Doğum gününüz mübarək, hörmətli YADULLAH MİRZƏYEV!.. » ZiM.Az

TƏBRİK EDİRİK!..

Yanvarın 12-i Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, istedadlı şair və yazıçı Yadullah Mirzəyevin doğum günüdür!..

Yadullah Qeybullah oğlu Mirzəyev – 12 yanvar 1970-ci ildə Naxçıvan rayonunun Sirab kəndində dünyaya göz açıb.

1977-ci ildə Sirab kənd orta məktəbinin I sinfinə qəbul olunub, 1987-ci ildə həmin məktəbin X sinfini bitirib.

1988-1990-cı illərdə Ukrayna Respublikasında həqiqi hərbi xidmət borcunu yerinə yetirib.

1996-cı ildə Naxçı­van Dövlət Universitetinə qəbul olub, 2000-ci ildə həmin univer­sitetin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixti­sası üzrə bitirib.

Hazırda Babək rayonunu Sirab kənd tam orta məktəbində və “Təhsil kursları”nda ixtisasım üzrə müəllim işləyir.

04.10.2022-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.

Ailəlidir.

Yadulla Mirzəyev gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur.

Doğum gününüz mübarək, hörmətli YADULLAH MİRZƏYEV!.. Onun nəsr əsərlərindən ibarət “Qisas yanğısı” adlı kitabı 2022-ci ildə “Əcəmi” nəşriyyatında işıqüzü görüb.

Şeirləri isə müxtəlif mətbuat orqanlarında, o cümlədən, “Ziya”, “Şərqin səsi”, “Elm və təhsil”, “Borçalı” qəzetlərində, zim.az, zirve.info, borcali.org,bolnisi.az, zirve.info.az və s. internet saytlarında, eləcə də, “Vətən”, “Ziya”, “Turan”, “Turan ellərinə salamlar!”, “Şam işığı”, “İlham çeşməsi”, “Heydər Zirvəsi”, “Odlar yurdu Azərbaycan”, “Azərbaycan bayrağı”, “Zirvəyə ucalanlar”, “Zəfəri qazananlar”, “Söz xəzinəsi”, “Poeziya çələngi”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Qara-Arxac”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə çap olunub.

Biz də hörmətli Yadullah müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, pedaqoji fəaliyyətində, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

Müşfiq BORÇALI,
ZiM.Az

AZƏRBAYCAN BAYRAĞI!

Əsrlərlə yol gəldi, illərlə yasaqlandı,
Baş əymədi zülmətə, yenidən alovlandı.
Azərbaycan adına qürurla dalğalandı
Vətənin göylərində sanki bir gül növrağı
Azərbaycan bayrağı!

Bozqurddan bizə qalan əmanətdir, mirasdır
Azadlığın carçısı, xoş müjdəli murazdır.
Dünya xəritəsində o, Azərbaycan yazdı.
Dostlara sevinc, qürur, düşmənlərə gözdağı
Azərbaycan bayrağı!

Qırmızı – şəhid qanı, and yerim, azadlığım
Göy rəng – Göy türkdən gələn bu həyatda varlığım
Yaşıl – haqqa doğru yol, nişanı qardaşlığın
Ayla ulduz – xalqımın yol göstərən çırağı
Azərbaycan bayrağı!

Bayraqdır birləşdirən yer üzündəki türkü
Bayraqla təsdiqlənir hər millətin soykökü
Şəninə şeir yazır, oxuyur nəğmə, türkü
Səni sevən hər kəsin pıçıldayır dodağı
Azərbaycan bayrağı!

Yolu tikanlı olub, keçıb oddan, alovdan
Azadlığın rəmzidir, sinəsindəki al-qan
Neçə-neçə igidlər uğurunda verib can
Qoruya bilsin deyə Vətən adlı oçağı
Azərbaycan bayrağı!

Bayramınız mübarək!

Bu yaz bir başqa yazdır!

Bahardan müjdə verir göydə durnalarımız,
Təzələnir ruhumuz, açır arzularımız.
Silib qəlbdən nisgili, xoş gəlir baharımız
Haqq yolunda payladıq, qəbul olan niyazdır,
Bu yaz bir başqa yazdır!

Həsrət platformada durdu vüsal qatarı,
Azad Qarabağımda qarşıladıq baharı.
Üzlərdə sevinc, fərəh, gözdə şərəf, vüqarı
Hamı gülür, sevinir, əhval-ruhiyyə sazdır,
Bu yaz bir başqa yazdır!

Kəsdik Vətəndən kökün ermənitək qanqalın,
Əlvan güllər bəzədi hər yamacın, hər yalın,
Qaladıq Cıdır düzdə bu il zəfər tonqalın.
Otuz illik həsrətdən doğan şirin murazdır,
Bu yaz bir başqa yazdır!

Duyğular dilə gəlir, hər üzdə bir gözəllik,
Hər baxışda bir ümid, hər ürəkdə sərinlik,
Şəhidlərin ruhu da bu bahar tapdı dinclik.
Yadullah, sən builki yaza nə yazsan azdır,
Bu yaz bir başqa yazdır!
20.03.2.21

MÜBARƏKDİR QALİBIYYƏT ZƏFƏRİN!

İgidlərin kəsib düşmən ayağın
Ana yurdum, gəlir gözəl sorağın.
Dalğalandı o üçrəngli bayrağın
Müjdələrlə açıldı al səhərin
Mübarəkdir qalibiyyət zəfərin!

Gözün tökdün torpağa kəc baxanın,
Diz çökdürdün cızığından çıxanı.
Qovdun iti qovan kimi dığanı
Düşmənlərə göz dağıdır hünərin
Mübarəkdir qalibiyyət zəfərin!

Oğulların, Vətən, səndən güc aldı
Yağıları rəzil etdi, öc aldı.
Bütövləşdin, ucaldıqca ucaldın
Azad oldu hər kəndin, hər şəhərin
Mübarəkdir qalibiyyət zəfərin!
10.XI.2020

TƏBRİZ

Son addım, möcüzə səndən gələcək,
Kükrə, yatan ellər oyansın, Təbriz
Yaman günün ömrü azdı, deyirlər-
Dözsün bir azca da, dayansın Təbriz.

Coş, xalq qalxsın azadlığın eşqinə
Birə düşüb mollaların kürkünə.
Od vur, yansın iblis, şeytan mülkünə
Batsın öz qanına, boyansın, Təbriz.

Dağıdaq sinəndən tikan, məftili,
Hər yerdə söylənsin şirin türk dili.
Birləşsin şimalla cənubun əli
Gələn xoş sabaha boylansın Təbriz.

EY TÜRK OĞLU

Ey türk oğlu, türk qardaşım!
Daha bəsdir,
düşmənlərin laylasına uyuduğun,
Daha bəsdir,
hər çalanın havasına oynadığın.
Gec də olsa, qeydinə qal,
Hərdən boylan
Tarixinə bir nəzər sal.
Neçə olub sənin yaşın?
Hardan gəlib sənin laylan?
Kimdir sənin ulu baban?
Hara olub elin, oban?
Keçmişini varaqlasan
Varaqlardan duyacaqsan-
Qorqudumun haqq səsini,
Döyüşlərdə öndən təpən
Qazan xanın nəfəsini.
Ötükəndə zəfər çalan,
Göylər qədər uca olan,
Göytürklərin nərəsini.
O, Gürşadın nərəsidir.
Vətəni göz tək qorusun
Sipər onun sinəsidir.
Bir varaq da varaqlasan,
Öz babanı haraylasan
Xiafətə diz çökdürən,
yaş tökdürən
Babək hay verər hayına.
Elimizin igid oğlu,
Paşalara qan udduran

Meydan açıb,
qılınc vuran
Çənlibelli Qoç Koroğlu

Yetər sənin harayına.
Ey türk oğlu, türk qardaşım,
Keçmişini varaqladın,
öz babanı soraqladın
Qürur duydun
öz babanla,
öz elinlə,
öz obanla.
İndi də öz yaşadığın
dövrana bax
Bir nəzər sal,
dövrənə bax.
Talan olub Şuşa, Laçın.
Düşmənlərə əsir düşüb
Anan, bacın.
Xocalının faciəsi
Əsir düşən qız-gəlinin
ah-naləsi-
Alnımızda qara xətdir,
Sinəmizdə yara xətdir.
Ey yurddaşım, ey qardaşım,
Sözlərimi yaxşı dinlə
Necə ki sən öz babanı
Yada salıb
qürur duydun.
Qoru sən də öz obanı,
Azad olsun
doğma yurdun.
Çalış sən də öz ömrünü
Baban kimi məgrur yaşa.
Gələn nəsil baba deyib
həyatını varaqlasa,
Qoy arxanca söyməsinlər,
Qoy xəcalət çəkməsinlər.

Bunun ancaq bir yolu var:
Ya qismətlə barışmalı,
üzüqara yaşamalı,
ya da birgə coşmalıyıq.
Düşmənləri Qarabağdan
qovmalıyıq.
Bax, o zaman canımızla,
qanımızla
yuya billik
alnımızdan qara xətti.
Sinəmizdə məlhəm tapar
Qarabağın yara xətti.
Bu coşğumuz qılınc kimi
kəsib salar
Təbriz, Bakı, Naxçıvanı
Bir –birindən ayrı salan
ara xətti.
Bax o zaman gələn nəsil
Tez- tez səni yada salar,
Adına dastan bağlayar.
Babək, Nəbi, Cavanşirlə
Bir cərgədə xatırlayar.
Qürur duyar öz babası,
obasıyla.
Azad, xürrəm nəfəs olar
Qarabağın havasıyla.
1996

MÜŞFİQ BORÇALI

Sabahlarınız hər zaman xeyirliyə açılsın, Müşfiq müəllim.
Bu qısa vaxt ərzində sizin necə böyük ürəyə sahib olduğunuzu,
xeyirxah və səmimi bir insan, bir alim olduğunuzu anladım.
Var olasınız. Sizin kimi şəxsiyyəti vəsf eləməyə
mənim qələmim acizdir. Zəif də olsa bağışlayın.

Bir qardaş tanıdım mən Borçalıdan
Ona kəraməti verib Yaradan.
Bir alim tanıdım yazıb-yaradan
Sinə hikmət dolu, sözü mənalı
Həmişə var olun, Müşfiq Borçalı.

Hər sözü Vətəndi,yurddu söhbəti,
Atadan mirasdır, var dəyanəti,
Gənc yaşda qazandı o bu hörməti
Xalqa xidmət oldu daim amalı
Həmişə var olun, Müşfiq Borçalı.

Yazdığı hər kəlmə haqqı duyurdu
Sözdən ilmə-ilmə bir qala qurdu.
O bir sultan kimi taxta oturdu
Zirvədə doğuldu, orda qalmalı
Həmişə var olun, Müşfiq Borçalı.

Heç kəsi köməksiz, darda qoymadı,
Kimə əl uzatdı geri qalmadı,
El-oba içində uçaldı adı,
Adıyla fəxr etdi gözəl Borçalı
Həmişə var olun, Müşfiq Borçalı.

İşi müqəddəsdir, haqdır əməli,
Halal mayadandır kökü, təməli,
Üzündən nur yağır, güntək şöləli
Qaranlığa işıq salır kamalı
Həmişə var olun, Müşfiq Borçalı.

“Təhsil” və “Ziya” tək cüt naxışı var,
Milyon ürəklərdə yaşayışı var.
Dünya var olduqca min alqışı var,
Tək Mirzə yox, deyir cavan, qocalı:
Həmişə var olun, Müşfiq Borçalı.

MƏNİM ARZUM

Bu mənim içimdə cücərən arzum
Yağsın axşamüstü həzin bir yağış.
Oxşayım telini, əlindən tutum
Sevgi ömrümüzə qoy salsın naxış.

Yağışın altında əl-ələ gəzək,
Yağsın başımıza göydən eşq nuru.
İslanlb beləcə cücəyə dönək
Qalmasın bədəndə bircə yer quru.

Ürək bu sevdanın oduna yansın
Canı qurban deyək nazlı baxışa.
Bu iki xoşbəxtlik birgə yaşansın
Mən sənə qovuşum, yer də yağışa.

QUL OLMAYASAN

Büdrəyən görəndə qoldan yapış ki,
Özün yıxılanda çul olmayasan.
Nahaqqa baş əymə, haqqı danış ki,
Şərin xəncərinə qol olmayasan.

Önünə gələni ağzına tıxma,
Halal ruzi qazan, harama baxma.
Boğazda ilişər hər haram loğma
Çalış öz nəfsinə qul olmayasan.

Qorxu olmaz ellə gələn xatadan,
Nə tufandan, nə də qarlı şaxtadan.
Yadullah, uzaq gəz riya, saxtadan
Yaltağa, yamana yol olmayasan.

BƏLASI SƏNDƏN

Qoşa baxaq bu sevdanın yoluna
Gözlər məndən olsun, ziyası səndən.
Çoxalsın yaşamaq, sevmək həvəsi
İlqar məndən olsun, vəfası səndən

Qoyma dərd əlindən qəlbim qarala,
Yollara baxmaqdan gözüm sarala,
İncitmək istəsən, özün yarala
O can məndən olsun, bəlası səndən.

Sev Mirzəni, qış eləmə yazını,
Tanrı yazıb bu qisməti, yazını.
Sənin kimi bir dilbərin nazını
Çəkmək məndən olsun, ədası səndən.

ZALIM

Qarşımda bitirsən, üz tutsam hara,
Hər ötən günümü etmisən qara.
Çevrilib kədərə qarabaqara
Düşübsən arxamca izimə, zalım.

Ömrümə fırtına, talan sən oldun
Sevinci əlimdən alan sən oldun.
Məni bu hallara salan sən oldun
İndi də gülürsən üzümə, zalım.

Siyah saçlarıma çox tez qar atdın,
Yaramın üstünü deşdin, qanatdın.
Mirzənin həyatın elə qaraltdın,
Çəkirsən sürmətək gözünə, zalım.

ÖZÜNƏ GÜVƏN

Ocaq haqdan yansa, heç zaman sönməz
Haqq yoldan sarpanın izi bilinməz.
Qonşuda od yansa canın isinməz
Ocaqda közərən közünə güvən.

Sənə can-can deyən yoldaş olsa da,
Səsinə hay verən sirdaş olsa da,
Arxanda dayanan qardaş olsa da
Hamıdan birinci özünə güvən.

Yadullah, qala tik, söz olsun daşın,
Qurunun oduna yanmasın yaşın.
Dönmə amalından, ucalsın başın
Sinəndə çağlayan sözünə güvən.

* * *

SİNƏNDƏ DÖYÜNSÜN VƏTƏN

Şərəflə, namusla qoru yurdunu,
Yol vermə tapdansın, doyülsün Vətən.
Qoyma qarış-qarış azalsın onu,
Yenidən birləşib böyüsün Vətən.

Canınla, qanınla sən ol çarası,
Sağalsın qaçqının həsrət yarası.
Getsin alnımızdan namus qarası
Sənin hünərinlə öyünsün Vətən.

Yadullah, dostunu, düşməni tanı,
Boşuna tükətmə bədəndə canı.
Çalış elə sev ki, Azərbaycanı
Həmişə sinəndə döyünsün Vətən.
1992

BAĞIŞLAMA, VƏTƏN, BİZİ!

Haraylayır,
fəryad edir
yad əllərdə əsir qalan
Yurd yerimiz,
dərd yerimiz,
Harayına yetişmirik.
Elə bil ki,
qulağımız kar olubdu
naləsini,
fəryadını eşitmirik.
O qədər yad olmuşuq ki,
Unutmuşuq yolu, izi
Bağışlama, Vətən, bizi.
Vətən nədir?
Vətən kimdir?
Mənasını anlamırıq,
dərk etmirik,
duyanmırıq.
Elə layla çalıblar ki,
bu qəflətdən
oyanmırıq.
Pis vərdişi
tərk etmirik,
ayılmırıq.
Bizi bizdən alıblar ki,
Tanımayaq,
ölümüzü, dirimizi
Bağışlama, Vətən, bizi.

Nə zaman ki,
bu torpaqdan
yad alaqlar yolunmayıb.
Nə zaman ki,
Əsir düşən
qız-gəlinin
intiqamı alınmayıb
Nə zaman ki,
O üçrəngli bayrağımız
Qarabağdan asılmayıb
Bir yumruqda birləşməsək,
qurtarmasaq elimizi
Bağışlama, Vətən, bizi.
Silə bilsək
ürəyindən qübarını
Unutdura bilsək əgər
ağrısını, acısını .

Qarşılasaq əsir yurdda
azadlığın baharını
Diz çokdürüb,
murdarlasaq
erməninin bayrağını.
Bəlkə, onda
ağardarıq
bu qaralmış üzümüzü
Bax o zaman,
gec də olsa,
bağışlayar Vətən bizi.
1996-cı il

* * *

BU DÜNYA

Mərdin xoş gününə dodağın büzər,
Yaxşını yadına salmaz bu dünya.
Saf, təmiz hissləri ayaqlar, əzər
Haqqa arxa, dayaq olmaz bu dünya.

Əzəldən olmayıb, yox etibarı,
Mərddən uzaq düşüb həyat gülzarı.
Yaltağın başına çəkər tumarı
Yetimin qeydinə qalmaz bu dünya.

Yadullah, özünü çox üzmə belə
Haqqın hər sözünə qurulur tələ.
İblisin nazıyla oynayır hələ,
Sən deyən havanı çalmaz bu dünya.

* * *

DÖNMƏYİ VAR

Dəli könül, çox öyünmə
Halal qazan, haram yemə.
Ucaldıqca qürrələnmə
O qalxmağın enməyi var.

Yaşadıqca et hörməti
Qoru haqqı, ədaləti.
Ruh Tanrının əmanəti
Bir gün geri dönməyi var.

Mirzə, qəlbin durulmasa,
Bəxtin sənə yar olmasa,
Ürək eşqdən nur almasa
Çıraq kimi sönməyi var.

YALTAQ

Özgə evin guşə bilər
Sümsünməyi nəşə bilər.
Yaltaqlığı peşə bilər
Arsız-arsız gülər yaltaq.

Ondan buna söz gətirər,
Doğru yansın-köz gətirər.
Namusunu tez itirər
Öz adını bilər yaltaq.

Əl çalar yalan sozünə
Dirənər haqqın gözünə.
Mirzə, tüpür yüz üzunə
Dinməz, üzün silər yaltaq.

YER YOXDU SƏNƏ

Mən səni seçmişdim könlümə sultan
Sən demə, eşqin də sözüntək yalan.
Əzəldən sən oldun qəlbimi qıran
Arama, qəlbimdə yer yoxdu sənə.

Sevgimin üstünə duman çökübdü,
Yenicə açırdı, kədər bükübdü.
Qəlbimdə yerinə qəm tökülübdü,
Arama, qəlbimdə yer yoxdu sənə.

Səndə nə sevgi var, nə də mərhəmət,
Sənə könül vermək, düzü, qəbahət.
Sevginin yerini tutubdu nifrət
Arama, qəlbimdə yer yoxdu sənə.

GÜVƏNDİM

Gözüm gördü, qəlbim oda qalandı
Həm ürəyə, həm də gözə güvəndim.
“Qarşılıqsız sevgi puçdu,”- dedilər
İçimdəki oda, közə güvəndim.

Nazlı yarın qarşısına çıxmağa
İlk baxışdan qəlbin oda yaxmağa
O dilbərdən “hə” cavabın almağa
Sinəmdəki telli saza güvəndim.

Dedim: “Gözəl, ayaq saxla, mənə, bax
Yadullaham, coşub yenə sinə, bax.
Elçi düşüm, əhd-peyman bağlayaq”
Bu ilqarda doğru sözə güvəndim.

BAXIŞLARIN

Gözünü gözümdən ayırma, gözəl
Salmasın qəlbimə xal baxışların.
İnan ki, bircə gün görməsəm, ölləm,
Yönün mən tərəfə sal baxışların.

Baxışlar söyləsin dodaq deyəni,
Duygular danışsın olub- keçəni.
Tutub əllərimdən aparır məni
Vüsala yol açır lal baxışların.

Deyir: “Ay Yadullah, qurbanım sən ol.
Tək bircə dərdim var, dərmanım sən ol.
Bir ömür boyunca mehmanım sən ol
Hər gecə yanımda qal,”- baxışların.

ÖLÜM BU QOLLARIN ARASINDA MƏN

Üzünü görəndən çaşıb qalmışam
Bir türlü halların arasında mən.
Almısan ağlımı düşüb qalmışam
Ağıldan kalların arasında mən.

Həsrətdən saçımda dənə bax, gözəl
Başımın üstündə çənə bax, gözəl.
Barı bircə kərə mənə bax, gözəl
Qalmışam yolların arasında mən.

Elə oxşa məni, lal olsun dilim
Çatım vüsalına, qoy gəlsin ölüm.
Bas məni bağrına əzizlə, gülüm,
Ölüm bu qolların arasında mən.


ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir