QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB » ZİM.Az


QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB ALLAH RƏHMƏT ELƏSİN!..

Azərbaycan mətbuatına, ədəbiyyatına, mədəniyyətinə, ictimaiyyətinə, bir sözlə, bütün Azərbaycan xalqına ağır itki üz verib.

Hamımızın sevimlisi, dəyərli ziyalımız, tanınmış ictimai-siyasi xadim, sözün əsl mənasında Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, təcrübəli qələm sahibi, peşəkar jurnalist, nəğməkar şairə, istedadlı yazıçı, vətənpərvər, yurdsevər, xeyirxah və hümanist insan, zəhmətkeş tədqiqatçı-alim, həkim və hüquqşünas, siyasi elmlər üzrə fəlsəfə doktoru, çox hörmətli professor Qənirə xanım Paşayeva 28 sentyabr 2023-cü ildə, 48 yaşında vəfat edib.

Qənirə Ələsgər qızı Paşayeva – 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər media sahəsində fəaliyyət göstərib.
20-dən artıq elmi, publisistik kitabın, bədii əsərin və yüzlərcə məqalənin müəllifidir.
20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.
2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2012–2015-ci illərdə “Odlar Yurdu” Universitetində Siyasi elmlər kafedrasının müdiri vəzifələrində çalışıb.

Qənirə Paşayeva üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı seçilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Bütün hamı kimi, biz də sevimli Qənirə xanım Paşayevanın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, bütün kollektiimiz adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Vəkili Qənirə xanım Paşayevanın əziz xatirəsi daim və əbədi olaraq hamımızın qəlbimizdə yaşayacaq!..
Allah rəhmət eləsin!
BÖYÜK ŞƏXSİYYƏT!..
ƏZİZ, MEHRİBAN və XEYİRXAH İNSAN!..
Ruhun həmişə şad, Məkanın cənnət olsun!..

Müşfiq BORÇALI,
“ZiM.Az”-ın və “Ziya” qəzetinin baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir