12 yaşından şeir yazır. Məktəb vaxtı tədbirlərdə iştirak edib. İndi də qohum, tanış toylarında, şəhidlərimizlə bağlı anım tədbirlərində, müxtəlif sərgilərdə iştirak edir və öz şeilərini səsləndirir. İlk kitabı 2012-ci ildə Sumqayıt şəhərində “Bilik” nəşriyat evində çap olunub. Daha sonra şeirləri 2018-ci ildə “Azərbaycan” adlı ədəbi-bədii jurnalında, həmçinin “Ədalət” qəzetində, 2023-cü ildə isə “Vətən” və “Zirvəyə ucalanlar” adlı ədəbi məcmuələrdə şerləri dərc olunub.
Biz də Çinarə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və
“Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı
ZiM.Az
ƏZİZİM
Bu gün sənin doğum günün, əzizim,
Təbrik eyləyirəm bütün qəlbimlə.
Bəlkə qanadın yox uçmağa sənin,
Bu gözəl gününü mənsiz qeyd elə.
Mən səni anıram evimdə sənsiz
Masamın üstündə xatirələrin.
Xəyalın var,özün yoxsan, sevgin yox
İçirəm göz yaşımı sağlığına sənin.
Bu gün sənin doğum günün əzizim
Allah bilir kimlər vardır yanında.
Kimlər sığal çəkir telinə mənsiz
Necə ki, çəkirdim mən zamanında.
QARDAŞ
Nə qədər ömrünü eyləsən fəda
Bilməyənə borcun olacaq qardaş.
Satılıb düşmənə öz xeyrinə
Yalandan üzünə duracaq qardaş.
Gərək ayırasan ağı qaradan
Hər kəsi xəlq edib uca yaradan
Əyrisin dəyişməz düzə hər adam
Boş yerə çənəni yoracaq qardaş.
Vallah ağızında quş gətirsən də
Sayıb hörmətini xoş gətirsən də
Göstərib doğru yolu tuş gətirsən də
Alçaq elə alçaq olacaq qardaş.
Əzilib büzülüb girəcək dona
Çətin ki, qayanı ülgüc tez yona
Gətirər axırı ən acı sona
Qanını zəlitək soracaq qardaş.
Çinarə, sən sən ol yenə əyilmə
Xoş bir üz görəndə həmən söyünmə,
Öz əlinlə verib sonra deyinmə,
Sonradan kişi olmaz hər alçaq qardaş.
BİLMİRƏM
Ölüb ürəyimdə hünərim sevgim,
Heçnədən cəsarət ala bilmirəm.
Elə bil tərk edib insanlar məni
Bu geniş dünyada qala bilmirəm.
Yaman adiləşib əl çatmazlarım,
Çiçəksiz ağaca, dönüb yazlarım.
Yığıb yükünü köçüb arzularım
Dönüb əvvəl ki tək ola bilmirəm.
Yorğun oturmuşam yol kənarında
Mən nə başındayam nə də sonunda
Ömür səhnəsinin son oyununda
Bəs niyə çıxmışam yola bilmirəm.
ODLANDI KÖNLÜM
Həsrətin çəkdikcə çəkdim dilbərin,
Od tutub sinəmdə odlandı könlüm.
Oldum Ələsgər tək dillər əzbəri,
Sevdikcə atıldı, yadlandı könlüm.
Dedilər dəlidir sevməyi bilmir,
Bu Məcnunu ağıllı kəs dindirmir.
Başqasının gözlərindən bilinmir,
Həsrətin gözündə adlandı könlüm.
Qəmli-qəmli durub sevgidən yazdım,
Vüsala çatmağa hicranım azdı.
Sevib sevilməyin mövsümü yazdı,
Söylədi yaz gəlib şadlandı könlüm.
YAXŞIDIR
Ay qardaş, sözümə yaxşı qulaq as,
Naxələf dostansa düşmən yaxşıdır.
Boş boş təriflərdən süni gülüşdən
Yaman mərd əlində bişmən yaxşıdır.
Burax çörəyini yesin qurd köpək
Alçağa çevirmə nə arxa, kürəy
Namərdin şişində yansanda gǝrǝy
Mərdlər qazanında bişmən yaxşıdır.
Çevrilmə həyata sözə gülüncə
Minnət götürərsən vallah ölüncə
Yaltağın evində səfa sürüncə
Kişi quyusuna düşmən yaxşıdır.
***
Artıq tamahın gücünə baxma!..
Halalı anlayan, qanan yaxşıdır.
Haramla qurulan boş saraydansa,
Başına yağış, qar daman yaxşıdır.
Tüfeyli həyatla sovan ömrünü,
Keçirmə heyifdir yavan ömrünü,
Gözəl yaşadınsa cavan ömrünü,
Qocalığa gedən zaman yaxşıdır.
Çöldən ismət,ara bürünməkdənsə,
Başqaları kimi görünməkdənsə,
İpəyi,atlası borc geyməkdənsə,
Həsirə hörülən saman yaxşıdır.
Yaman qəzəbi tutub uca tanrının
Nə qışı qış keçir, nə yayı narin.
İllərlə həsrətin gözləmə qarın
Hərdən şehə dönən duman yaxşıdır.
Hər kəsi dost bilib tutma əlini
Gizlət ürəyində dərdi,sərini.
Gördün haqlayıbsan qırxı, əllini
Bir az da sanballı olsan yaxşıdır.
SORUŞ
Doğrunu yalana qatan deyiləm,
Sevdimsə ömürlük atan deyiləm,
Naxələf deyiləm satan deyiləm,
Sən mənim özümü özümdən soruş.
Bu ürək bom boşdur qapısı açıq
Bəlkə ikimizdə sevgiyə acıq
Verdiyim sözlərə inan ay yazıq
Məndəki yerini gözümdən soruş.
Yoxsa etibarın qazanım yenə
Mərdliyi dostluğu göstərim sənə
Dolanıb başına mən dönə-dönə
Sənə göstərdiyim dözümnən soruş.
LAZIM
Mənəm bu insan əhlindən biqərar, çara lazım,
Kumaşı altın dəyər də, giriftar xara lazım.
Kim istər köləlik,gəl bəhəsə xanlıq edək,
Qulları şah eyləyən, dövrə müqəssir para lazım.
Qışı ki, qış olmadı keçmədi boran, sazaqda
Ağ adamlar oturar qəmü-qüssədən uzaqda,
Bizi, biz tək anlayan əhli-beyitdən yazaq da
Mənim öz ətrafıma, mənim elmimdə qara lazım.
ÜRƏYİMDƏ
Tuta bilsəm əlini, baxa bilsəm gözünə,
Səni kiçik sirr kimi saxlaram ürəyimdə.
Bəzən özüm edərəm, həbs edərəm özünə,
Qandallayıb qolunu bağlaram ürəyimdə.
Danmaram sənə olan ümidsiz məhəbbəti,
Neylərəm sən olmayan taxtı, tacı, dövləti,
Gəl tutaraq əl-ələ yaşayaq səadəti,
Əgər məni sevməsən ağlaram ürəyimdə.
Soyuq bir ev olsanda yenə atmaram səni,
Mənə dönük çıxsanda yada satmaram səni.
Bir gün ölüb getsəm də, bil unutmaram səni,
Selə, suya dönərəm çağlaram ürəyimdə.
FAĞIR-FÜQARA HƏYATI
Min əziyyətə dözür özündə fağır-füqara,
Baxmaz gözü ucuyla,bu dünyada cah-calala.
Yığar öz heybəsinə hicranı, dərdi-qǝmini,
Bir dənə məqsədi var qulluq eylǝyǝr halala.
Nə gecə-gündüzü var, nə də rahat həyatı,
Kim hegemonluq edib,qarışdırır kainati.
Ona na hara gedir ǝrbabın xudbin arvadı
Göz bağlayar ǝnama, can atmaz qalma-qala.
Bilir ki,hər kölənin var boyunda öz tatarı,
Nəşinə qavğa ilə hücum edər sar qatarı,
Güya ki, bu dünyadan zəngin gedən nə aparır?
Çün istəməz heç vaxt özünü giriftara sala.
ZiM.Az
***
DOSTUM
Elə sanırdın ki, dünya səninmiş
İndi yalnızlıqda ağlama dostum.
Sən demə tənhalıq ən böyük dǝrtmiş
Ürəyin coşmasın çağlama, dostum!
Çoxları kəsdilər düz, çörəyindən,
Tərif söylədilər lap ürəyindən,
Çıxardılar mənliyini əynindən,
Vəfasızlara matəm saxlama, dostum!
Şanına şan qatdı boş boş təriflər,
İçi kibir dolu,çölü xoş təriflər
İndi boş cibini siçanlar təriflər
Yalandan buğunu yağlama, dostum!
DÜNYA
Özünü bu qədər güvəndə sanma
Satılıb çoxtandan yalana dünya.
Gedənə səbəsiz günah yükləyib,
Bağlanıb vəfasız olana dünya.
Asan gəlməmisən asan gedəsən
Bir ana bətnində sən böyümüsən.
Sanma ki öləndə kəfənlə gedəsən,
Verəcək günahını qoluna dünya.
Kef edib məzlumu alma qayğına
Endirmə bəndəni qul sayağına
Asacaq keçini, keçi ayağına
Verəcək haqqını alana dünya.
QOCALIRSAN
Sanma cavanlığın bir məşəl kimi…
Yanmaz heç bir zaman sən qocalarsan!
Elə keçər ömrün-günün xəbərsiz,
Düşər saçlarına dən qocalarsan!
Çevrən dolar dost,tanışın səsiylə,
Fəxr edirsən gəncliyinin nəsiylə,
Unudarsan yadın bir kəlməsiylə,
Dolar gözlərinə nəm qocalarsan.
Əllərində, alınında qırışlar,
Yalvarmaqdan betər olar, baxışlar.
Yağdıqca üstünə nəmli yağışlar,
Sıxar ürəyini qəm qocalarsan.
Geri dönməyəcək bu keçən zaman
İmdad diləməyə qalarmı güman.
Bir də sarı teli aşıq Əhliman,
Kökləsə sazında, bəm qocalarsan.
SƏNSİZ
Sən olmasan həyat boş gəlir mənə
Dünya da başıma dolanmır sənsiz.
Saniram dayanıb vurmur ürəyim,
Qəlbimdə atəşin, odlanmır sənsiz.
Dağların başında qar mənasızdır,
Gəzsə yalqız ceyran,yar mənasızdır,
Ürəkdən vurmursa tar mənasızdır,
Simlər məhəbbətdən çalammır sənsiz.
Əgər sən yoxsansa yaşamaq nǝyǝ?
Ömürdən bir günüm, bir ömrə dəyə,
Nə qədər naz etsə tellər sinǝyǝ
Yenə də inciyir daranmır sənsiz.
Yoxsa bu həyatda əgər ki,sevmək
Başqa bir diyara sığınıb gedək.
Etsəm ərköyünlük körpə uşaqtək
Min dənə dayə də yaranmır sənsiz.
DÜŞMÜŞƏM
Gecə-gündüz yuxularım qarışıb
Bir gözəlin həvəsinə düşmüşəm.
Sanki ovlayıbdır naşı ovçutǝk,
Öz könlümlə qəfəsinə düşmüşəm.
Bu yaşımda məhəbbətdir, bilmirəm?!
Gecələri evimə də girmirəm.
Onu görcək gizlənirəm, əyilirəm
Üzür istəyib növbəsinə düşmüşəm.
Rəsimə bax!.. süzür göldə qu kimi,
Tellər sinəsində bir ordu kimi,
Bu dünyadan hava kimi, su kimi,
Çəkib məni nəfəsinə düşmüşəm.
ÖMRÜ ELƏ YAŞA Kİ…
Yaşa ömrü başı uca
Haqqına haqq, düzə doğru.
Qoy desinlər kişi öldü,
Deməsinlər yaltaq oğlu.
Kəsmə namərdin çörəyin,
İtirmə məzlumun əməyin,
Zənginə boyun əyməyin,
Deməsinlər yaltaq oğlu.
BAĞIŞLA, ÜRƏYİM, BAĞIŞLA MƏNİ…
Bağışla, ürəyim, bağışla məni
Bağışla özgəni qonağın etdim.
Bağışla, ürəyim, bağışla məni
Bağışla gözlərin qurbanı getdim.
Günahkar gəzirəm çəksin suçumu
Söylə səndən başqa cismə köçümmü?
Könlüm əsir düşüb xilası gücmü
Bağışla ürəyim bağışla məni.
Mən yumuram bu eşqə bu gözləri
Qəm otağı yarsızlıqdan dözməli,
Öldürəcək içindəki köz məni
Bağışla, ürəyim, bağışla məni.
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın