Artıq havalar isinməyə baş­lamışdı. Əsmər kəndə gəlmişdi. Nənəsinin qəbrini ziyarət etməyə. Tək bir dəfə nənəsini yuxuda görmüşdü. Lakin bu yu­xunu yoza bilmədi. Bəlkə də əhəmiyyət vermədi. Əsmər yuxu­lara heç inanmazdı. Əsmər yuxuda gördü ki, böyük iki mər­təbəli evləri yanır. Telli nənə kənardan baxıb ağlayır. Əsmərsə kənarda dayanıb, yanında da bir oğlan var. Heç kim də köməyə gəlmir. Əsmər yuxudan oyanıb, əl-üzünü yudu. bir neçə gündən sonra yuxunu unutdu. Ancaq nənəsini hər gün xatırlayırdı.

Əsmər kənddə bir gün qaldı. Nənəsinin başdaşına söykənib hönkürtü ilə ağladı. Nənəsi kədərli gözləri ilə Əsmərə baxırdı. Sanki nəsə demək istəyirdi. Qəbirstanlıqdan çıxanda Əsmər dayanıb geri döndü. Bir də nənəsinə baxdı. Baxışları toqquşdu sanki. Əsmər kənddən şəhərə gəldi. Bir müddət sonra həyatı axarına düşmüşdü. Axırıncı krusda idi. Düşünürdü ki, oxuyub sonra işləyər. Öz həyatını qurar. Ən kəskin ehtiyaclarını qarşı­lamaq üçün pul qazanar. Öz yarını taparsa əlbəttə ailə qurar. Tək qaldığı üçün həyatdan əlini üzməməlidir. Çalışmalıdır və hamı kimi yaşamalıdır. Bunun üçünsə əlindən gələni etməlidir.

Əsmərin kirayə qaldığı həyətə bu gün bir ailə köçdü. Ata, ana vı iki balaca qızları. Sakit bir ailə idi. Kişi işləyirdi. Ana qızları ilə evdə olurdu. Sarıbəniz bu qadın sakit təbiətli biri idi. Danış­mağı sevməzdi. Qızları əksinə şən və dəcəl idilər. Həyət­də bü­tün günü qaçışırdılar. İki ay idi ki, artıq bir həyətdə yaşa­yır­dı­lar. Bu gün ailəyə deyəsən bir oğlan qonaq gəlmişdi. Üç gün son­­ra Əsmər yenə oğlanı həyətdə gördü. Orta boylu, dolu bə­dən­­li, qıvrım saçlı bir oğlan idi. Əsmərlə salamlaşdı və tez söh­bə­tə keçdi. Harda oxuduğunu, kim olacağını soruşdu. İstiqanlı oğ­landı, Əsmər düşündü. Yavaş-yavaş bir-birinə alış­ma­ğa baş­la­­­dılar. Bir gün Kənan ona təklif etdi ki, gəzməyə çıx­sınlar. Bir­­likdə xeyli dolaşdılar. Söhbət etdilər hər ikisi gələcək plan­la­­rın­dan danışdı. Axşam geri döndürlər. Səhəri gün Kənan get­di.

Əsmər hiss etdi ki, Kənan üçün darıxır. Təzəcə tanıdığı bu adam üçün darıxmaq? Çox qəribə idi. Əsmər bəlkə də tək-tənha qaldığı üçün bu boşluğu doldurmaq istəyirdi. Bir aydan sonra Kənan yenə gəldi. Artıq münasibətləri daha isti, daha yaxın idi. Əsmər deyəsən qəlbindəki boşluğu doldurmaq üçün tələsirdi. Kənan heç nəyə tələsməyən, zarafatçıl, hərəkətlərini yüz ölçüb bir biçən adam idi. Gözlərində hər adamın başa düşə bilmə­yəcəyi bir hiyləgərlik gizlənmişdi. Elə bil baxışlarından hərdən od çıxırdı.

Kənan hər gün Əsməri aparır, onu gözləyir dərsdən çıxandan sonra evə gətirirdi. Əsmər özünü necə xoşbəxt hiss edirdi ilahi! Kə­nan Əsmər haqqında hər şeyi bilirdi. Nənəsi, kənddə iki mərtəbəli ev və kimsəsiz olduğunu. Kənanın ilk hədəfi Əsmərin evini görmək, beynində bu evi neçiyə sata bilmək, nə qədər məbləğ edəcəyini hesablamaq idi.

Bir gün Kənan Əsmərə dedi ki, nənəsi yadına düşür, onu ziyarət etmək istəyirmi? Əsmər kövrəldi. Kənan dedi ki, həftə sonu onu apara bilər. Beləliklə qərara aldılar ki, kəndə getsin­lər. Sonra Kənan Əsmərə gələcək planlarından danışdı. Oxuyub qutaran kimi evlənərik. Bunun üçün bizə ev lazımdır. Kirayə qala bilmərik. Çünki uşaqlarımız olacaq. Dolanacaq üçün mən bir dükan açaram. Biz xoşbəxt, qayğısız yaşayarıq. Bütün bun­ları dinləmək necə də xoş idi. Kənan Əsməri özünə tam inan­dır­mışdı. Qız oğlana elə sədaqətlə bağlı idi ki.

Həftəsonu çatdı. Onlar Əsmərin doğulub boya-başa çatdığı kən­də gəldilər. Əvvəl nənəsini görmək istədi Əsmər. Sonra evlərinə gəldilər. Böyük həyət iki mərtəbəli ev Kənanın gözünü tutdu. Hər mərtəbədə üç otaq var idi. Otaqları çox böyük idi. Əşyalarda yaxşı qalmışdı. Kənan Əsmərə dedi ki, kimsə ya­şa­ma­dığı üçün gözəl ev əvvəl-axır uçub töküləcək. Baxımsız qa­lacaq. Onlarda kənddə yaşa bilməzlər. Çünki uşaqlarını şə­hərdə böyüdəcəklər. Ancaq bu evi satsalar puluna şəhərdən ev ala bilərlər. Onda tez evlənə də bilərlər. Əsmər xeyli fikir­ləşdi və razı olduğunu dedi. Kənan özü bu işlə məşğul olacağını söy­lə­di. Qoy Əsmər dərslərindən qalmasın. Birdən Əsmər gülüm­sədi söy­lədi ki, qoy Kənan şəhərdə bağçası olan bir ev alsın. Qoy uşaqları bütün günü güllü-çiçəkli bağçada oynasın­lar. Onlar da bağçada oturub pürrəngi çay içərək uşaq­lara bax­sınlar. Razılaşdılar və həmin gün şəhərə qayıtdılar.

Səhər Əsmər dərsə yollandı. Kənan vaxt itirmək istəmədi.. Çox az zaman içərisində evi satmağa nail oldu. Bir gün tələsik gəl­di və Əsmərə sənədlərə imza qoymağı xahiş etdi. Bir qəribəlik var idi Kənanda. Nə isə bir günah işləmiş görkəm al­mış­dı. Qohumlarına görünmədi. Sənədləri imzaladıb, tələsik çıxdı. Əsmər Kənanı yola salıb, dərslərini oxumağa başladı. Üç gün keçdi. Bir həftə keçdi. Sonra bir ay keçdi. Əsmər nə oldu­ğunu anlamadı. Kənanın yolunu gözləyirdi. Qohumların­dan Kə­nanı soruşdu. Onlar Kənanı xeyli vaxtdı görmədiklərini söy­lədilər. Və özləri də buradan köçəcəklərini dedilər. Bura onlar üçün həqiqətən də çox narahat idi. Söylədiklərinə görə iki, ya da üç otaqlı ev kirayələmək istiyirdilər. Əsmər onlara heç nə demədi. Fikirləşdi ki, münasib bir gün əhvalatı onlara danışar. On gün keçdi. Əsmər dərsdən gələndə Kənanın qohumlarının burdan köçdüyünü gördü. İndi o kimdən xəbər alacaqdı? Bəlkə onun başına bir iş gəlib? Görəsən Kənan haradadır, necədir? Bütün bu suallar cavabsız qalmışdı.

Əsmər kənddəki uzaq qohumlarına zəng etmək qərarına gəldi. Salamlaşıb, hal-əhval tutdu. Anasının uzaq qohumu olan Bəs­ti xala Əsmərdən evi nə üçün satdığını və pulu hara etdiyini soruşdu. Əsmər cavab verdi ki, şəhərdən bağçası olan kiçik bir ev alıb. Əsmər Bəsti xala ilə danışdıqdan sonra, qəribə oldu. Evin satıldığını başa düşdü. Bəs Kənan niyə yoxa çıxıb? Pulları hara edib? Görəsən kimə desin dərdini? Axı hər iş onun razılığı ilə olub. Bütün sənədlərə imza atıb. Əsmər harda səhv etdim deyə düşünür, deyəsən nə baş verdiyini qismən anlayırdı. An­caq inanmaq istəmirdi. Yox, Kənan gələcək. Biz evlənə­cə­yik. Biz uşaqlarımızla birlikdə bağçalı evdə yaşayacaq, birgə qo­calıb, saçlarımıza dən salacaq, nəvə-nəticə sahibi olacağıq. Axı necə ola bilər ki, Kənan onu tək qoysun. Axı necə ola bilər ki, Kənan onu bu zalım dünyanın əllərinə versin.

Yaz gəlmişdi. Bahar fəsli öz gözəlliklərini yenə gözlər önünə sərmişdi. Havalar isindikcə, insanlar da təbiətdə daha sıx görünməyə başlayır.Təkcə Əsmərdi bu bahardan zövq almayan. Maddi vəziyyəti də getdikcə çox pisləşirdi. Kirayə pulu yığılıb qalmışdı. Bu gün ev yiyəsi ona dedi ki, bir iş var qohumlarında. Öhdəsindən gələ bilərmi? Dərsdən sonra gedib işləsin. Onsuzda bu il ali təhsilini başa vurur. Kirayənin də pulunu ödəmiş olar­san. Özünə əyin-baş alarsan. Ciddi ehtiyacların yığılıb, belə deyib ev yiyəsi onun ayaqqabılarına baxdı. Əsmərin razılaş­maqdan başqa çarəsi yox idi.

Bazar günü ev yiyəsi Nərgiz xala onu özü ilə qohumları evinə apardı. Əsmər yalnız nağıllarda belə ev görmüşdü. Üç qatdan ibarət ev möhtəşəm görünüşü ilə adamı valeh edirdi. Evin xanımı xəstə idi. Xərçəngdən əziyyət çəkirdi. Evdə iki az yaşlı uşaq var idi. Ev sahibi Rəşad bəy evdə yox idi. İşdə idi yəqin ki. Əsmər dərsdən sonra uşaqlara baxmaqda xanıma kömək et­məli idi. Münasib məvacib də xoşa gələn idi.

Ertəsi gündən işə başladı. Ailəyə tez alışdı. Uşaqlar da onu sevdi. Rəşad bəy sübh tezdən evdən çıxır, axşam gəlirdi. Əs­mər­ də günorta gəlir axşam evə dönürdü. Az zamanda böyük etimad qazanmışdı.

Rəşad bəy ciddi, ailəcanlı, uzaqgörən bir adam idi. İşgü­zarlığı ilə ad qazanmışdı. Bu xüsusiyyətləri onun sərvətinə sər­vət qatırdı.Yetəri qədər mal-mülk sahibi olan Rəşad bəy xanı­mının da qayğısını çəkir, onun bütün arzularını yerinə yetirirdi. Əs­mərdən də razı idi. Əsmərin başına gələn əhvalatları da arva­dın­dan eşitmişdi. Xanımı Leyla zərif, gözəl, məlum xəstəliklə mübarizə aparmaqdan yorulan, bunlara rəğmən həyatı sevən biri idi.

Bütün mücadilələrə baxmayaraq Leyla xanımı itirdilər. Açılan səhər körpələrə “yetim” damğası vurdu. Acımadan, xif­fət çəkmədən! Həkimlərin bütün səyləri puça getdi. Leyla öz hə­ya­tını uşaqlarına və ərinə bağışladı.

Yas mərasimi təntənə ilə keçdi. Ehsanlar verildi. Baş daşın­dan baxan qəmli gözlər bu gün ölümün qırxıncı gününü qarşı­ladı.

Əsmər çəkinərək Rəşad bəyə yaxınlaşdı. Daha bu evə gələ bilməyəcəyini dedi. Körpələr onun gedəcəyini bilib ağlamağa başladılar. Rəşad bəy yalnız bir kəlmə söylədi. Qərarını vic­danına buraxıram. Özün söylə kim isə səni belə dar ayaqda qo­yub getsə idi neyləyərdin?

Rəşad bəy axşam evə dönəndə mətbəxdə Əsmərin uçaqlara çay verdiyini gördü.

Leylanın ölümündən sonra Rəşad bəyin anası onlara köçmüş­dü. Yaşına görə cavan qalan bu qadın mehriban idi. Gəlininin ölümündən çox pis olmuşdu. Çox ağlayırdı. Ancaq nə etmək olar? Həyat çox amansız, qəddar, güzəştə getməyəndir.

Əsmər təhsilini başa vurmuşdu. Ona evdə otaq da ayırmış­dı­lar. Artıq burada yaşayırdı. İsrar və təkidlərə davam gətir­məyən qız buraya köçdü. Evin bir üzvünə çevrilmişdi. Qay­ğılardan uzaq yaşayırdı. Kənanı unutmuşdu.

Bir il bitəcəkdi Əsmər burada idi. Rəşad bəyin ara-sıra nəzər­lərini üzərində hiss edirdi. Nəsə anlamışdı. Özünü qəribə hiss edirdi. Uşaqlara çox bağlanmışdı. Buradan getmək istəmir­di. Rəşad bəyin qəfil edəcəyi hər hansı təklifə də deyəsən hazır idi. Xeyli müddət keçdi. Əsmərin hiss etdikləri baş verdi. Rəşad bəy ona evlənmək təklif etdi. Bunun səbəbləri çox idi. Əvvala artıq Rəşad bəy uşaqlarından çox arxayın idi. Həm Əsməri çox bəyənirdi. Anası da bu izdivaca razı idi. Əsmər də çox düşün­mədi. Bu isti yuvaya “yox” demək iqtidarında deyildi. Heç yox deməyə səbəb də yox idi.

Evləndilər. Kiçik bir qonaqlıq oldu.

Əsmər xoşbəxt idi. Hər şey yolunda idi.

Bir ildən sonra Əsmər ana oldu. Onun qızı dünyaya gəldi. Əsməri bir daha xoşbəxt etdi. Əsmər qızına nənəsinin adını vermişdi. Balaca Telli eyni ilə bacısına bənzəyirdi. Qoy balaca Telli böyüsün, gəzsin. Əsmər onu kənddə aparacaq. Nənəsinin qəbrini ona göstərəcək. Özü də nənəsinin ona baxdığı kimi ba­xacaq körpəsinə.

Böyük çarpayıda Əsmər üç uşaq ilə uzanmışdı. Gözlərini tava­na zilləyərək düşünürdü. Bütün çətinliklərə, həyatın in­sanlara yaşatdıqlarına rəğmən yenə insan xoşbəxt ola bilərmiş!

Əsmər həyata minnətdar idi. Çünki o xoşbəxt idi.

ŞƏFA İBRAHİM,
ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir