TARIYELİN MÖCÜZƏLİ DÜNYASI » ZİM.Az


TARIYELİN MÖCÜZƏLİ DÜNYASI Neçə gündür ki, qarşımda aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, publisist yazıçı İsmayıl Qəzənfər oğlu Məcidlinin və həkim-fitoterapevt, həvəskar rəssam İlyas Əzim oğlu Əzimovla birgə hazırladıqları, redaktoru Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan Bölməsinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, jurnalist Allahverdi Təkləli olan “Əsərlərində yaşayn sənətkar” kitabı durur. Hər dəfə kitabı əlimə alanda ürəyimə özümdən asılı olmayaraq qəribə hisslər dolur… Çünki adından da məlum olur ki, kitab bu gün həyatda olmayan, lakin yaratdığı sənət əsərləri ilə canlı tarix yazan Tarıyel Həsənoğlunun işıqlı xatirəsinə həsr olunmuşdur…

Kitabın xülasəsində yazıldığı kimi, Tarıyel Həsən oğlu Əliyev 1949-cu ildə Gürcüstanın Qardabani (Qarayazı) rayonunun Qaratəpə kəndində anadan olub, Tbilisi Moisey Toidze adına Rəssamlıq məktəbinin məzunudur. 1969-1971-ci illərdə bu kitabın müəllifi İ.Məcidli ilə Bakıda Salyan kazarmasında əsgəri xidmət keçib. Və elə həmin illərdən yarım əsrdən də çox vaxt keçməsinə baxmayaraq, İsmayıl müəllimin arxivində Üçtəpə hərbi təlim və təcrübə meydanında birgə çəkdirdikləri şəkil, 1970-ci ildə “Ulduz” jurnalında çap olunmuş onun əlindən çıxan “Yanıq Kərəmi”, “Mənsuriyyə”, “Ana laylası” və “Sənsiz”, “Vağzalı-Atlandırma” əsərləri durur. Həmin əsərləri yaradıcılığına, istedadına, təfəkkürünə, rəngləri görüb duyma, qavrama və vəsf etmə bacarığına daim həsəd apardığı və gələcəkdə onun böyük, tanınmış bir sənət adamı olacağına inandığı Tarıyel Əli-yevdən əbədi bir xatirə kimi qorunub saxlanılır.
Amma bu gün əsgər yoldaşına olan bu inamının doğrulmadığını gördükcə İsmayıl müəllim Tarıyelin dövlətimiz tərəfindən tanınıb öz layiqli qiymətini almamasına yanıb-yaxılsa da, sağlığında yaratdığı sənət əsərləri ilə tamaşaçılarının ürəklərində özünə ölməzlik, əbədi yaşarlıq qazanması ilə az da olsa təskinlik tapır…
Kitabda rəssamın yaradıcılığı əsasən Bakı və Qarayazı və Türkiyə dövrlərinə bölünür. Rəssamlığa gənc yaşlarında böyük marağı olan Tarıyel Bakıda hərbi xidmətdə olarkən “Yanıq Kərəmi”,“Mənsuriyyə”, “Ana laylası” və “Sənsiz”, “Vağzalı-Atlandırma” və başqa rəsmləri ilə Səttar Bəhlulzadənin tövsiyəsilə “Ulduz” jurnalında çıxış etmişdir. Onun “Yanıq Kərəmi”, əsəri rəssam Səttar Bəhlulzadənin çox xoşuna gəlmişdi, Toğrul Nərimanbəyov heyrətdən əllərini göyə qaldırmışdı…
Səttar müəllim onun əsərlərini çox yüksək qiymətləndirərdi. Onu Tarıyel yox, Tanrıyel çağırardı. Deyərdi ki, Tarıyel gürcü adıdır. Tanrıyel Səttar müəlli-min istəyilə əsgərlikdən sonra təhsilini davam etdirmək üçün Leninqrad Rəngarlıq İnstitutuna getmək istəyirdi…
1988-ci ilə qədər Tarıyel yüzlərlə əsərlər yaratmasına baxmayaraq, o tablolardan yalnız 47-si kitabda yer almışdır. Əsərlərin çoxu bu gün də sifarişçi və sərgilərindən ələ keçirən insanların evlərində və qəbiristanlıqlardadır. Deyilənə görə hədsiz sayda əsərləri şəxsi kolleksiyalardadır…
70-ci illərdə Bakıdan Gürcüstana gedəndən sonra şəraitin çətinliyi, inandığı adamların etibarsızlığı, iki dəfə sərgilərə verdiyi əsərlərinin oğurlanması və s. nəticəsində kövrək qəlbli rəssam sarsılır, dar dairədə adamlarla, ən çox da sədaqətli dostu jurnalist və şair Allahverdi Təkləli ilə dostluq edir. Demək olar ki, sifarişlə işləyib, çox vaxt da dəyərindən aşağı qiymətə satıb. Həmişə kifayət qədər pulu olsa da tez də xərcləyirmiş. Eyni hal Soçidə və sonralar qardaş Türkiyədə də davam edib.
1988-ci ildə Türkiyənin cənub-qərbində, Antalyadan 75 km şərqdə yerləşən kiçik kurort şəhəri Manavqata gəlir. Şəhər Aralıq dənizi sahilindən cəmi 5 km məsafədə yerləşir. Tarıyel burada da yaradıcılıqla məşğul olub. Onun əsərlərinə aludə olmuş, 1941-ci ildə Ərzurumun Aşkalə Çatalbayır (Pənək) kəndində doğulub 1985-ci ilə qədər Almaniyada işləyib, 1985-ci ildən Sidedə turizm yönümlü müəssisələr açan Zeynal Ərtəkinlə rastlaşır.
Haqqın qapısında başqa yol olmadığını, dil, din, irq, məzhəb soruşulmadığını bildirən Zeynal Ərtəkin bu düşüncələrini paylaşaraq daha da artırmaq üçün Dədəxan Mədəniyyət Evini qurur. O Tarıyelə bu mədəniyyət evinin divarlarını bəzəmək üçün Anadoluda yetişmiş ruhani ağsaqqalların həyatından, 3 ilahi dinin peyğəmbəri və onların sevdiklərinin başına gələn hadisələrdən hissələr təqdim edən 60-a yaxın yağlı boya tablosunu çəkdirir. O, Dədəxan Mədəniyyət Evinin divarlarını bəzəyən rəsmlərin başa gəlməsinə təxminən 100 min avro xərclədiyini, sərgilənən sənət əsərlərini yağlı boya ilə Gürcüstanın Qarayazı bölgəsindən olan rəssam Tanrıyel Həsənoğlunun (o Türkiyədə bu soyadla tanınıb) 2 ildə çəkdiyini qeyd edir.
Rəsmlərə qoşulmuş qulaqcıqla sərgiyə gələn turistlər əsərlərdə təsvir olunan hadisələrlə bağlı ingilis, rus, alman və türk dillərində məlumat əldə edirlər.
– “Bu dünyada irq var, insan var. Bu dünyada bir dil var, bu dünyada bir ürək var. Bu dünyada bir inanc var – sevgidir. Anadolu isə böyük bir fikir çeşməsidir.
– Dədəxan Mədəniyyət Evi bu düşüncələri paylaşaraq daha da artırmaq üçün quruldu. Barış, qardaşlıq, rifah və sevgi. Ruhundakı sıxıntıları aradan qaldırmaq, Mövlanəni, Hacı Bektaşi Vəlini, Yunus Əmrəni, Pir Sultan Abdalı və Abdal Musanı düşünmək.
– Günəş kimi isinən, brilyant kimi parlayan bu Ərənlər məni çox təsirləndirdi və Tanrıyel adlı Gürcüstanda doğulmuş bir rəssama xəyallarımı çəkdirdim. Bu rəsmlərdə gizlənmiş həqiqətlər var. Bu tablolarda yoxmuş kimi davranılan Türkiyənin daxilində nüfuzuna sahib bir cəmiyyətin gerçəkliklərinin tanıtması var. Bu rəsmlərdə sirlər, möcüzələr və kəramətlər var. Bu rəsmlərdə əbədilik var. Bu rəsmlərdə mən və nəslim var” – deyir Zeynal Ərtəkin.
Tanrıyel Əliyevin dini bilikləri yetərincə olduğundan bu mədəniyyət evində nümayiş etdirilən əsərlərində dini mövzu üstünlük təşkil edir. Peyğəmbərlərin möcüzələrinə həsr etdiyi əsərlərində kompozisiya, simmetriya, rənglərin seçimi, insanların, əşyaların və heyvanların yerləşdirilməsi o qədər dəqiqdir ki, onun dühasına şübhə yeri qalmır.
Kitabın “Dədəxan Mədəniyyət Evinin Sənət Qalareyası üçün çəkdiyi əsərlər” bölməsində dini mövzulu əsərlərlə yanaşı “Seyid Nəsimi”nin, “Məhəmməd Füzuli”nin, “Ömər Xəyyam”ın, “Yunus Əmrə”nin, “Şah İsmayıl Xətai”nin, “Adəm və Həvva”nın tabloları da yer almışdır.
Mədəniyyət Evinin Sənət Qalareyasının salonlarında nümayiş etdirilən dini tablolarla yanaşı, müəllifinə öz möhtəşəmliyi, ecazkarlığı və əsrarəngizliyi ilə tamaşaçılarının ürəklərində özünə ölməzlik, əbədi yaşarlıq qazandıran “Səttar Bəhlulzadə”nin, “Yanıq Kərəmi”nin, “Mənsuriyyə”nin, “Ana laylası”nın, “Sənsiz”in, “Vağzalı-Atlandırma”nın, “Abbas və Gülgəz”in tabloları da tamaşaçılarının ruhlarını oxşayır.
Böyük əsərlər yaratmış rəssam Tanrıyel Əliyev təəssüf ki, yaradıcılığına məsuliyyətlə yanaşmadığından sənət incilərinin bir qismi itib-batmış, 2016-cı ildə Türkiyədə vəfat etdikdən sonra isə emalatxanasından xeyli əsəri oğurlanaraq dəyər-dəyməzinə satılmışdır. Acınacaqlı haldır ki, Tanrıyel Əliyevin qədri-qiyməti bilinməyən nadir sənət əsərlərini toplayıb bir araya gətirməkdə Gürcüstan və Azərbaycan mədəniyyət nazirlikləri, rəssamlıq ittifaqları, rəssamın ailə üzvləri maraqlı olmamışlar.
Bütün bunlara baxmayaraq, Tanrıyelin sirli, möcüzəli və kəramətli iç dünyasına həsr olunmuş “Əsərlərində yaşayan sənətkar” kitabının müəllifləri olan onun əsgərlik yoldaşı İsmayıl müəllim və rəssamın hələ 1970-ci illərdən “Yanıq Kərəmi” əsərinin vurğunu olduğu İlyas həkimin zəhməti, unudulmuş bir sənətkarın ölkəmizdə və doğulduğu Gürcüstanda tanıdılması yolunda əsil fədakarlıqdır desəm yanılmaram.
Bu kitabın müəlliflərinin əsas məqsədləri rəssamın möhtəşəm əsərlərinin toplanaraq rəssamlıq muzeylərinə təqdim edilməsilə bərabər onların sərgi salonlarında da nümayiş etdirilməsidir ki, bu işlər də Azərbaycanla bərabər Gürcüstanda da aidiyyatı dövlət qurumları tərəfindən yerinə yetirilməlidir.

Şakir Albalıyev
Filologiya üzrə fəlsəfə doktoru, dosent

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir