ÜLVİYYƏ MƏHƏMMƏD (1972) » ZİM.Az


ÜLVİYYƏ MƏHƏMMƏD (1972) Ülviyyə Məhəmməd (Ülviyyə Məmməd qızı Kazımova) 1972-ci il oktyabrın 8-də Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə həmin kənddə yerləşən N.Nərimanov adına 128 saylı orta məktəbdə təhsil alıb. Sonra təhsilini Bakı İqtisad Kolle-cində davam etdirib. Hazırda vaxtilə təhsil aldığı orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.
O, eyni zamanda, “Şərqin səsi” qəzetinin şöbə müdiridir.
Ailəlidir. Üç övladı var.
Orta məktəb illərindən bədii yaradıcılıqla da məşğul olur.
Şeirləri “Ziya”, “Şərqin səsi”, “Elin səsi”, “Eım və təhsil” qəzetlərində, “Zəfərə doğru” jurnalında, “Vətən”, “Canım Azərbaycanım”, “Ziya”, “Zəfər”, “Zirvə”, “Şərqin səsi”, “Qarabağ Azərbaycandır!”, “Turan ellərinə salamlar olsun!”, “Xarıbülbül”, “Dəmir yumruq”, “Buta”, “Turan” və s. ədəbi-bədii, elmi-publisistik məcmuələrdə dərc edilib.
2020-ci ildə “Tunel” adlı ilk kitabı işıq üzü görüb.
Hazırda ikinci kitabı “Borçalı” nəşriyyatında çapa hazırlanır.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib.
“Abdulla Şaiq”, “Zirvə”“Qızıl qələm” mükafatları laureatıdır.

Biz də Ülviyyə xanıma uzun ömür, möhkəm cansağlığı və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq!
ZiM.Az

ATA

Sənsizlik durmadan incidir məni,
Sənli günlərimə dönəydim, Ata.
Kaşki əllərimdən tutaydın yenə,
İsti hərarətin duyaydım, Ata.

Başımı qoyaydım dizlərin üstə,
Yenə oxşayaydın sarı tellərim.
Əlimə alaydım məhəbbət ilə,
Zəhmətdən yorulmuş, qabar əllərin.

Öpərək qoxlayıb içimə çəkəydim,
İllərin həsrətin ala biləydim.
Yenə baxışların sığal çəkəydi,
Yenə də yanımda qala biləydin…

Hər kəsin həyatda idealı var,
Mənim idealım sən oldun, Ata…
Həyat məktəbində addımlamaqda,
Əvəzsiž müəllimim sən oldun, Ata!!!

YORULMUŞAM

Deyirsən yamanca yorulmuşam mən,
Səbəbi görən nə, bilmək olarmı?!
Bəlkə, səni yordu illərdən gələn,
Bir sevgi nəğməsi, sevgi romanı.

Bəlkə, daha səndə qalmayıb səbr,
Bu sevgini gömüb, dəfn etmisən sən.
Bəlkə, səni elə sənə buraxıb,
Yolumla astaca getməliyəm mən.

Baxıram gözünə, gözün dərdlidir,
Səbəbin bilmirəm, axtarmıram heç.
Bilirəm, üzübdür mənsizlik səni,
Bu abzası burax, təzəsinə keç.

Al əlinə sınmış, sadə bir qələm,
İçindən gələni vərəqə köçür.
Gülləri əkmişdin sevgi bağında,
O gülü indiysə özgəsi biçir.

Deyirsən, yamanca yorulmuşam mən,
Səbəbini görən bilmək olarmı?
Özgələr əlindən tutub yazdırdı,
Görən bu yazını silmək olarmı?

Bilirəm, yorğunsan, bu da keçəcək,
Necə ki, yaşadın mənsiz mənimlə.
Tökdüyün göz yaşın su tək içəcək,
Göz yaşını qurut mənsiz, mənimlə.

***

Gəl bir xəyal quraq sənlə ikimiz,
Sən də ümidli ol, mən də ümidli.
Sevgi bağçasında qalıb izimiz,
Mən ətirli güləm, sən aşiq bülbül.
07.07.2020

EŞİTMİŞƏM..

Eşitmişəm yenə məni sordun
bu gün dost-tanışdan,
Soruşmusan mən, necǝyǝm?!
Haralarda gəzirəm mən,
haralarda dolaşıram.

Eşitmişəm, dostlarımdan soruşmusan…
Mən, necǝyǝm?!
Səncə… necə olar dəniz qayalara toxunmasa,
Səncə… necə olar dəniz sahillərdə uyumasa?!
Soruşmusan… Mən necǝyǝm?
Qanadsız quş uçarmı heç,
Solmuş çiçək, açarmı heç…
Bitmiş nəğmə, dinərmi heç?!
Eh,… sən bu səhifədən də yan keç.

Eşitmişəm, yenə məni sordun
bu gün dost-tanışdan…
Soruşmusan, mən necəyəm?!
Qışda açan laləyəm mən,
Sınmış budaq…
Ocaqda buz şələyəm mən.
Sönüb odum, susub könlüm.
İzn ver, təklikdən ölüm,
İzn ver, təklikdə ölüm.
13.01.2022

LAP ELƏ UNUT!

Nifrət etsəm belə sevirəm səni…
Bu sevgi yamanca incitsə belə,
Qəlbimin ən dərin məskənindəsən.
Hər səhər çağında oyanan zaman,
Gözümə nur saçan gün şəfəqisən.

Bu sevgi illərdən süzülüb gəlir,
Bir dağ çayı kimi şəlalə olub.
Səni sevdiyimçün özüm-özümə
Nifrət yağdırıram, amma ki, dolub,
Yenə boşalıram yaz buludu tək.

Bu sevgi bizimçün həyatımızda
Keçilməz yol oldu, aşılmamış dağ.
Həm sənin, həm mənim qara telimiz,
İndi dərddən olub qar tək ağappaq.

Mən səni hər axşam evə dönəndə,
Odlu hərarətlə qucaqlayardım.
Sənin xoş ətrini çəkib içimə,
Sərin bulaq kimi hey çağlayardım.

Bilmədik, haradan bu sevgimizin
Üstünü bürüdü qara, boz bulud.
İndi istəyirəm söyləyim sənə,
Mümkünsə uzaq dur, lap elə unut.

ÖZGƏ BİRİYƏM

Getmək istəyirsən o yol, o da san,
Amma getdiyin an yaşamıram mən.
Sən məni də alıb apardın, gülüm,
Ruhumla birlikdə yaşayırsan sən.

Düşünmə, əzizim, getmək asandır,
Getdiyin yolları özləyəcəksən.
Hər səhər çağında, günəş doğanda,
Məni sahillərdə gözləyəcəksən.

Hər gecə düşəndə, şər qarışanda,
Gözünü qapıya zilləyəcəksən.
Yuxuna girdiyim tənha gecəndə,
Məni xəyal bilib izləyəcəksən.

Getmək istəyirsən, o yol, o da sən.
Axtarma bir daha, gəzmə bir daha.
Məni məndən alıb necə apardın?
Özün öz ruhunu əzmə bir daha.

Getmək istəyirdin, günahı indi
Gəzirsən həm məndə, həm də sevgində.
Ayrılıq bu qədər rahat gəlmişdi,
İndi tək üzürsən dərdin qəmində.

Bircə onu bildim, bu həsrət bizi
Tənhalıq dərdinə düçar eylədi.
Mənim sənə sevgim açıq qıfıldı,
Sən öz gedişinlə açar eylədin.

Bağladın bu eşqin qapılarını,
Açarını atdın dəryada batdı.
Bu həsrət yolları bizi ayırdı,
Oyanan sevgimiz büzüşüb yatdı.

Daha mən səninçün illərdən qalan,
Vərəqi saralmış kitab kimiyəm.
Daha məni bir də düşünüb dalma,
Mən doğma deyiləm, özgə biriyəm.
02.09.2020

AY OLDUM

Səni sevmək üçün gəldim dünyaya,
Çiçəkli bağçamın ətiri oldun.
Sevdim səni inan, yamanca sevdim,
Ətirli bağçamda kəpənək oldun.

Sevdim səni qışda, soyuq havada,
Göydən düşən kiçik qar dənəsində.
Onun zərif, fəqət ecazkar olan,
Gözəl və təkrarsız naxışı oldun.

Payızı sevmirdim səndən öncəsi,
Səni tanıyandan vuruldum ona.
Göydə uçub gedən durna qatarı,
Köksümə vurduğun bir imzan oldu.

Yağışı sevmirdim, çətir tuturdum,
Hər bulud yağanda, şimşək çaxanda.
Qaçırdım, qorxurdum islanar donum,
İndi yağış altda yuyunur ruhum.

Günəşi sevirdim lap uşaqlıqdan,
Gözünə baxardım, amma qıyqacı,
Səni tanıyandan ruhum inan ki,
Mənim həyatıma işıq, nur oldu.

Dənizi sevirəm desəm, az olar…
Bu hissim söz ilə ifadə olmaz.
Səni tanıyandan hopub gözümə
Sənin baxışların dənizim oldu.

Səni sevmək üçün gəldim dünyaya,
Hər gəzdiyim yola işıq, nur oldun.
Səhər günəş oldun, qaranlıqdasa,
Zülmət yollarıma nurlu Ay oldun.
27.05.2020

HƏDİYYƏN OLSUN

Bir dəniz istədim, sevgilim, səndən,
Tufanlı, dalğalı, coşğulu dəniz.
Dalğalar qalxaydı göyün üzünə,
Yuyaydı göydəki boz buludları.

Bir dəniz istədim dərdləri boğan,
Hər axşam günəşlə yatan, uyuyan.
Səhər şəfəqində göz qamaşdıran,
Günəşin eşqiylə səssiz oyanan.

Bir dəniz istədim, ümmanlar ondan,
Yol tapsın sabaha, ümidlə baxsın.
Məhəbbət nə imiş?! Dənizdən sorub,
Bir həsrət sevgiyə cığırın açsın.

Bir dəniz istədim sevgilim səndən,
Bizi qoşa görcək fərəhlə daşsın.
Sən mənə dənizi bəxş etdin gülüm,
Dəniz boyda sevgim hədiyyən olsun.

MÜŞFİQ BORÇALIYA

İstəmirəm sizdən yazım misra-misra,
Mısralara sığmaz sizin hekayəniz.
İstəmirəm sizi sizə tanıdım mən,
Göz önündə addımınız,əməliniz.

Uğurlara sevinc qatan ziyalısız,
Arzulara cığır açan dost, atasız.
Qaranlıqda yol göstərən mayak kimi,
Azmış arzu tufanına gur işıqsız.

İstəmirəm təkrarlayım kəlmə sözü,
Vəsf etməyə tapmıram mən, sözün düzü.
Qısa deyim, bir cumləylə, müəllim tək
Arzulara möhür vurub, qoyduz izi.

ÜLVİYYƏ MƏHƏMMƏD (1972) ***

BAHAR YETİŞDİ

Sonuncu çərşənbə yetişdi artıq,
Torpağa can gəldi,duyuldu eldə
Baharın nəfəsi ,baharın ətri,
Nəğməyə çevrilib duyuldu eldə.

Quşların cəhcəhi bürüdü yurdu,
Nəgmələr yuksəldi elin dilindən.
Qışın ömrü bitdi,tamama yetdi,
Novruzgülü bitdi kolun dibində.
Yurduma,elimə xoş bahar gəlir,
Bəzənir yurdumun hər qızı, oğlu.
Uşaqlar sevinclə atılıb düşür,
Süfrəyə düzürlər nabat,noğulu.

Xonçalar bəzənir el novrağıyla,
Yumurta boyanır övlad adıyla
Nənələr sandığdan öpməyin alıb,
Nəvəsin bəzəyir gül budağıyla.

Nə gözəl bayramdır,nə gözəl növraq,
Sevinir böyüklər sevinir usaq.
Oyandı suyumuz, qalandı ocaq,
Yellər hey kükrədi,sonuncu torpaq.

Çərşənbələr novbəylə gəldi və getdi,
Qışı yola salıb Bahar yetişdi.

AZADLIĞIN RƏMZİ BAYRAQ

Dalğalan sən göy üzündə, azadlığın rəmzi bayraq,
Qürur ilə yırğalan sən, Şəhid qanlı, şanlı bayraq.

Sən illərin əmanəti, babalardan bizə miras,
Sən yararaq əsarəti göy üzünü bəzən, bayraq.

Sən enmə, hey dalğalan ki, Şəhidlər göylərdən baxır,
Zəfər çalan ordumuzun tapdağından düşmən axır.

Yüksəklərdə ol ki, görsün səni yaxınlar, uzaqlar,
Qürur ilə baxır sənə yol ötən böyük uşaqlar.

Ucadan da ucal bayraq, sən millətin namus arı,
Arzum budur zamanında bəzə o tayda diyarı

Tarixdən boylanır, baxır neçə igid, nər oğullar,
Sənin qiymət dəyərini Şəhid övlad verən anlar.

Sən yüzlərin arzususan, sən minlərin arzususan,
Sən əllərin bəzəyisən, sən ellərin bəzəyisən.

Sən yurdumun azadlığı, düşmən bağrın yaranımsan,
Xalqım sənin keşiyində, ucal daim, dalğalan sən.

Bir kərə yüksələn bayraq enməz bir də başını, bil,
O taydan həsrət boylanır Təbriz, Culfa, yurd Ərdəbil.

Boylanıb baxır şimala, baxır o taydan bu taya,
Bizdən kömək gözləyirlər, çağırır artıq haraya.

Yaşıl rəngin yurd rəngidir islam rəngi, Vətən rəngi,
Ucaldı Zəfər Günündə sənlə birgə göyə Cəngi.

Mavi rəngin səma rəngi daim açıq, aydın olsun,
Göy üzündə doğan Hilal, ulduz qoy sirdaşın olsun.

Al rəngin Şəhid qanıdır tarixlərə möhür vuran,
Üçrəngli bayrağınla sən daim yaşa AZƏRBAYCAN.
24.09.2022

ZƏFƏR DAMĞASI

Bir sevinc görünür nəmli gözlərdə
O yaş axıb gəlir illərdən bəri
Həsrətlə ağlayan qəmli gözlərlə
Boylanır hər vətən övladı geri.

Baxır neçə aylar illər öncəyə
Bu göz yaşları dərddən axırdı
Düşmən işğalında büzüşən torpaq
Həsrətli gözlərlə yola baxırdı.

Hər addım səsində axtarırdı o
Doğma övladların doğma səsini
Bahar, qış fərq etməz elə payız da
İçinə çəkirdi öz nəfəsini.

Çəkirdi torpağım, düşmən bilməsin
Bilsəydi canlıdır becərər onu
Vətəndə tum səpib qoy becərməsin
Düşmən şadlanarsa gələrdi sonu.

Günlər aya döndü, ay isə ilə
Neçə bahar doğdu çarəsiz günəş
Həsrətdən ağardı dağların başı
Yanan ocaqları söndür, ey yel əs.

Düşmən qalmasın bizim ellərdə
O ocaq tüstüsü göyə çıxmasın
Dərd boğan millətin ovuclarını
Sıxdığı barmaqlar daha kəsməsin!

Dövran yenə dondu fələk ayıldı
İgidlər dayandı çiyin-çiyinə
Torpaqda inan ki dərddən ayıldı
Vətən oğulları dara çatanda.

Hər qarış torpağı alıb düşməndən
Vətən yarasına məlhəm qoydular
Zəfər çalınanda hər el, obada
Düşmənin alnına damğa vurdular.

Namərdlik damğası, kölə damğası
Xəyanət damğası, nifrət damğası
Ey mənim Xalqımın nər övladları
Düşmənə dağ qoyduz…
ZƏFƏR DAMĞASI!

ÜRƏKLƏ ÜZ-ÜZƏ

Ürəyim sanki yalvarır
Daha incitmə gəl məni
Hər atışda inildəyir
Deyir yaman yordun məni.

Görən dinsəm dinlərmisən
Mənə çəkdirdiyin dağı
Hər kəsə yardımın dəydi
İtirmişəm solu sağı.

Ürək yaman dolu imiş
O dindikcə kiçilirəm
Onun əzab yollarına
Gözü yaşlı dikilirəm.

Bilməzdim ki,billər sonra
Onunla üz-üzə gələrəm
Onun incik simasına
Baxıb səssiz üzülürəm.

Deyir mənə sakit sakit
Səbəb nədir yordun məni
Mən ki, səni yaşadırdım
Sən niyə öldürdün məni.
20.09.2020

GƏTİRMƏ DİLƏ

Ölüm kəlməsini gətirmə dilə,
Hər dəfə bir kərpic düşür saraydan.
Bilmirəm nə edim, necə edim ki
Saxlayım hörülmüş bu sarayı mən.

Bilmirəm bu saray tikilib nədən
Nə kərpici bəlli, nə qumu bəlli.
İmkanım olsaydı bərpa edərdim
Ona daş qoyardım, mən ikiəlli.

Suyunu alardım göz yaşlarımdan
Hər damlası dərdə dəva olaydı.
Yoğurub hördüyüm saray yolları
Yenə boşalaydı, yenə dolaydı.

Yenə boylanaydım tam zirvəsindən
O zirvə yolları, indi uçulub
İndi düşən kərpic toza çevrilib
İndi günbəzləri, yaman sökülüb.

Hər düşən o kərpic saraydan qopan
Bəyaz tellərimin möhürün vurur
Ömrümü qurduğum, duyduğum məkan
Donmuş əllərimin nəbzin durdurur.

SINMIŞ QƏLƏM və ya YORULMUŞAM

Deyirsən yamanca yorulmuşam mən
Səbəbi görən nə, bilmək olarmı?!
Bəlkə səni yordu illərdən gələn
Bir sevgi nəğməsi, bir hekayəsi.

Bəlkə daha səndə qalmayıb səbr
Bu sevgini gömüb dəfn etmisən sən.
Bəlkə səni elə sənə buraxıb,
Yolumla astaca getməliyəm mən.

Baxıram gözünə, gözün dərdlidir
Səbəbin bilmirəm axtarmıram heç
Bilirəm üzübdür mənsizlik səni
Bu abzası burax təzəsinə keç.

Al əlinə sınmış sadə bir qələm,
İçindən gələni vərəqə köçür.
Gülləri əkmişdin sevgi bağında
O gülü indiysə özgəsi biçir.

Deyirsən yamanca yorulmuşam mən
Səbəbini görən bilmək olarmı?
Özgələr əlindən tutub yazdırdı
Görən bu yazını silmək olarmı?

Bilirəm yorğunsan o da keçəcək
Necə ki, yaşadın mənsiz mənimlə
Tökdüyün göz yaşın su tək içəcək
Göz yaşını qurut mənsiz mənimlə.

Gəl bir xəyal quraq sənlə ikimiz,
Sən də ümidli ol, mən də ümidli.
Sevgi bağçasında qalıb izimiz
Sən ətirli gülsən, mən aşiq bülbül.
07.07.2020

ÜLVİYYƏ MƏHƏMMƏD (1972) ÖZGƏ BİRİYƏM

Gedmək istəyirsən o yol, o da sən
Amma getdiyin an yaşamıram mən.
Sən məni də alıb apardığınçun
Ruhumla birlikdə yaşayırsan sən.

Düşünmə əzizim getmək asandır
Getdiyin yolları özləyəcəksən
Hər səhər çağında, günəş doğanda
Məni sahillərdə gözləyəcəksən.

Hər gecə düşəndə şər qarışanda
Gözünü qapıya zilləyəcəksən
Yuxuna girdiyim tənha gecəndə
Məni xəyal bilib izləyəcəksən.

Getmək istəyirsən o yol, o da sən
Axtarma bir daha, gəzmə bir daha
Məni məndən alıb necə apardın
Özün öz ruhunu əzmə bir daha.

Getmək istəyirdin, günahı indi
Gəzirsən həm məndə, həm də sevgində
Ayrılıq bu qədər rahat gəlmişdi
İndi tək üzürsən dərdin qəmində.

Bircə onu bildim bu həsrət bizi
Tənhalıq dərdinə düçar eylədi
Mənim sənə sevgim açıq qıfıldı
Sən öz gedişinlə açar eylədin.

Bağladın bu eşqin qapılarını
Açarını atdın dəryada batdı
Bu həsrət yolları bizi ayırdı
Oyanan sevgimiz büzüşüb yatdı.

Daha mən səninçün illərdən qalan
Vərəqi saralmış kitab kimiyəm
Daha məni bir də düşünüb dalma
Mən doğma deyiləm, özgə biriyəm.
02.09.2020

LAP ELƏ UNUT!

Nifrət etsəm belə sevirəm səni
Bu sevgi yamanca incitdi məni.
Qəlbimin ən dərin məskənindəsən
Hər səhər çağında oyanan zaman,
Gözümə nur salan gün şəfəqisən.
Bu sevgi illərdən süzülüb gəlir
Bir dağ çayı kimi şəlalə olub
Səni sevdiyimçün özüm-özümə,
Nifrət yağdırıram ama ki dolub.
Yenə boşalıram yaz buludu tək
Bu sevgi bizimçün həyatımızda
Keçməyən yol oldu aşılmamış dağ.
Həm sənin, həm mənim qara telimiz
İndi dərddən olub qar tək ağappaq.
Mən səni hər axşam işdən gələndə
Odlu hərarətlə qucaqlayardım.
Sənin xoş ətrini çəkib içimə
Sərin bulaq kimi hey çağlayardım.
Bilmədik haradan bu sevgimizin
Üstünü bürüdü boran boz bulud
İndi istəyirəm söyləyim sənə
Mümkünsə uzaq dur, lap elə unut.

NƏ MƏN ƏVVƏLKİYƏM,
NƏ MƏNDƏKİ SƏN

Nə mən əvvəlkiyəm, nə məndəki sən
Dəyişdi zamanla yaşadıqlarım
Dəyişdi rəftarın, dəyişdi səsin,
Dəyişdi nədənsə yaşatdıqların.

Nə mən əvvəlkiyəm, nə məndəki sən.
Dəyişdi baxışım soyuq gözündən
Dəyişdi addımın, yerişin, heyif…
Dəyişdi sözlərim acı sözündən.

Nə mən əvvəlkiyəm, nə məndəki sən…
Gülüşün dəyişdi, soyudu birdən.
Bilmirəm günahkar mənəm, yoxsa sən?!
Sevgimiz də incik inan ki, bizdən.

Şərbətimə zəhər qatıb, içirdin,
Ölüm verməsə də qovruluram mən.
Sevgimi küləklə alıb, uçurdun,
Tənha qalıb ruhum, inləyirəm mən.

Hər sözün ox olub batır sinəmə,
Yarası çox dərin, sağalmaz yəqin.
Əllərin yox olub, dəymir əlimə,
Sazaq tək çox sərin, isitməz yəqin.

Nə mən əvvəlkiyəm, nə məndəki sən…
Yolun sonundayıq deyəsən sənlə.
Nə sən əvvəlkisən, nə səndəki mən…
Yaxınkən uzağıq biləsən mənlə.

YENƏ O BAĞ OLAYDI

Mikayıl Müşfiq poeziyası və
onun “Yenə o bağ olaydı” seirinə istinadən

Yenə o bağ olaydı,
Yenə o qumlu sahil…
Yenə yığışaraq siz
O bağa gələydiniz.

Nə bağlar var indi, nə də ki, sahil,
Nə qonşuluq qalıb, nə gizli sevgi.
Təmizlik, saflığı dəfn etdik sizlə
Xəyallar, arzular qalır könüldə.

Yenə o bağ olaydı,
səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə,
hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam

Səni görmək üçün gələrəm yenə,
O qumlu sahilə, o köhnə bağa.
İzlərim yollardan yığılmaz ey yar,
Gözlərim dikilər hey sola-sağa.

Yenə o bağ olaydı,
yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla
ruhumu dindirəydin,
Məni sevindirəydin

Sökülmüş hasardan
boylanır ruhum,
Gəzirəm sözünü,
gəzirəm özün.
Ürkək baxışların
yaman sərtləşib
O gizli sevgiyə indi
yas tutur gözün.

Gizli söhbət açaydıq,
ruhun ehtiyacından
Qardaşından, bacından
Çəkinərək çox zaman
söhbəti dəyişəydin
Mənimlə əyişəydin.
Yenə bir vuraydı,
qəlbimiz gizli-gizli
Sən, ey əsmər bənizli.

Ruhlarımız danışır
gizli ehtiyacından,
Dillərimiz sussa da.
Baxışlar rastlaşanda
qardaşından, bacından
Gizləmək üçün tezcə,
olsun, uzaqlaşaydı,
Qəlbimiz gizli eşqdən
Gizlicə alışaydı.

Yenə o bağ olaydı,
yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan
dalğalara dalaydım,
Dalıb ilham alaydım.

O sahildə dolaşır
xəyalım gizli-gizli,
Səni axtarır könlüm.
Sular pıçıldaşaraq
sevgimə nəğmə deyir,
Telinə bənzəməkçün
dənizin dalğaları,
Qayalarda qıvrılır.
İlhamım sənlə coşur,
Xəyallara dalaraq,
xəyallarda öpüşür.

Arzuya bax sevgilim,
tellərindən incəmi,
Söylə, ürəyincəmi?!

Hər arzu bir ümiddir,
hər ümid bir gələcək.
Bilirəm ki, bu sevgi
realda olmasa da,
Xəyalda qovuşacaq.
05.06.2021

NƏ MƏN ƏVVƏLKİYƏM,
NƏ MƏNDƏKİ SƏN

Nə mən əvvəlkiyəm, nə məndəki sən
Dəyişdi zamanla yaşadıqlarım
Dəyişdi rəftarın, dəyişdi səsin,
Dəyişdi nədənsə yaşatdıqların.

Nə mən əvvəlkiyəm, nə məndəki sən.
Dəyişdi baxışım soyuq gözündən
Dəyişdi addımın, yerişin, heyif…
Dəyişdi sözlərim acı sözündən.

Nə mən əvvəlkiyəm, nə məndəki sən…
Gülüşün dəyişdi, soyudu birdən.
Bilmirəm günahkar mənəm, yoxsa sən?!
Sevgimiz də incik inan ki, bizdən.

Şərbətimə zəhər qatıb, içirdin,
Ölüm verməsə də qovruluram mən.
Sevgimi küləklə alıb, uçurdun,
Tənha qalıb ruhum, inləyirəm mən.

Hər sözün ox olub batır sinəmə,
Yarası çox dərin, sağalmaz yəqin.
Əllərin yox olub, dəymir əlimə,
Sazaq tək çox sərin, isitməz yəqin.

Nə mən əvvəlkiyəm, nə məndəki sən…
Yolun sonundayıq deyəsən sənlə.
Nə sən əvvəlkisən, nə səndəki mən…
Yaxınkən uzağıq biləsən mənlə.

ÜLVİYYƏ MƏHƏMMƏD (1972) QADINLAR BAYRAMI

Bu gün özəl gündür günlər içində,
Qadınlar bayramı deyirlər ona.
Qadın bir dünyadır, dünya içində,
Qadın bir yanadır, dünya bir yana.

Bu gün bayramdır elin, obanın
Darında yuxusuz qalan Ananın.
Saçın birçəyini yerlər dağıtmış,
Yurd yeri tarimar olan Ananın.

Bu gün bayramdır Şəhid Ananın,
Övladı gül düzür məzarı üstə.
Bu gün bayramıdır Şəhid balasın
Məzarı üstünə çökən Ananın.

Bu gün özəl gündür günlər içində,
Qadınlar bayramı deyilir ona.
Saymaqla yetməz ki qadınları biz,
Bu bayram dərdləri çataydı sona.

Bu gün, körpə ikən yurddan qovulmuş,
Xocalı yarasın qəlbinə gömən,
Dərdli qadının da, bil bayramıdır,
Görəsən təbriklər eşidir o,mən.

Bu gün bayramıdır elin, obanın,
Bu gün bayramıdır Şəhid Ananın,
Bu gün bayramıdır məzar qucanın,
Bu gün bayramıdır Zəfər çalanın.

TUNEL

Bir tunel gözləyir bizi qabaqda
Bir ucu işıqlı, o biri gecə.
Gözümü zilləyib zülmətə sarı
Gedirəm, bilmirəm dayanım necə.

Yolun ortasında dayanmaq olmaz
O tunel dönüşü olmayan yoldu
Hər gələn gedəcək dayanmaq olmaz
Bu tunel zamanla bosalib, doldu.

Bir tunel gözləyir bizi qabaqda
Əvvəli işıqlı, sonuysa gecə.
Bilmirəm zulmətdə işıq olacaq,
İşıqsız tuneldə yol gedim, necə?!

Addimim ilisir biri-birinə
Gedməyə urəyim tələsmir inan.
Getdikcə arxada yaranır tıxac
Geriyə dönməyə qalmayır güman.

Tuneldə yeridim özüm- özümlə
Ayaq altda qaldı izim-izimlə.
Bu yol bir adamlıq sirdaşın olmaz
Geddinsə yollarda dayanmaq olmaz.

Bu yollar aparır bizi bizlərdən
Ömürlər süzülür yaş tək gözlərdən.
Silməyə gözünü əlim qalxmayır
Quruyur gözlərin yaşı açmayır.

Bax,o yol görürsən,arxada qalan
Bu ömür yoludu yaşadın necə
Yaşadın taleyin doğru ya yalan
İşıqlı tunelin sonu bax, gecə.

Hər gündüzün sonu qaranlıq gecə
Hər gecədən sonra yeni gün gəlir.
Ömrünü yaşadın sərt ya da incə
Sən getdiyin yoldan, yeni can gəlir.
24.04 .2020

ŞƏHİDLİK ZİRVƏSİ

Zirvələr içində bir zirvə durur,
Ora yüksəlməyə hünər gərəkdir.
Ən yüksək zirvədir, aşmaq çox çətin,
O zirvəyə doğru getməli mətin.

Zirvələr içində bir zirvə də var,
Ora yüksələnlər əbədi yaşar.
Qalxdımı zirvəyə vətən övladı,
O, zirvəyə zirvə ona yaraşar.

Aşılmaz, çətindir addımladıqca
Qalxarsan göylərdə məskunlaşarsan.
Ucadan ucadır onun amalı,
Allah dərgahında daim yaşarsan.

Qalxdımı göylərə zirvədən baxar,
Bulud tǝk toqquşar, şimşək tək çaxar.
Şəhidlik zirvəsi,ucalsa kimsə,
Vətən var olduqca daima yaşar.

ŞƏHİD ANASI

Bir kədərli sima gördüm
Süzülürdü yaş gözündən.
Keçdiyi hər tinkə-dalan
Üzülürdülər izindən.

Addımlayır asta-asta
Kədər ilə sürünürdü
Onu görən hər baxışdan
Gizlənməkçün bürünürdü.

Kədərliydi üzü-gözü
Kədərliydi susmuş sözü
Dərddən sanki yoğrulmuşdu
Kədərliydi tamam özü.

Getməyə hünər yox idi
Yollandığı o məkana
Sanki ümid gözləyirdi
Qaytarsın keçmiş zamana.

Mənzil başına çatırdı
Yenə qəmli, gözü yaşlı
İçində bir ruh yatırdı.
Bəmbəyazdı saçı-başı.

Mənzilin qapısı açıq
Hər tərəfdə minlər vardı
Bilirdi ki, onun üçün
Dünya böyük, mənzil dardı…

Başını asta qaldırıb
Gözünü dikdi gözünə
Qabarlı buz əlləriylə
Sığal çəkdi daş üzünə.

Şəkli çoxdan cəkdirmisdi
İllər öncə sevinc ilə
İndi yaman kədərliydi
Həsrət dolmuşdu içinə.

Dayandı ayaq tərəfdə
O şəkilə xeyli baxdı
Susmuş ana fəryad etdi
Səssiz göz yaşları axdı.

Bilirdi ki, şərəfliydi
Oğlunun keçdiyi bu yol.
Arzusuydu gəlin alsın
Toy çaldırsın qaldırsın qol.

Anasına baxan gözlər
Deyirdi ki: Ana bəsdir!
Sənin bu göz yaşların da
Kədərin də bil əbəsdir.

Mənim yerim bax ordadır
O əlçatmazın yanında
İstədiyin an çağır sən
Gələcəyəm mən anında…

Əsla tənha deyilsən sən
Gördüyün hər gənc sənə oğul
Bunu bil ki, hər bir ana
Doğa bilməz Şəhid oğul.
26.06.2020

TARİX ŞƏHİDLƏR

Niyə görən yuxum məndən yan gəzir
Bilmirəm intizar nədən yaranıb.
Soyuq qış günündə misri qılıncla
Tənhalıq ruhuma kəfən toxuyub.

Bu hüzün günüdür göylər ağlayır
Bu qeyrət günüdür ellər ağlayır
Şəhid məzarına yollanan xalqım
Göz yaşın boğaraq qara bağlayır.

Qara mərmərlərdən baxan cavanlar
Ürəklər fəth edib qalan cavanlar.
Ayrılıq nə imiş bilməz heç zaman
Sevgi dastanına dönən cavanlar.

Bir ümid, bir arzu bəxş edir elə
Baxışı sönməyən igid Şəhidlər.
Şəkildən xəfifcə gülümsəyir, bax
Meydandan dönməyən tarix Şəhidlər.
20.01.2021

NİŞAN ÜZÜYÜ

(Şəhid Elçin Arif oğlu Mustafayevə həsr olunub)

Bir üzük parlayır dərddən xəbərsiz,
Bir qızın əlində gözləri yaşlı.
Öpür o üzüyü hər saniyədə
Göz yaşı süzülür qalıb əlacsız.
Bir gəncin eşqiydi, bir qəlbə sevinc
Üzük gələcəyin möhürü idi
İndi arzu sönüb ümidlər iflic.
Baxır barmağında göynəyir qəlbi.
Bu idi arzusu, bu idi əhdi?!
Demişdi sevgilim gələcəyəm mən
Olacaq qızıldan sevgimin taxtı….
O gənc nə biləydi dövran dönəcək
Fələk tələ qurub bəxt söndürəcək?
Demişdi yanına dönəcəyəm mən
Hardan biləydi ki, nəşi dönəcək
Bir mağar qurulub onu gözləyir
Gözlərdən qan axır yaşın yerinə.
Üzük oda dönüb yandırır əlin
Sevən qəlb indiysə dərddən sızlayır
Anlaya bilmir qız başına gələn
Yuxumu yoxsa ki, acı bir gerçək
Oyana bilmir o, soruşur nədən.
Necə gözləyirdi, necə gələcək
Görən bu kədərli qəmli qələmlə
Nə qədər yazacaq, necə yazacaq
Yaşamaq üçün o səbəb axtarır.
Səbəbi o idi həm də sevgisi
Şəhidi gətirdi bayrağa büküb
Dodaqlar qurudu yoxdur gerisi
Mağarda hamıya kədər qəm çöküb
Barmağında üzük çiynində örpək
Dəli bir ruh girdi mağara görcək
Şəhidini öpüb ətrin qoxladı
Üz gözünü cırdı saçını yoldu
Nəfəsi kəsildi söndü ocağı
Bildi boş qalacaq nişan barmağı
Üzük bir nişandır onda qalacaq
Şəhidi yaşadıb sadiq qalacaq
Həm öz sevgisinə, hər arzusuna
Bu qədər dərd olnaz göz yaşı olmaz
Kədərdən ağ gəlib lap qarasına
Gözünün yaşını ellər qurutmaz
Qəlbinin yarasın dillər ovutmaz.
15.07.2020

XARI BÜLBÜL

Tapdalandı illər boyu yad ayaqda Xarı bülbül,
İllər boyu qəm qəm kədərin,həsrətlərin yarı bülbül.

Qaldı yarından kənarda xar bağladı Xarı bülbül ,
Bu bir Allah möcüzəsi yarı güldür, yarı bülbül.

Gözü yollara dikildi, axtardı öz sahibini,
Boynu tapdaqdan büküldü, gözlədi öz sahibini.

Bilirdi ki, gün gələcək, dönəcək eli Vətənə,
Mahal belə verməyəcək düşmənə, yurddan ötənə.

Gün gələcək,dik tutacaq başını mavi səmaya,
Daha imdad gözləməyib, çağırmayacaq haraya.
2022

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir