Ağ buludlar uşaqlığımızın ağ nağıllarıdır…
Sosial şəbəkələrin birində Allahverdi Təkləlinin “Buludun üstündə qaçan uşaq” kitabı haqqında yazını oxudum. Kitabın adı ruhumu ağ buludlu uşaqlıq illərimə, ağ buludlar üzərində qaçdığım çağlarıma apardı. Xəyallarım ağ buludlara hopub üfüqlərdən-üfüqlərə axmağa başladı. Əzizlərim, gəlin etiraf edək ki, səmada gah qoca, gah cavan, gah fil, gah qarışqa, gah mələk, gah iblis… şəklinə düşən ağ buludlar hər birimizin xəyallarının yaraşığı, xatirələrinin qan qardaşı, duyğularımızın adaşıdır.
Hələ poeziyasının tamına baxmadığım halda təkcə “Buludun üstündə qaçan uşaq” adı məndə bir roman, bir poema, bir mükəmməl əsər təsəvvürü formalaşdırdı. Nə olursa olsun kitabı əldə edib mütaliə etmək həvəsinə gəldim.
Əvvəlcə müəllif haqqında sorağa düşdüm. Məlum oldu ki, kitabın müəllifi Gürcüstanda yaşayır. Yolların bağlı olması, məsafənin uzaqlığı arzularımın yollarına kölgə saldı, ümidlərimi bir qədər soyutdu. İstəyim barədə gənc folklorçu və bəstəkar dostum Elnur Baxışa danışdım. Azərbaycan Aşıqlar, Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü kimi geniş əlaqələrə malik bir şəxs olaraq Elnur Baxışın Türk dünyasında yaradıcı adamların, demək olar ki, hamısı ilə təmas qurmaq səriştəsi vardır.
Elnur Baxışın bələdçiliyi ilə müəlliflə qısa tanışlıq:
Allahverdi Təkləli (Allahverdi Salman oğlu Əhmədov) 1957-ci ildə Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunun Qaratəklə kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində, ali təhsilini isə Moskvada Maksim Qorki adına ədəbiyyat İnstitutunda almışdır. Şeirləri ilk dəfə “Ədəbiyyat və incəsənət” qəzetində şap olunmuşdur.
“Göbələk çətiri” adlı poetik toplunun, gürcü ədəbiyyatından Besik Xaranaulinin “Xoşbəxtlik anı” və Bağater Arabulinin “Gündüz yuxuları” tərcümə kitablarının müəllifidir.
Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin sədri və Gürcüstan Yazıçılar Birliyi və Gürcüstan yazıçılar Birliyinin Azərbaycan bölməsinin müştərək orqanı olan “Sxivi – Şəfəq” adlı” jurnalın redaktorudur.
Xeyli cəhdlərdən və müəyyən mərhələlərdən keçərək üzünü görmədiyim, şəxsən tanış olmadığım halda müəllifdən avtoqraflı bir kitab ərməğanı aldım.
Kitaba filologiya elmləri doktoru, professor Rüstəm Kamal “Etnik yaddaşımızın və sözümüzün sehri” ünvanlı “Ön söz” yazmışdır. Bu ön sözdə dəyərli alimimiz tərəfindən Allahverdi Təkləli poeziyasına güzgü tutularaq hər bir bəndinə, şeirinə, ümumiyyətlə, kitaba yetkin və mükəmməl əsər səviyyəsində təhlil verilmişdir.
Bir oxucu olaraq Allahverdi Təkləli yaradıcılığı ilə tanış olmaq məqsədi ilə buludun üstündə qaçan uşağa çevrilib “Buludun üstündə qaçan uşaq” kitabının ağ buludlarının üstü ilə səyahətə çıxıram.
Xəyallar üfüqümdə ağ buludlar lopa-lopa, dəstə-dəstə, dalğa-dalğa, karvan-karvan axmaqda davam edir. Allahverdi Təhləli orijinal deyim tərzinə malik bir sənətkar kimi zövqümə sərin bir ətir bəxş elədi. Onun bədii təsvir vasitələri orijinaldır, zərifdir, incədir, ulduzumuz kimi səkkizbucaqlıdır. Allahverdi Təhləli yaradıcılığı Azərbaycan poeziyasının incəlikləri ilə dolu olan Azərbaycan şairidir. O, sözü söz səviyyəsində təsvir, təqdir, təqlid, təqdim edən şairdir. Bir oxucu olaraq mənə elə gəldi ki, Allahverdi Təhləli sözün şəklini sözlə çəkir, sözün heykəlini sözlə yonur, sözü söz rəngində, söz səsində, söz formasında, söz libasında, söz çəkisində, söz salğarında, söz sahmanında təqdim edir. Müəllif Türkiyənin tanınmış rəssamı Ümmət Qaracaya xitabən deyir:
Bir uşaq rəsmi çək Ümmət Qaraca –
Bir az mavidən al, mordan çəhrayı,
bir az da turuncdan narıncı baxsın.
Baxsın o uşağın baxışlarından,
“Dilqəmi”, “Kərəmi”, “Zarıncı” baxsın.
Allahverdi Təhləli sözü söz zərgəri kimi təqdim edir:
Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Qürubun qanına batır fırçanı.
Ovunu haqlayan qurd nəfəsitək,
Hərdən yanı üstə yatır fırçanı.
Allahverdi Təhləli poeziyasında söz sözlə təqdim edilməklə yanaşı söz ölçüsündə təqdim edilir:
Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Buludun üstüylə qaçan bir uşaq.
Xiffəti iməkdən təzə day duran,
Özünə gecələr vətən uyduran,
Gilənar çiçəyi açan bir uşaq.
Allahverdi Təhləli “Buludun üstündə qaçan uşaq” kitabına təkcə bu şeirini, bu şeirinə təkcə bu misraları daxil etsəydi də onun yaradıcılığı haqqında təsəvvür yaranardı.
Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Upuzun yolların yolçusu – gözü,
Qara damlarına bacadı görüm.
Gözündə lillənib qalan həsrəti,
Bu qoca dünyadan qocadı görüm.
(Ümmət Qaraca – Hümbətəli Qaracayev – 1956-cı ildə, Qarayazının Qaratəklə kəndində anadan olmuşdur.)
Professor Rüstəm Kamal “Buludun üstündə qaçan uşaq” kitabı haqqında yazdığı ön sözlə Allahverdi Təhləli poeziyası haqqında dolğun təsəvvür yaratmağa nail olmuşdur. Bu təsvirdə Allahverdi Təhləli poeziyasının texniki, poetik, lirik, estetik çalarları elmi şəkildə təhlil olunur.
Kitabı mütaliə edərkən şairin sözü təqdim etmə texnikasında yeniliklərlə rastlaşdım. Şair qrammatik cəhətdən qohum olmayan sözləri eyni köklü, həmqafiyə olmayan sözləri qafiyəli sözlər kimi təqdim edərək şeir yaradıcılığında özünəməxsus üslub sərgiləməyə nail olmuşdur:
…Düratın nalında qızıldı torpaq,
Qıratın nalında qızırdı torpaq.
Sizin dırnağınız dəyən yerlərdə
Bilmirəm nə sirdir qısırdı torpaq
Nə çiçək bitirməz, nə ot, nə yonca.
… Tapının Qırata qoşqu atları,
Tapının Dürata qoşqu atları.
Tapının Bozata, Alapaçaya…
Bəlkə başınıza vura sizin də
Adını çəkdiyim eşqi atların…
(“Qoşqu atları”).
Allahverdi Təkləli poeziyası janrından asılı olmayaraq özünün yazı üslubuna sadiq qalmaqla neçə-neçə yaradıcılıq nümunələri arasından seçilmək qüvvətinə, hər misrasında öz müəllifini isnad vermək qüdrətinə malikdir.
Şair yeri gəldikdə öz duyğularını həmkarlarının duyğuları üstündə kökləyə bilir:
Məmməd, ömrünə əsən,
Sazağı mənə göndər.
O haqq dilini kəsən,
Yasağı mənə göndər.
Bir söz göndər axşama,
Dönsün yanan ağ şama.
Avdıdan yüz oxşama,
Yüz ağı göndər mənə.
Sözüm harda bəklənib?
Dərd üstə dərd əklənib.
Qarayazı təklənib,
Qazağı mənə göndər.
(“Məmməd İlqara”).
Allahverdi Təkləlinin şerləri poema tutumunda olduğu kimi 20 yanvar şəhidləri olan əziz eloğluları Rəşid İsmayılov və Ələsgər Qayıbovun həzin xatirəsinə həsr etdiyi “Dustaq qurşun” poeması da cəmi dörd məktubdan – “Birinci məktub”, “ İkinci məktub”, “Üçüncü məktub” və “Son məktub”dan – ibarət olsa da yetkin əsər çəkisinə malikdir. Poema ilk misrasından oxucu hislərini asimandan-asimana daşıyır, duyğuların ağ buludlarını da qana boyayır:
…O gecə qatarı keçdimi yenə,
Yenə kəndimizin yanından, ana?!
Yenə can alırmı canından, ana,
Oğlunu aparan qataram deyib?..
(“Birinci məktub”dan).
Qəsbkara nifrətlə dolu olan məktublar Allahverdi Təkləli qələmindən süzülən kövrək duyğularla daha da zənginləşir, daha da ülviləşir, daha da kəskinləşir:
Döndü dəyirmana, elə bir ucdan
Bu şəhər çoxunu üyütdü, ana.
Oğlunu təzədən doğdu bu şəhər,
Oğlunu təzədən böyütdü, ana…
(“İkinci məktub”dan)
Şair məktubdan-məktuba keçdikcə nifrətinin rəngini daha da tündləşdirir, kəsərini daha da artırır, dadını daha da acılaşdırır. Lakin misralarında zərrə qədər də giley hiss olunmur, əksinə zalımın mənəviyyatının çirkinliyini daha artıq nifrətlə təsvir edir:
O gecə gecəni güllələdilər,
O gecə küçəni güllələdilər,
Küçədən keçəni güllələdilər,
Bağça demədilər, bağ demədilər,
Qüllə demədilər, tağ demədilər,
Döngəni, dalanı güllələdilər,
Meydanı, qalanı güllələdilər…
(“Üçüncü məktub”dan)
Sonuncu “Son məktub”unda şair cansız güllələri, ölüm saçan qurşunları canlı varlıq kimi təqdim etməklə ona ölüm mələyi libası geyindirir, düşmən acizliyini və qəddarlığını insan şəxsiyyətinin qarşısında məğlubiyyətini bədii boyalarla çatdırmağa nail olur:
Üstümə qırğıtək şığıyıb gələn,
Qurşunu sinəmlə susdurdum, onda.
Qursunu qanına qəltan elədim,
Qanını qurşuna qusdurdum, onda…
(“Son məktub”dan).
Zənnimcə Allahverdi Təkləlinin yeni poetik tapıntılarla dolu olan “Buludun üstündə qaçan uşaq” kitabına toplanmış poeziya nümunələri ədəbiyyatımızın xəzinəsinə qiymətli incilər kimi daxil olaraq söz sərvətimizi daha da zənginləşdirəcək, geniş oxucu auditoriyasının rəğbətini qazanacaqdır.
Sonda incə zövqə, özünəməxsus yazı texnikasına, zəngin vətəndaşlıq duyğularına malik olan şair Allahverdi Təkləliyə böyük yaradıcılıq uğurları arzulayıram.
İsgəndər Fərhadoğlu (Səklikov)
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
AYB-AJB- in üzvü
Goranboy rayonu, Səfikürd kəndi.
.
Bir cavab yazın