“Nəriman Nərimanov – milli təmayüllü kommunist” » ZİM.Az


"Nəriman Nərimanov - milli təmayüllü kommunist" REDAKSİYAMIZIN ARXİVİNDƏN:

QİYMƏTLİ MONOQRAFİYA:

“Nəriman Nərimanov – milli təmayüllü kommunist”

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Sovet dövrü tarixinin obyektiv öyrənilməsi üçün əlverişli şərait yaranmışdır. Dövlət xadimlərinin baxışları və fəaliyyətini olduğu kimi öyrənmək, qiymətləndirmək aktuallıq kəsb edir. Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti indiyə qədər ayrı-ayrılıqda tədqiqat mövzusu olmuşdursa da, ancaq kompleks şəklində araşdırılmamış, ziddiyyətli məqamlara tam aydınlıq gətirilməmişdir.

Azərbaycanın görkəmli dövlət xadimi və tanınmış tədqiqatçı-alim Həsən Əziz oğlu Həsənovun bu məsələləri araşdırması və tam dolğunluğu ilə aydınlıq gətirməsi mühüm elmi tarixi əhəmiyyət kəsb edir. Bu baxımdan onun elə bu günlərdə işıqüzü görmüş “Nəriman Nərimanov – milli təmayüllü kommunist” adlı monoqrafiyası böyük maraq doğurur. Monoqrafiyada tədqiqatın xronoloji çərçivəsi düzgün olaraq N.Nərimanovun dövlət başçısı olduğu 1920-1922-ci illəri deyil, onun ədəbi, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrünü əhatə edir.

Müəllif Nəriman Nərimanovun bolşevik rejimi şəraitində milli dövlətçilik baxışlarını və fəaliyyətini öyrənmək üçün iqtisadi inkişafa, xarici əlaqələrə, hərbi quruculuğa, milli-mədəni inkişafa, Azərbaycan dilinə münasibətini, ona dövlət dili statusu vermək uğrunda səylərini və din problemlərinə münasibətini araşdırmışdır. N.Nərimanovun milli ziyalılara diqqəti, onları ölüm təhlükəsindən və təqiblərdən qoruması məsələləri öyrənilmiş və ilk dəfə göstərilmişdir. Əsərdə problemin öyrənilməsi dərəcəsi ardıcıllıqla verilmişdir. 20-ci əsrin ortalarından 50-ci illərin ortalarınadək kommunist ideoloqlarının N.Nərimanovun adının unutdurulmasına xüsusi səy göstərmələri, 60-cı illərdə və 70-ci illərin ilk illərində onun fəaliyyətinin müxtəlif tərəflərinə həsr edilmiş əsərlərin yazılması və 70-ci illərdə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin N.Nərimonovun 100 illik yubileyi ilə əlaqədar geniş təşkilatçılıq fəaliyyətinin həlledici rolu öz əksini tapmışdır. Əsərdə düzgün olaraq göstərilir ki, Azərbaycan Sovet tarixi ədəbiyyatının tədqiqi nəticəsində bu qənaətə gəlmək olur ki, dövrün şərtlərinə uyğun olaraq N.Nərimanov yazıçı, maarifpərvər, ictimai-siyasi xadim və inqilabçı kimi təqdim olunmuş, dövlətçilik fəaliyyəti lazımınca tədqiq olunmamış, xüsusən milli dövlətçilik baxışları və fəaliyyəti ilə bağlı məsələlərin üstündən sükutla keçilmişdir. Ensiklopedik nəşrlərində Nəriman Nərimanovu milli təmayülçü kimi qiymətləndirərək unudulmaq cəhdləri əsaslandırılırdı.Müəllif bu monoqrafiyada Nəriman Nərimanova qarşı irəli sürülən ittihamlara kəsərli cavab olaraq onun ictimai-siyasi və dövlətçilik baxışlarını, vətənpərvərlik aspektlərini açmışdır. Əsər yazılarkən zəngin ədəbiyyat, mənbə və arxiv sənədlərinə istinad edilmişdir.
Müəllif Türkiyədə nəşr olunan, uzun illər Nərimanovşünaslar üçün əlçatmaz olan əsərlərə xüsusi diqqət yetirib.Müəllif N.Nərimanovun milli dövlətçilik baxışlarını və fəaliyyətini aydınlaşdırmaq, ümumiləşdirmək və sistemləşdirilmiş şəkildə elmi dövriyəyə daxil etmək məqsədinə nail olmuşdur. Kitabda ilk dəfə olaraq N.Nərimanovun dövlətçilik baxışları və fəaliyyəti sistemli, kompleks şəkildə tədqiq olunmuş və ümumiləşdirilmələr aparılmışdır. Milli dövlətçilik baxışları XX əsrin əvvəllərində türk xalqları içərisində geniş yayılmış milli təmayülçülük baxışları ilə sıx əlaqədə öyrənilmişdir. N.Nərimanovun Azərbaycandakı sovet quruculuğu proseslərinə fərqli baxışlarının mahiyyəti açılmışdır. Sovet sistemi və kommunist idelogiyasının qadağaları və təqibləri şəraitində N.Nərimanovun antiazərbaycan mövqeli siyasətçiləri vəzifələrindən uzaqlaşdırmağa nail olması, milli kadrların hazırlanmasında, milli – mənəvi dəyərlərin qorunmasında və milli düşüncəli ziyalıların sovet rejiminin cəza sistemindən və təqiblərindən xilas etməsində oynadığı müstəsna rol şərh edilmişdir. Sovet Rusiyası tərəfindən Bakının Azərbaycanın paytaxtı, Zaqatalanın Azərbaycanın ərazisi olaraq tanınması, Dağlıq Qarabağın və Naxçıvanın Azərbaycan ərazisi olaraq beynəlxalq sənədlərlə rəsmiləşdirilməsi N.Nərimanovun xidməti kimi aydınlaşdırılmışdır. Aydınlaşdırılmışdır ki, N.Nərimanov Sovet Rusiyasında, yaranmaqda olan SSRİ hökumətində Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı çıxan qüvvələrlə açıq-aydın mübarizə aparmışdır. Dağılmaqda olan Rusiyada milli məsələlər izah edilmişdir. SSRİ-nin türk xalqları arasında milli təmayülçülük məsələləri təhlil edilərək göstərilmişdir ki, N.Nərimanov bu hərəkatın banilərindən və aparıcı siyasətçilərindən olmuşdur. N.Nərimanovun yoxsulların, fəhlələrin və kəndlilərin güzəranını dərindən bilərək göstərdiyi fəaliyyəti, müəllimlik, jurnalistika, teatr təbliğatı, dram yazması və s. şərh edilir. Sovetləşmə ərəfəsində Azərbaycanda yaranmış vəziyyətin ümumi mənzərəsinə diqqət yetirilmiş, Azərbaycanda bolşevik çevrilişi ərəfəsində sosial, iqtisadi və siyasi vəziyyətin mürəkkəb olduğu konkret faktlarla göstərilmişdir.

N.Nərimanov Azərbaycan adət-ənənələrinin qoruyucusu, elm,təhsil və mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərən şəxs olmuşdur. Onun milli dövlətçilik baxışlarında Azərbaycan dilinə qayğı başlıca yer tutmuşdur.

Monoqrafiyadan görünür ki, N.Nərimanovun dövlətçilik siyasətində milli ziyalı amili xüsusi yer tutmuş, dini problemlərin həllinə xüsusi qayğı göstərmişdir. N.Nərimanovun fəaliyyətində türkçülük mövqeyi, Türkiyəyə dost və qardaş münasibəti xüsusi yer tutmuşdur. Eyni zamanda onun sovet dövlət quruculuğu proseslərinə fərqli baxışı da tədqiq edilmişdir.

N.Nərimanovun həyat məramı hər hansı bir partiyanın proqramından ibarət deyildi. Onun Azərbaycanda baş verən inqilabı proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləməsi və yerli xüsusiyyətləri həmişə nəzərə alması da Həsən Həsənovun əsərində araşdırılmışdır.

Nəhayət, bütün göstərilən müsbət cəhətlərə görə qeyd etməliyik ki, Həsən Əziz oğlu Həsənovun “Nəriman Nərimanov – milli təmayüllü kommunist” adlı monoqrafiyası nərimanovşünaslığa qiymətli hədiyyədir. Müəllifi bu dəyərli kitabı münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!

Şikar QASIMOV,
Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri,
tarix elmləri namizədi, dosent;

Müşfiq BORÇALI,
Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru,
ZiM.Az-ın və “Ziya” qəzetinin Baş redaktoru.

“Şərqin səsi” qəzeti, N: 10 (160), İyun, 2005-ci il.
N: 3 (232) Fevral, 2010-cu il.

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir