Fransa portalı: Ermənistan azad edilmiş ərazilərdəki minaların xəritəsini Azərbaycana verməkdən imtina edir
Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın “Bayden, Makron və Qarabağın minalanmış ərazilərinin xəritəsi…” sərlövhəli məqaləsi Fransanın “musulmansenfrance.fr” xəbər portalında yayımlanıb.
Məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Qarabagda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək təhvil verilməməsi faktına diqqət çəkilir, aprelin 24-də ABŞ prezidenti Co Baydenin genosid aciqlaması və Fransa prezidenti Emmanuel Makronun həmin tarixdə ermənilərə öz Tvitter səhifəsində verdiyi dəstəyə toxunulur, həmçinin Ermənistanin minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququ pozmaları qeyd olunur.
Müəllif Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefon zəngini və ABŞ prezidentinin çıxışını tarixi bir səhv adlandırdığını xatırladaraq Vaşinqton bəyannaməsinə etiraz edən və Türkiyəyə dəstək verən ilk ölkənin Azərbaycan olduğunu bildirir.
Müəllif bildirir ki, Azərbaycan çoxsaylı erməni hücumlarına məruz qalıb. 1988-ci ilin fevralından 1994-cü ilin mayına qədər Azərbaycan ərazisinin cənub-qərbində yerləşən Qarabağda baş verən Birinci Qarabağ müharibəsinin Ermənistan dövlətinin irredentist hərəkətlərinin nəticəsi olduğunu deyir. 27 sentyabr 2020-ci ildə hərbi əməliyyatların yenidən başlaması beynəlxalq qurumların diqqətsizliyini tamamilə nümayiş etdirdiyini vurğulayan jurnalist, nəhayət, Azərbaycan ordusunun 44 günlük müharibədəki qələbəsindən sonra 10 noyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin bitməsinə yönəlmiş üçtərəfli atəşkəs sazişinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinian tərəfindən imzalandığına diqqət çəkir.
Müəllif vurğulayır ki, müharibədən bir neçə ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. 2020-ci ilin noyabrından bu yana Qarabağda mina partlaması nəticəsində 20 azərbaycanlı mülki və hərbçi həlak olub, 85 nəfər yaralanıb. Bu münasibət müharibə cinayəti kimi dəyərləndirilməlidir.
Sonda jurnalist Ermənistanın 12 Avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu ciddi şəkildə pozduğunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını pozduğunu qeyd edir. Bildirilir ki, Konvensiyaya görə, münaqişə tərəfləri müharibə bitdikdən sonra minalardan təmizlənmiş ərazilərin xəritələrini təqdim etməyi və piyada əleyhinə minalardan istifadə etməməyi öhdələrinə götürürlər.
Sözügedən məqaləni aşağıdakı linkdən oxumaq olar:
ZiM.Az
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Bir cavab yazın