Belə məclislərin birində Mədəd müəllimin ailəsi və biz – xalası oğlu İlyaz müəllimin övladları idik.
Mədəd müəllimin şirin söhbətlərinə qulaq asdıqca vaxtın necə keçdiyini hiss etmirdik, o öz uşaqlıq xatirəsini danışırdı.
I sinfə gedəndə sinif otağına daxil olanda qarşımızda uzunboylu, səliqəli geyimdə, mehriban müəllimimi gördüm. O bizlə danışdıqca elə bil nağıllar aləminə düşmüşdük.
Dərsdən sonra evə gəldim. Elə paltarlarımı təzə dəyişmişdim ki, “sənə hədiyyə göndəriblər” – dedilər.
Sevinclə qaçaraq gəldim:
– Nə hədiyyə?
Hədiyyə kitab, dəftər, qələm idi. Müəllimin göndərib.
O gündən mənim müəllimimə, elmə, biliyə həvəsim başladı.
Müəllimim gözümdə bir az da ucaldı. O gözümdə əfsanəvi, əlçatmaz bir zirvəyə bənzəyirdi.
Evdə dedilər ki, müəllimin sənin xalan oğludur. Mən təəccübləndim. Müəllimdən də xala oğlu olar? O müəllimdir mən isə şagird.
Böyüyəndə başa düşdüm ki, anamgil 5 bacı olub. Müəllimim böyük bacı – Bahar xalamın oğludur. Mən isə kiçik bacı – Hürü ananın oğluyam. Aramızda olan böyük yaş fərqi ona görə imiş.
Böyüdükcə müəllimim ideyalarıma çevrilirdi. Bu sənətə olan həvəsim daha da artırdı…
Mədəd müəllimin haqqında hörmətlə danışdığı müəllim – atam Əliyev İlyaz Ramazan oğludur. Dövrünün bacarıqlı müəllimi, xalqının rifahı üçün çalışan, el ağsaqqalı, hörmətli şəxsiyyət idi. 17 il kənd sovetinə sədrlik edib. Kəndə qəzet, məktublar rayon mərkəzindən atla gətirilərdi. Atam rayon mərkəzi ilə danışıqlar aparıb kənddə poçt açdırdı və poçt rəisi işlədi.
O sənin idealın idi Mədəd müəllim. Amma atam da sənin uğurlarına çox sevinirdi. Sənin hər addım ucalmağına o qədər sevinər, “o, mənim şagirdim olub”, – deyərdi.
Sən öz savadından, bilik-bacarığınla elmin zirvələrini fəth etdin.
Dünya şöhrətli Akademik titulunu qazandın. Neçə-neçə alimlər yetişdirdin. İndi bizlər, yetişdirdiyin tələbələr, alimlər səninlə fəxr edir. Hər zaman xatirələrdə yaşayacaqsınız.
Əsli İLYAZ QIZI ƏLİYEVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın