GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR? » ZİM.Az


GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?HEYDƏR ƏLİYEV-100

Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.
Dədə Turxan

Oğulsan, zəhmətə sal, el yolunda üz ömrü,
Hamı yaşaya bilmir bir ömürdə yüz ömrü,
Allah hamıya vermir belə ölümsüz ömrü, –
Tanrının yaratdığı ən böyük əsər yatır,
Görən torpaq bilirmi qoynunda Heydər yatır?

Zəlimxan Yaqub.

Bu günlərdə Vətənimizin hər bir yerində qədirbilən xalqımız, Türk dünyası, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının Böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük hörmət və ehtiramla qeyd edir.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra qısa bir zaman kəsiyində şərəfli bir yol keçməklə nəinki Azərbaycanda, keçmiş SSRİ-də, eləcə də bütün dünyada tanınan, hörmət və rəğbət bəslənilən dövlət adamı, siyasi lider kimi hər kəsi heyrətləndirə biləcək bir fenomenə çevrildi. SSRİ kimi böyük bir dövlətin ən aparıcı sahələri, çətin və mürəkkəb məsələlərin həlli ona tapşırılmışdır. Yaşadığı dövrdə mürəkkəb və çətin beynəlxalq məsələlərin həllində belə ona təcrübəli və özünü təsdiqləmiş uğurlu bir siyasətçi, ən etibarlı güc mənbəyi-qüvvə kimi baxırdılar.

Sovetlər birliyinin rəhbərliyinə təzəcə gətirilən Mixail Qorbaçov Heydər Əliyevin bilik və bacarığına, sovet xalqı arasında və beynəlxalq aləmdə olan böyük hörmət və nüfuzuna qısqanclıq hisslərini gizlədə bilmirdi. Ona görə də Sov.İKP-nin Mərkəzi Komitəsinin Baş Katibi seçilən ilk gündən Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün min bir yollar axtarırdı. Şübhəsiz ki, onun bu çirkin niyyətini onun əlaltıları, xüsusilə də fürsət gözləyən erməni millətçiləri duymuşdular. Nəhayət, 1987-ci ildə Mixail Qorbaçovun təkidli israrı ilə Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Bununla da bütövlükdə SSRİ hakimiyyətinin bütün rəhbər işçilərinin Azərbaycana olan təzyiqləri daha da gücləndi. Təəssüf ki, bu təzyiqlərə müqavimət göstərməyə qadir olan bir qüvvə, lider qalmamışdı.

Mixail Qorbaçovun çəkindiyi siyasətçilərin hakimiyyətdən bir-bir uzaqlaşdırılması ona çirkin ideyalarını həyata keçirməsi üçün geniş imkanlar yaratdı. Heç kəsin ağlına belə gəlməyən SSRİ-nin dağılması prosesi böyük bir sürətlə baş verdi. Hakimiyyətsizlik bütün sahələrdə özünü göstərməyə başladı. Separatizm, milli hisslər, anarxiya tüğyan edirdi. Bundan məharətlə istifadə edən ermənilərin Azərbaycana qarşı torpaq iddiaları sürətlə böyüdü, qarşıdurmaya, müharibələrə çevrildi, böyük qırğınlara səbəb oldu. Mixail Qorbaçovun komandası belə proseslərin qarşısını almağa nəinki qadir idi, əksinə müxtəlif yollarla separatçılara dəstək də göstərirdilər. Bu da baş verən proseslərin coğrafiyasını daha da genişləndirirdi. Nəticə etibarilə Sovetlər birliyi qısa bir zamanda dağıldı, milli respublikalara parçalandı, hər birinə acınacaqlı bir sosial-iqtisadi durum miras qaldı.

Onlardan biri də Azərbaycan Respublikası idi. Burada vəziyyət daha acınacaqlı idi. Yaxın keçmişdə bizim torpaqlarda bərqərar olan qonşu Ermənistan dövləti bizimlə müharibə aparırdı, torpaqlarımızın bir hissəsi zəbt olunmuşdu. Respublikada hakimiyyətə gələn qüvvələr isə ölkəni idarə edə bilmirdilər. Dövlət strukturları öz funksiyalarını yerinə yetirə bilmirdilər, hər yerdə özbaşınalıq görünürdü. Baş verən bütün proseslər xalqımızın dövlətçiliyini süquta sürükləyirdi. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı.
Belə bir vaxtda öz azadlıq mübarizəsini daha əzmlə davam etdirən Heydər Əliyev min bir çətinliklə Vətənə qayıtdı. Böyük xalq sevgisi ilə qarşılandı. Bundan vahiməyə düşən mövcud hakimiyyət onun Bakıda qalmasını əngəllədi.

Naxçıvana getməli olan Heydər Əliyev tezliklə Naxçıvan Muxtar Respublikasının Ali məclisinə sədr seçildi. Atılan qətiyyətli addımlar, görülən böyük işlər, tarixləşən hadisələr bütün Azərbaycan xalqının coşqusuna səbəb oldu. Ölkədə isə vəziyyət dözülməz idi. Paytaxt Bakıda hərc-mərclik hökm sürürdü. Dünyada Heydər Əliyevin bacarıqlı bir siyasətsi olduğunu qəti əmin olan ziyalılar onu öz yerində, ölkə rəhbərliyində görmək istəyirdilər. Bununla bağlı yerli və xarici mətubatda bir çox cəsarətli çıxışlar edirdilər. Həmin günlərdə professor Zahid Qaralovun yazdığı “Heydər dağına kölgə salmaq olmaz” adlı 3 silsilə məqaləsi cəmiyyətdə böyük əks-səda doğurdu. Heydər Əliyevin Müdafiəsi Komitəsi yarandı və Zahid Qaralov onun sədri oldu. Belə bir vaxtda başda ziyalılar olmaqla Azərbaycan xalqı ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdülər.

Heydər Əlirza oğlu Əliyev 15 iyun 1993-cü ildə xalqın səsinə səs verərək öz xilaskarlıq missiyasını həyata keçirdi, hakimiyyətə yenidən qayıtdı. Tarixə çevrilən bu gün xalqımızın müstəqillik uğrunda apardığı bütün mübarizələrdə qazandığı ən böyük uğuru, dövlətimizi və xalqımızı hər cür bəlalardan xilas tarixi -Milli Qurtuluş Günü oldu.
Müstəqilliyimizin ilk illərində təhsilmizin idarə olunması da səriştəsiz insanların əlinə düşdüyündən, onlar mövcud təhsil strukturlarını belə tamamilə dağıtdılar və yerinə isə heç nə yarada bilmədilər. Heydər Əliyev görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də böyük alim-pedaqoq idi. Əsl müəllim kimi dövlətin inkişafında təhsilin verə biləcəyi böyük bəhrəni, xalqın və dövlətin inkişafındakı əvəzsiz rolunu uzaq görənliklə görürdü. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”-deyərək, özünü müəllimliyə həsr etmiş insanı ən şərəfli insan hesab etdiyini bildirdi. O, elə qurtuluşun günlərindən “Təhsil millətin gələcəyidir” fəlsəfi fikrini ortaya ataraq ölkə ziyalılarını bu müqəddəs əməlin reallaşmasına dəstək verməyə səslədi. Respublikamızın əsaslı dəyişməsində və yeniləşməsində təhsil islahatlarının bütün islahatların önündə durmasını ardıcıl siyasətə çevirən Heydər Əliyev 31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə bir daha bildirdi: “İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır”.

Heydər Əliyev 24 sentyabr 1998-ci ildə Azərbaycan Müəllimlərinin 11-ci qurultayına ünvanladığı təbrik məktubunda yazırdı: “Azərbaycanın öz müstəqilliyini bərpa etməsi digər sahələrdə olduğu kimi, təhsil sistemi qarşısında da böyük vəzifələr qoymuşdur. Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsi zəruri və təxirəsalınmazdır”. Bu gün müstəqil Azərbaycanda inkişaf etmiş bütün sahələrdə Heydər Əliyevin zəhməti və imzası vardır. Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminə, mədəniyyətinə xüsisi qayğı və diqqət göstərmişdir.

Heydər Əliyevin gərgin əməyi, ideyaları nəticəsində qurulan müstəqil Azərbaycan dövləti əbədiliyə doğru dönməz bir yola başladı, tezliklə uğurlar bir-birinin ardınca sıraya düzüldülər… Müstəqil Azərbaycan Dövləti xalqına xoşbəxtlik bəxş etməklə yanaşı, dünyanın sayılıb seçilən qabaqcıl bir ölkəsinə çevrildi.

İndi hər bir azərbaycanlı üçün Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu Vətən ünvanlı, Vətən sevdalı əqidə və inam məktəbinə çevrilmişdir. Bu məktəbdə öyrədilən əsas dərslik Heydər Əliyevin şah əsəri: Müstəqil Azərbaycan Dövlətidir. Bu məktəbdə Azərbaycan xalqının işıqlı gələcəyinə sonsuz sevgi və inam nümunəsinə çevrilən Heydər Əliyevin böyük ömrü, onun keçdiyi şərəfli həyat yolunda, atdığı cəsarətli addımlarda, hər kəsi heyrətləndirən və bir çoxunun da qibtə etdiyi ilahi ağıl və gücün fövqündə daha aydın görünür. Bu məktəbdə Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinə vurulan hər kəsin düçüncəsinə ilk növbədə onun: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” ideyası hakim kəsilir, bu müqəddəs sevdalarla da onun yolunu tutaraq dövlətinin və xalqının layiqli əsgərinə çevrilir.
Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə-xalq sevgisi qazanaraq Ümummilli liderə, inam, and, qürur yerinə çevrilərək Ulu Öndər oldu.

Ümummilli lider Heydər Əliyev ölməz ideyaları, hər zaman müdrikliyi, möhtəşəmliyi ilə Azərbaycan xalqının ürəyinin ən uca yerindədir. Dədə Turxan yazır: “Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.”. Nə qədər ki, Azərbaycan xalqı, dövləti var, onun hər bir uğurunda Heydər Əliyevin xeyir-duası var. Elə 44 günlük Zəfər Qələbəsində olduğu kimi, Heydər Əliyevin hər bir ideyası bütün dövrlərdə xalqımızın gözünə işıq, qoluna qüvvət, dizinə taqət olacaqdır. Onun şah əsəri, çiçəklənən Müstəqil Azərbaycan Dövləti cahan mülkündə Günəş kimi əbədi parlayacaqdır!

Bəli, gündən-günə çiçəklənən Müstəqil Azərbaycan Respublikasının ən böyük uğurları isə hələ qabaqdadır. Bu gün dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olmasına sonsuz əminliklə inanan xalqımız hamılıqla, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun təbirincə-belə deyir:

Neçə sönməz ocağın, yanan şamın eşqinə.
Müqəddəs əqidənin, saf inamın eşqinə.
Bu gün hamının olan tək İLHAMIN eşqinə.
Salamlar olsun sənə! Salamlar olsun sənə!

GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
VİDADİ ÖMƏR OĞLU ORUCOV
pedaqogika üzrə elmlər doktoru

ZiM.Az

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir