Ölkənin milli təhlükəsizliyinin təmin olunması dinamik inkişafın mühüm şərtidir » Zirvə.info

Ölkənin milli təhlükəsizliyinin təmin olunması dinamik inkişafın mühüm şərtidir Azərbaycanın milli təhlükəsizlik orqanlarının keçdiyi çətin, eyni zamanda, şərəfli və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşdan asılı olmayaraq bütün zamanlarda təhlükəsizlik orqanlarının fəaliyyəti daim gərəkli olmuşdur. Müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan milli təhlükəsizlik orqanlarının iştirakı ilə keçirilən belə tədbirlər bu baxımdan yalnız orqanın işçiləri üçün deyil, bütün ictimaiyyətimiz üçün, gənclər üçün də əlamətdardır. Belə ki, təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı sipəridir, xalqın, dövlətin və hər bir fərdin təhlükəsizliyini təmin edir. Müstəqilliyini bərpa etməsindən cəmi iyirmi səkkiz il keçməsinə baxmayaraq, Azərbaycanın təcrübəsi sübut edir ki, milli maraqların qorunması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə təhdidlərin qarşısının qətiyyətlə alınması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Müstəqilliyimizlə bərabər böyüyən və inkişaf edən Azərbaycan milli təhlükəsizlik orqanları 100 illik şanlı tarixə malikdir.

XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmət-lərinin yaradılması zərurətini doğururdu. Ölkənin xaricdən işğal qarşısında qalması təhlükəsizlik aspektlərinə xüsusi diqqət yetirməyi tələb edirdi. 1919-cu il martın 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bundan sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü.

Ölkənin milli təhlükəsizliyinin təmin olunması dinamik inkişafın mühüm şərtidir Təsadüfi deyil ki,
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycan-lılara qarşı soyqırımı siyasətinin, həmçinin ölkə daxilində müxtəlif xarakterli təxribatların qarşısının alınması ilə başlamışdı. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək işlərini davam etdirmək mümkün olmadı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikanın digər dövlət strukturları kimi, təhlükəsizlik sisteminin də fəaliyyəti sovet ideologiyasının tələblərinə uyğun formalaşdırılmış, bütövlükdə Sovet İttifaqının maraqlarına xidmət etmişdi. Azərbaycanın müstəqilliyi, milli təhlükəsizliyi haqqında düşünənlər təqib olunur, gedər-gəlməzə göndərilirdi. 1920-30-cu illərdə kimin evindən quran çıxırdısa ona panislamist, kimin evindən Türkiyəyə aid kitab tapılırdısa ona pantürkist damğası vurulurdu. Qabaqcıl ziyalılar repressiya olunurdular. Ölkədə bir NKVD xofu var idi. Vətənimizi erməni təcəvüzündən qoruyan Sultan bəy, Xosrov bəy qardaşları, milli ruhlu vətənpərvər ziyalılarımız olan H.Cavid, Ə.Cavad və başqaları ölkədən didərgin salınmış və yaxud repressiyanın qurbanı olmuşlar. Bir qrup gənc yazarlarımız canlarını repressiya tüğyanından xilas etmək naminə məddahçılıq edir və yaxud da bu yola məcbur edilirdilər. Qabaqcıl ziyalılar əvvəlcə gözdən salınır, sonra isə repressiya olunurdular.
Sonrakı illərdə təhlükəsizlik orqanlarında cəsarətli və ədalətli milli kadrların sayı tədricən artmağa başladı. Azərbaycanın təhlükəsizlik orqanlarında belə şəxslər sırasında xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə qeyd olunmalıdır. Belə ki, respublika təhlükəsizlik ­orqanlarında milli mənafelərə xidmət strategiyasının əsası ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradılmışdı. Həmin illərdə gələcək milli xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanmışdır.
Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına imkan vermişdir. Tədricən tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış insanların hüquqi və mənəvi bəraət alması istiqamətində məqsəd-yönlü işlər görülməsinə başlandı. İftixar doğuran haldır ki, bu prosesdə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanları sıralarında öz xalqına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Sıravi əməkdaşdan DTK-nın sədri vəzifəsinə və general rütbəsinə yüksəlmiş Heydər Əliyevin xalq və Vətən qarşısında ən misilsiz xidmətlərindən biri, Azərbaycan xalqının milli genofondunu, milli-mədəni irsini xilas etməyə, onu qoruyub saxlamağa çalışması və bütövlükdə buna nail olmasıdır.
Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Bu dövrdə respublika dövlət təhlükəsizlik orqanları milli kadrlar hesabına formalaşmağa və möhkəmlənməyə başlayıb. Heç kəsə sirr deyil ki, həmin dövrə qədər bu orqanlarda əməkdaşların 80-90 faizini başqa millətlərin təmsilçiləri təşkil edirdi. Bu səlahiyyətli orqanda özlərinə “isti yuva” salmış ermənilər, daşnak tör-töküntüləri milli genofondumuzu məhv etmək üçün dəridən-qabıqdan çıxırdılar. Məhz Heydər Əliyev bunların qarşısını qətiyyətlə aldı, çox məharət və ustalıqla təmizləmə prosesini həyata keçirdi. Həmin dövrdə təhlükəsizliyin təminatında respublikamızın və xalqımızın maraqlarının ön plana çəkilməsi, qorunması və milli özünüdərkin dirçəldilməsi məqsədilə və ümumən Azərbaycanın gələcəyinə hesablanmış mühüm tədbirlər həyata keçirilmişdir.
Milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc əməkdaşların keçmiş SSRİ-nin xüsusi təyinatlı təhsil müəssisələrinə göndərilməsi, ümumiyyətlə, milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə də Heydər Əliyevin bu sahədəki ölçüyəgəlməz və milli hisslərə söykənən fəaliyyəti daim böyük ehtiramla xatırlanacaq, onun peşəkarlıq məktəbindən bəhrələniləcəkdir.
Heydər Əliyev hələ sovetlər dövründə bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi. 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvətxorluğa və korrupsiyaya qarşı qəti və prinsipial mübarizəyə başladı və qısa müddətdə bunun müsbət nəticələri hər bir insanın həyatında özünü göstərdi. Azərbaycanda möhkəm nizam-intizam, qayda-qanun yaradıldı. Heydər Əliyevin “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsi nəinki respublikamızda və bütün ittifaq məkanında, eləcə də xaricdə böyük əks-səda doğurdu. Bu məqalədə Heydər Əliyev ilk şəxsiyyətlərdən və rəhbərlərdən idi ki, sistemin və cəmiyyətin nöqsanları, korrupsiya haqqında və rəhbər şəxslərin mənəvi prinsipləri qorumağa və müdafiə etməyə borclu olması barədə açıq və geniş danışmışdı.
Xalq şairi Bəxtiyar Vahabzadə Gülüstan poemasına görə təqib olunanda, onu gizli qüvvə qoruyurdu. Sonralar məlum olmuşdu ki, bu, Heydər Əliyev imiş. BDU-da fəaliyyət göstərən “Gənc tələbə təşkilatı”nın üzvlərini də, Əbülfəz Əliyev daxil olmaqla xilas edən Heydər Əliyev olmuşdur. Əgər 20-30-cu illərdə yaradıcı ziyalılar təqib olunurdusa, bu təşkilatlar repressiyaya xidmət edirdisə, 1970-ci illərdə Heydər Əliyev özü bu yaradıcı təşkilatlara istiqamət verirdi. O, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili səviyyəsində Konstitusiyamızın 73-cü maddəsində təsbit olunmasına nail olmuşdur.
1990-cı illərdə əzəli və əbədi Azərbaycan torpağı Qarabağda qəsbkarlara qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək məqsədilə könüllülük əsasında Milli Təhlükə- sizlik Nazirliyinin əməkdaşlarından ibarət xüsusi təyinatlı dəstə yaradıldı. Dəstənin bir çox üzvləri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, orden, medal və mükafatlara layiq görüldülər. Lakin 1991-1993-cü illərdə ölkə həyatının digər sahələrində olduğu kimi, təhlükəsizlik məsələlərində də ciddi problemlər, boşluqlar yaranmışdı. Pozucu qüvvələr ölkədə milli-etnik münasibətləri süni şəkildə ­qızışdı-rmağa çalışır, separatizmin və ekstremizmin müxtəlif formalarda təzahür etməsinə rəvac verirdilər. Komsomol təşkilatı buraxılmış, gənclər başsız qalmışdılar.
Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər.
Ümummilli lider Heydər Əliyev 25 ildən artıq Azərbaycan təhlükəsizlik orqanlarında çalışmış və bu quruma rəhbərlik etmişdir. Ulu öndərin xüsusi xidmət orqanlarının formalaşmasında və inkişafındakı rolu misilsiz olmuşdur. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra göstərdiyi diqqət və qayğı sayəsində Milli Təhlükəsizlik Nazirliyinin işi yenidən qurulmuş və ölkənin milli təhlükəsizliyini təmin etmək kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetirən bu strukturun möhkəmlənməsi dövlətin qarşısında dayanan ən mühüm vəzifələrdən biri kimi dəyərləndirilmişdir. Azərbaycan xalqına qarşı yönəlmiş qüvvələrlə mübarizənin ön sıralarında dayanan təhlükəsizlik orqanları bu illərdə daha uğurlu əməliyyatlar həyata keçirmişdir. Ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin qarşısı alınmışdır. Aparılan uğurlu əməliyyatlar nəticəsində beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan bir sıra silahlı birləşmələr və ekstremist qruplar zərərsizləşdirilmişdir.
Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli “Azərbaycan Respub-likasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” sərəncamı xüsusi xidmət orqanlarının müstəqil dövlətçiliyimiz qarşısındakı xidmətlərinə göstərilən böyük etimadın təcəssümü idi. Bu sərəncamla hər il mart ayının 28-i ölkəmizdə milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək, onun müstəqilliyini əbədiləşdirmək və təhlükəsizliyini etibarlı təmin etmək üçün təxirə salınmadan xalqımıza və dövlətçiliyimizə son dərəcə sədaqətli, vətənpərvər, sağlam milli düşüncəyə, yüksək mənəvi-əxlaqi keyfiyyət-lərə, geniş dünyagörüşünə və əməliyyat səriştəsinə malik milli kadr potensialı yetişdirmək lazımdır. Məhz bu əsas amilləri nəzərə alaraq Heydər Əliyev Azərbaycanın milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli milli zabit kadrları ilə təmin etmək üçün 1 dekabr 1998-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi haqqında sərəncam imzaladı.
Müvafiq formalaşma və inkişaf prosesi nəticəsində hazırda milli təhlükəsizlik orqanları kəşfiyyat və əks-kəşfiyyat, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bir dövlət orqanı səviyyəsinə yüksəlib. Həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının suverenliyi və təhlükəsizliyinə qarşı casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən bir qrup şəxs ifşa olunmuşdur. Azərbaycan daim erməni separatçılığının və terrorunun fəsadları ilə üzləşmiş, çox böyük qurbanlar vermişdir. Erməni terrorçuluğu nəinki Azərbaycanın milli maraqlarını, eləcə də regional və beynəlxalq təhlükəsizliyi təhdid edir.
Təkcə 1988-1994-cü illər ərzində ermənilər tərəfindən nəqliyyat və kom-munikasiya obyektlərində 373 terror aktı törədilmiş, nəticədə respublikamızın 2000-dən artıq dinc sakini həlak olmuşdur, minlərlə insan əlil qalmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil edir. 2004-cü ildə əcnəbi vətəndaşların iştirakı ilə terror aksiyaları planlaşdıran, həmçinin terrorçu qadın-kamikadzelər hazırlayan dəstələrin fəaliyyətinin qarşısı cinayətə hazırlıq mərhələsində alınmışdır. 2006-cı ilin avqustunda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın dövlət orqanlarında və strateji obyektlərində, habelə izdihamlı, xüsusən, xarici vətəndaşların kompakt işlədikləri və yaşadıqları yerlərdə silsilə terror aksiyaları həyata keçirməyi və bu işdə “kamikadze” qadınlardan istifadə etməyi planlaşdıran ekstremist əhval-ruhiyyəli cinayətkar qrup zərərsizləşdirilmişdir. Həmçinin, 2004-cü ilin oktyabrında beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan, xarici vətəndaşlardan ibarət “Munir qrupu” adlı daha bir təhlükəli cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilmişdir. Mətbuatdan da məlum olduğu kimi, 2005-ci ilin ortalarında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində respublikada bir sıra terrorçuluq aksiyaları təşkil etmək və təxribat-pozuculuq fəaliyyəti aparmaq niyyətində olan daha bir cinayətkar qrup – “Camaat əl Muvahhidun” ifşa olunaraq zərərsizləşdirilmişdir.
Ölkəmizdə keçirilən “Eurovizion-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın bütün hüquq-mühafizə orqanlarının xüsusi plan əsasında məqsədyönlü və əlaqəli şəkildə gördüyü tədbirlər bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terrorçuluq niyyətlərinin qarşısını alınmasına imkan verib. Narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan ticarəti, transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə milli təhlükəsizlik orqanlarının mühüm fəaliyyət istiqamətlərindəndir.

Son dövrlər dünyada cərəyan edən proseslər, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, terrorçuluq, müxtəlif radikal meyillərlə üzləşmək təhlükəsi bizdən hərtərəfli diqqətli olmağı tələb edir. Bütün bunlar bizi malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı ­qorumağa səfərbər etməlidir. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onlardan asılı olduğunu bir an belə unutmamalıdırlar.
Bu gün dövlət başçısı cənab ­İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ­Azərbaycanın gələcəyinə hesablanmış çoxsaylı layihələr və ideyalar həyata keçirilir. Bunların böyük əksəriyyəti məhz gənclərlə bağlıdır. Çünki gənclik böyük yaradıcı qüvvə olmaqla, sabaha, inkişafa və tərəqqiyə istiqamətlənmişdir.

Müstəqil Azərbaycan dövləti ulu öndərimizin layiqli davamçısı ölkə ­Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində mühüm uğurlara imza atır. Son illərin faktiki göstəriciləri, xalqın rihaf halının daha da yüksəlməsi bunu əyani şəkildə təsdiqləyir. Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Odur ki, indiki mərhələdə təhlükəsizlik məsələləri ölkəmiz üçün daha mühüm əhəmiyyət kəsb edir.


Şikar QASIMOV,
Azərbaycan Texniki Universiteti ictimai fənlər kafedrasının müdiri,
tarix elmləri doktoru, professor,

Qafar CƏBİYEV,
tarix elmləri doktoru

ZiM.Az

.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir