“Mənə məsləhət verən öz nazirimdir”
AzNews.az mətbuat xidmətlərinin rəhbərləri ilə bağlı yeni layihəyə başlayır. Məqsədimiz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı mətbuatda, ictimaiyyətdə kifayət qədər yaxşı tanınan mətbuat katiblərini bir qədər fərqli təqdim etməkdir. Biz onlara ünvanladığımız sualları bir qədər fərqli formada təqdim etdik, ümid etdik ki, onların da cavabları həmişəkindən fərqli olacaq.
Layihəmizin ilk qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovdur.
Müşfiq Əmirov günə ilk növbədə mətbuatı izləməklə başlayır. Bundan sonra özlərinə aid olan məlumatları təhlil edir və öz məlumatlarını ötürür.
– Diqqətinizi cəlb etmək üçün xəbərin siyasi, sosial və ya kriminal xarakterli olmasının əhəmiyyəti varmı?
– Mətbuat xidmətləri öz sahələri ilə bağlı xəbərləri ilk növbədə oxuyurlar. Ancaq ümumi şəkildə xəbərlərlə tanış olmaq, ölkədə və dünyada baş verən hadisələrlə tanışlıq insanın öz dünyagörüşünə də böyük təsir göstərir. Mən də belə edirəm.
– Hər bir qurumun mətbuat xidmətin rəhbəri həm də təmsil etdiyi qurumun üzüdür. Jurnalistlər sizi adətən “üzüag” mətbuat xidmətləri sırasına daxil edirlər. Siz necə düşünürsünüz, rəhbərlik, mətbuat, ictimaiyyət qarşısında üzünüz nə rəngdədir?
– Əgər dediyiniz sözlərin 25 faizini bilsəm, özümü yaxşı əhval-ruhiyyədə hiss edərəm. Özüm-özüm haqqında heç nə deyə bilmərəm. Siz jurnalistlərdən eşidirəm. Bu da insana işləmək üçün ruh verir. İşləyən insanda həmişə narahatlıq olur. İşləyən həmişə özündə məsuliyyət hiss edir, işinə can yandırır. İşi sevməsən, can yandırmasan üçün ağ olmur, üzüqaralıq olur. Buna görə də insan öz hissini, abır-həyasını qorumaq, söz gəlməsin deyə işini elə görməlidir ki, həm rəhbərlik, həm mətbuat, həm də ictimaiyyət ondan razı qalsın.
– Uzun müddətdir ki, bu vəzifədəsiniz və mətbuatda yəqin ki, dostlarınız var. Hansısa informasiyanı verəndə dostlarla qeyri-dostlar arasında bölgünü necə tənzimləyirsiniz? Kim sizdən ilk informasiyanı ala bilir?
– Mətbuatla münasibətim yüksək səviyyədədir və heç bir fərq qoyulmur. Çalışıram ki, məlumat hamıya eyni vaxtda çatsın. Amma birinci elə istəməyənlərə məlumatı verərəm. Düzdür, yoxdur, amma olsa ilk növbədə onlara məlumatı verərəm. Mətbuatla işimiz qarşılıqlı əməkdaşlıq şəraitində yüksək səviyyədə qurmuşuq. İnformasiya-kommunikasiya texnologiyaları yeni sahədir, bu sahəyə diqqət var, amma bu sahədə yazan jurnalistlərimizə ehtiyac var. Doğrudur, yazan var, amma istərdik ki, təhlil, analitik yazılar hazırlansın. Prezident İlham Əliyev 2013-cü ili “İnformasiya texnologiyaları ili” elan edib. İnanıram ki, bu ildə daha yaxşı işləyəcəyik və mühüm yeniliklər olacaq.
– Mətbuat katiblərinin əksəriyyəti bu vəzifəyə mətbuatdan gəlib. Amma vəzifəyə gəldikdən sonra mətbuatda çıxış etməyi unudublar. Sizcə niyə yazmırlar, vəzifə onları dəyişir, yoxsa…
– Mən mətbuat xidmətinə vəzifə deməzdim. Bu məsul bir işdir. Çalışdığı sahənin görən gözü, deyilən sözüdür. Çox yerdə mətbuat katiblərini nazirliyin sözçüsü kimi təqdim edirlər. Bunu nə nazir müavininə, nə idarə və ya şöbə müdirinə aid edirlər. Bunu ancaq mətbuat xidmətinə aid edirlər. Bu sahədə çalışan hər bir kəs bunu nəzərə almalıdır. Nazirliyin sözçüsü kimi həmişə fikirlərimi yerində və vaxtında ifadə etməyə çalışıram. Söhbət jurnalistika üzrə təhsildən getmir. Hər bir adama vəzifə, iş həvalə oluna bilər. O da çalışmalıdır ki, bu işin öhdəsindən gəlib etibarı doğrultsun.
– Yəqin ki, nazirlik daxilində bizim görə bilmədiyimiz hansısa problemlər olur. İndiyə qədər iş prosesində rəhbərlik tərəfindən bağışlanılmayan ən böyük səhviniz hansı olub?
– İşlədiyim müddətdə bir dəfə də olsun nə töhmət, nə də irad almışam. Nə yazılı, nə də şifahi. O səviyyəyə çatdırmaram. İşimə məsuliyyətliyəm, əgər hansısa bir çatışmazlıq olsa, irad alsam, bəlkə də elə həmin gün özüm gedərəm. İnsan bir şeyə öyrəşdikcə artıq alışqanlıq olur. İradı çox aldınsa öyrəşərsən. Mən 2009-cu ildə prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam, nazirlik daxilində 10-a yaxın diplom, Fəxri fərmana layiq görülmüşəm. Bunlar hamısı mənim əməyimə verilən qiymətdir.
– Bilirik ki, mətbuat xidmətinin rəhbərləri həm də nazirin çıxışlarının müəllifi olurlar. Bu məsul iş sizin də vəzifənizə daxildirmi?
– Bizim nazir akademikdir, mətbuata açıq insandır. Hər şeyin şəffaf olmasını istəyir, mətbuatla təmasda olmağı xoşlayır. Əli müəllimin həm də yaxşı qələmi var. Öz çıxışlarının hamısını özü yazır.
– Əli Abbasovun yeni nazir təyin olunduğu günləri yaxşı xatırlayıram. Bir tədbirdə idik və Əli Abbasov ilk dəfə mətbuat qarşısına nazir kimi çıxırdı. Çox həyəcanlı görünürdü və siz bizə yaxınlaşıb “Əli müəllimdən müsahibə götürə bilərsiz” dediniz. Bu sözünüzlə həm bizi, həm də naziri ürəkləndirdiniz sanki.
– Düz deyirsiniz. Nazirimiz təyin olunmasından 9 il keçib. Yadımdadır ki, o hadisədən sonra mənə “həmişə mətbuata belə diqqətli ol” dedi. Əli Abbasov mətbuatı 4-cü hakimiyyət, bəlkə ondan də əvvəlki cərgədə görür. Ona görə də mətbuatla təmasa daxili ehtiyac hiss edir. Onun mətbuatla bu münasibəti mənim də işlərimin əsasını təşkil edir.
– Yəqin ki, həm də işinizi xeyli asanlaşdırır. Heç də bütün nazirlərin mətbuata münasibəti belə deyil.
– Əlbəttə asanlaşdırır. Çünki Əli Abbasov özü mətbuata açıqdır.
– Müşfiq müəllim, mətbuatla münasibətlərdə bu qədər rahat olmağınızın səbəbi nədir? Sanki təmsil etdiyiniz sahədə mətbuatın diqqətini cəlb edəcək ciddi bir problemin olmadığına əminsiniz.
– Əslində belə görünə bilər, amma daxilən narahatlıq çəkən 3-5 nəfər varsa, onlardan da biri mənəm. Hər bir sahədə problem var. Yaxşı işlər də həmişə görünür. Problem var, böyük sahədir, amma çalışırıq ki, bu problemləri qarşılıqlı şəkildə həll edək. Biz problemi jurnalistlərlə bərabər araşdırırıq. Bu da jurnalistlərin bizə qarşı olan diqqətini nəticəsidir. Bu da bizə kömək edir. Burda oturmuşuq və hansısa kənddəki problemi görə bilmirik, amma jurnalist onu görür. Əgər problem varsa, birgə araşdırıb həllinə nail oluruq, jurnalistə minnətdarlıq edirik.
– Mətbuatın bir problemi də “reket jurnalistika”dır. Təəssüf ki, nə qədər şikayətlənsələr də bəzən dövlət qurumlarında belə “jurnalistlərlə” münasibətlər daha yaxşı qurulur. Siz bunu necə tənzimləyirsiniz?
– Əvvəllər çox olurdu, etiraf etmək lazımdır. Bir neçə il əvvəl reket jurnalistlər bütün müəssisələri başına götürmüşdü. Bizi də bu məsələ çox narahat edirdi. Hazırda onlar tamamilə yoxa çıxıblar, sanki qurbağa gölünə daş atmısan. Bəlkə də Mətbuat Şurasının fəaliyyətinin nəticəsidir, hər-halda onlar özbaşına yoxa çıxmadılar. Son illər görüşdüyüm jurnalistlərin hamısı əsl jurnalistlərdir.
– Otağınızın girişində xeyli diplomlar, sertifikatlar gördüm. Onları ora vurmaqda məqsədiniz nədir – otağınıza daxil olmaq istəyən şəxsdə özünüz barədə ilkin təəssürat formalaşdırmaq istəyirsiz?
– Diplomları harasa yığmaq lazım idi, ən münasib yer də həmin otaqdır. Özüm daxil olanda onlara baxıb işimi bir az qiymətləndirirəm, həm də gələn qonaqlar tanış olur ki, hara gəlmişəm. Başqa bir mənası yoxdur.
– Səmimiyyətlə deyə bilərsiniz ki, o diplomların arasında bayaq danışdığımız o “reket jurnalistlərin” qapı-qapı əlində gəzdirdiyi diplom yoxdur ki? Mənim diqqətimi bir neçə maqam çəkdi, ona görə bu sualı verirəm.
– (Gülür) Ola bilər, bəlkə də var. Bəlkə əvvəli reket olub, ya sonrası, onu deyə bilmərəm. Hər halda o diplomu mənə təqdim edəndə reket deyildi.
– Vəzifəsindən və bu vəzifəni hansı dərəcədə yerinə yetirməsindən asılı olaraq əməkdaşlar nazirin ən yaxın adamları, “sağ əli”, “danışan dili”, “düşünən beyni” ola bilirlər. Sizin funksiyanız bunlardan hansına daxildir?
– Bizdə hər kəsin öz bacarığı, qabiliyyəti var. Məsələn 20 Yanvarla bağlı nazirlikdə tədbir keçirdik, tədbiri mən apardım və cənab nazirə söz verdim. Bu mətbuatla bağlı məsələ deyil, mərasimdir, ancaq mənə həvalə olundu.
– Deməli danışan dilsiniz?
– Burada söhbət təşkilatçılıqdan, ümumu işdən gedir. Hər bir iş öz sahibinə tapşırılır. Bir misal var, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yəni ümumi işimizin xeyrinə hamı bir-birinə dəstək olur.
– Siz həm mətbuat xidmətinin rəhbəri, həm “Rabitə dünyası” qəzetinin baş redaktoru, həm qaynar xətt üzrə məsul şəxssiz. Bir əldə 3 qarpız, yaxud hələ demədiyimiz 4 – 5-ci qarpızları necə saxlayırsınız?
– Bu dediklərinizin hansındansa problem eşitmiziniz? Burda qeyri-adi heç nə yoxdur, sadəcə insanda məsuliyyət hiss olmalıdır. Saytımız da var, nazirliyin portalına baxırıq. Hər kəsin qarşısına tələb qoyulur, mənim qarşıma qoyulduğu kimi. Hər kəs öz işini görür.
– Həmkarlarınıza nə tövsiyə edərdiniz? Ümumiyyətlə dövlət qurumlarının mətbuat katibləri heç bir araya gəlirmi?
– Mən hamısı ilə yaxınam, dostluğumuz var.
Amma mən onlara nə məsləhət, nə də tövsiyə verə bilərəm. Mənə məsləhət verən öz nazirimdir.
– Yəni onlara da öz nazirləri məsləhət versin?
– Bunu mən yox, siz dediniz.
Söhbətləşdi:
Elnarə Əlosmanqızı
AzNews.az
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın