100 illik Yubleyi tamam olan, oxucuların ürəyində dərin iz salmış pedaqoq-şair Asim Sevdalını (Qazıyevi) bir az yaxında tanıyaq və onu sevənlərinə yaxından tanıdaq…
“Mən Babəkin qılıncıyam,
Koroğlunun qalasıyam,
Azərbaycan balasıyam…”
Asim Sevsalı Qazıyev.
Mənim Asim İsa Çələbi oğlu Qazıyevlə həyatda heç bir şəxsi tanışlığım olmayıb. Amma onu qiyabi olaraq, ədəbi-bədii yaradıcılığından tanımışam. Buna baxmayaraq onun poeziya yaradıcılığı ilə, onun kitabları ilə, yazdığı şeirləri ilə ara-sıra maraqlanmışam və onun yaradıcılığına dərindən bələd olmaq haqqında bir neçə araşdırma apararaq, haqqında rəy yazmaq fikrimdən keçdi və onun həm bədii yaradıcılığı, həm də həyat tərcümeyi-halına nəzər yetirmək qərarına gəldim.
Asim Qazıyev 1926-cı il may ayının 10-da Samux rayonunda anadan olub. O, yeddillik təhsildən sonra Gəncə Tibb məktəbini qırmızı diplomla bitib. 1946-1950-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoj İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) dil-ədəbiyyat fakültəsində təhsil alıb. Uzun müddət Bərdə rayon təhsil sistemində çalışıb. Qabaqcıl məktəb direktoru, pedaqoq, el ağsaqqalı, şair kimi tanınıb. 1960-cı ildə Təhsil nazirliyinin “Qabaqcıl Maarif Xadimi” fəxri adına layiq görülüb.
Asim Qazıyev bədii yaradıcılıqla çox erkən yaşlarından məşğul olub, 14 yaşından şeir yazmağa başlayıb. Özünə “Sevdalı” təxəllüsü götürüb. Tələbəlik illərində İnstitutunun “Ədəbiyyat” dərnəyinə rəhbərlik edib.
Azərbaycanın Yazıçılar İttifaqının Gəncə filialının ən gənc, istedadlı, tanınmış, şair üzvlərindən biri olub.
“Mənim yurdum” adlı ilk şeiri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap edilib. Sonralar dövri mətbuatda şeirləri və məqalələri işıq üzü görüb. 1996-cı ildə isə “Qələmin qüdrəti yaz deyir mənə” adlı şeirlər kitabı işıq üzü görərək oxucuların ixtiyarına verilib.
Asim Qazıyev 1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə qurub. Onların bir oğlu, üç qızları var.
Şərəfli bir ömür yaşayan Asim Qazıyev 1999-cu il fevralın 19-da, ömür-gün yoldaşı Fəridə xanım isə 2004-cü il noyabr ayının 23-də vəfat edib.
Hər ikisi Gəncədə “Səbzikar ” qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin.
***
Asim Qazıyevin ədəbi-bədii yaradıcılığı o qədər zəngin və dərin mənalıdır ki, hər zaman oxucuları tərəfindən sevilə-sevilə oxunur.
Onun şeirləri bir çox çeşidli antologiyalarda, almanaxlarda, ədəbi-bədii məcmuələrdə dərc olunub, müxtəlif mətbuat orqanlarında, bir sıra qəzet və jurnallarda işıqüzü görüb və müxtəlif saytlərdə yayınlanıb. Elə bu yaxınlarda “Borçalı” və “Yurd” nəşriyyatlarında dərc olunan bir çox almanaxlarda və ədəbi-bədii məcmuələrdə də çap olunub, oxucular tərəfindən böyük maraqla qarşılanıb. Onu da qeyd edək ki, Asim Qazıyev haqqında tanınmış ziyalılarımız tərəfindən yazılmış məqalələr də dərc olunaraq oxucuların ixtiyarına verilmişdir.
Ümumiyyətlə, Asim Qazıyev yaradıcılığına nəzər yetirdikdə şeirlərində vətənpərvərlik mövzusunun geniş yer alması diqqəti cəlb edir.
Asim Qazıyev Şərq şairi olması, Şərq nəzm ənənələrindən kökləndiyi aydın gözə çarpır.
Heç də təəccüblü deyil ki, Asim Qazıyevin yaradıcılığını nəhəng ustadların yaradıcılığı ilə müqayisə edirik. Hər bir qələm əhlinin özünə məxsus öz dəstixətti olduğu kimi, Asim Qazıyevin də öz poetik ustalığı və öz dəstixətti var. Onun şeirlərinin diqqət çəkən olmasının sirri ondan irəli gəlir ki, burada eyni zamanda həm Şərq, həm də Qərb poeziyasının motivləri cəmlənmişdir. Bir-birindən gözəl və diqqət çəkən incəlikləri bədii ədəbiyyatda öz əksini tapmışdır.
Əziz oxucular, özünəməxsus qələm sahibi olan çox istedadlı pedaqoq-şair Asim Qazıyevin bir neçə şeirlərini aşağıda sizlərin nəzərinə çatdırmaq istəyirəm.
Allah Asim Sevdalıya rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.
MƏLAHƏT SAHIBQIZI
AYB-nin, AJB-nin, İrak Kərkük YB-nin, Turan Ədəbiyyatı Yazarlar Birliyinin və idarə heyətinin üzvü, Turan xalq şairi, Prezident təqaüdçüsü, “Abdulla Şaiq”, “Xurşidbanu Natəvan”, “Zirvə” və “Qızıl qələm” media mükafatları laureatı, bir sıra fəxri diplomlar və medallar mükafatçısı
AZƏRBAYCAN BALASIYAM
Könlüm sözlü, istəyim çox, qoşa gözüm bol nurludur,
Keçən günüm ibrət dolu, idtiqbalım uğurludur.
Bu baharlı, odlu torpaq gözəl qızlı-oğulludur,
Mən Babəkin qılıncıyam, Koroğlunun qalasıyam,
Azərbaycan balasıyam.
Dumanlardan, tufanlardan qoruyuram insanları,
Yaşadıram yaxşıları, danlayıram yamanları,
Gözləyirəm, qabaqdadır gənc ömrümün xoş anları,
Bu dünyadan kam götürüb, min bir ləzzət alasıyam,
Azərbaycan balasıyam.
Söz söyləyən şirin diləm, nəğmə deyən incə sinəm,
Məhəbbətlə, həqiqətlə dolub mənim geniş sinəm,
Mən hünərəm, mən zəfərəm, mən insanam, mən Asiməm,
Azərbaycan balasıyam..!
MƏNİM YURDUM
Mən sevmişəm əzəl gündən bu diyarı,
Odur mənim taleyimin ilk baharı.
O bəsləyib qucağında dostu-yarı,
Ana kimi mehribandır mənim yurdum.!
Bir sevimli, əziz candır, mənim yurdum.!
Burda gördüm hər cəlalı, hər neməti,
Burda gördüm qardaşlığı, sədaqəti,
Tükənməzdir etibarı, məhəbbəti,
Səadətin qucağıdır mənim yurdum.!
Böyük sənət ocağıdır, mənim yurdum.!
Sərin mehli, saf çeşməli dağları var,
Şirin barlı, əlvan güllü bağları var,
Ömrümüzün nəşə dolu çağları var,
Nə gözəldir, səfalıdır, mənim yurdum.!
Vəfadara vəfalıdır, mənim yurdum.!
Şirin olur hər zəhmətin öz meyvəsi,
Keçən günün qalır ölməz xatirəsi,
Əlimizdə vardır hünər piyaləsi,
Baxır bizə, fərəhlənir, mənim yurdum.!
Gündən-günə çiçəklənir, mənim yurdum.!
Gedir xalqım şanlı, böyük istiqbala,
Bir məqsəddir işıq verən hər kamala,
Qanad verir hər duyğuya, hər xəyala,
Şən könüllər məskənidir, mənim yurdum.!
İgidlərin vətənidir, mənim yurdum.!
1947-ci il
DÜNYA
Kiminə bal verir, kiminə zəhər,
Qəlbə görə versin qisməti dünya.
Dosta sevinc verir, düşmənə qəhər,
Ədalətlə qoyur qiyməti dünya.
Biri unudulur, düşməyir yada,
Biri şərəf-şöhrət gətirir ada.
Yaxşılar ömrünü verməyir bada,
Hörmətlə qarşılar hörməti dünya.
Cavanlıq əlvida deməyir, balam,
Qocalıq gələndə verməyir salam.
Gərək qan-tər tökəm, mən özüm alam,
Zəhmətlə bəxş edir sərvəti, dünya.
Məhəbbətim nurlu, təravətlidir,
Ürəyim mehriban, sədaqətlidir.
Torpağım nemətli, səxavətlidir,
Bizə heç qoymayır minnəti, dünya.
Günəş əsirgəmir öz işığını,
Könüllərə salır söz işığını.
İtirməz qüdrətli göz işığını,
İnsana pay verib qüdrəti, dünya.
MƏNƏ BELƏ DEYİR
Mənə belə deyir hissim, düşüncəm,
Ya yaşama, ya da yaşa hörmətlə.
Öz gücünü, öz ağlını elə cəm,
Çörək yemə, su içmə sən minnətlə.
Yamanlığın arxasınca daş at sən,
El yolunda ver canını, baş at sən.
Öz əslini, öz nəslini yaşat sən,
Baban kimi, Atan kimi şöhrətlə.
Sən qulaq as saf vicdana, ürəyə,
Ələ əl ver, kürək söykə kürəyə.
Vəfalı ol məhəbbətlə, çörəyə,
Öz süfrəni bizə halal nemətlə.
Suallıdır, sorğuludur bu dövran,
Əvvəldə də axırda da var insan.
Alov saçsın, qoy yandırsın hər zaman,
Rəğbətin də,nifrətin də şiddətlə.
Köməyimdir öz əməyim, öz əlim,
İstəmişəm hər an üzü ağ gəlim.
Bir az şair, bir az oldum müəllim,
Ömrüm boyu yaşamışam sənətlə.
ZiM.Az
.




































































































Bir cavab yazın