Vətən sevdalı şair Qurban Göyçəli

Əziz və dəyərli oxucularımız!
Sizə, hər zaman şəhid ailələrinin yanında olan, onlara qayğı göstərib sevgi ilə yanaşan bir insan haqqında danışmaq istəyirəm. Elə bir insan ki, vətən sevdalısı, kiçik qəlbində böyük Azərbaycan yaşadan, Göyçə mahalının sazlı-sözlü oğlu, mənim dostum qardaşım Qurban Göyçəli haqqında.
Qurban Fezi oğlu Həsənov (Göyçəli) 1975-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zər kəndində anadan olubdur.
Sadə insan, saysız hesabsız şeirlər müəllifi, sinə dəftər şairimiz, axır zamanlar ürək sözlərini şəhidlərimizin adı ilə qələmə alır. Hər zaman öz odlu-alovlu şeirləri ilə şəhid analarının könüllərini almağa çalışır.
Biz də Qurban Göyçəliyə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ƏMİNƏ QÜDRƏTLİ,
“Borçalı” qəzetinin redaktoru.

 

QURBAN OLUM

Başı qarlı duran dağın,
Zirvəsinə qurban olum.
Vətən sevən oğulların,
Nərəsinə qurban olum,

Qorxu bilməz babaların
Yaxın uzaq obaların
Müdrük sözlü qocaların
Pir səsinə qurban olum.

Arzu dolu ürəklərin
Ətir saçan diləklərin
Xoş xəbərli küləklərin
Müjdəsinə qurban olum.

Torpağı od suyu sərin
Bir hikmətdi dediklərim
Qürbət çəkən igidlərin
Bölgəsinə qurban olum.

Qurban şadlan, yoxdur qəmin
Gözlə gördün, oldun əmin
Doğru sözün, düz əməlin
Binasına qurban olum.

 

UŞAQLIQ İLLƏRİ

Uşaqlıq illəri düşəndə yada,
Fikir tüğyan edən, çaya bənzəyir.
Bir qanundur, bu adətdir dünyada
Ömür borc alınmış,paya bənzəyir.

Uşaqlıq illəri, kövrək qəlbimiz
İncidən, kövhərdən, almazdan təmiz,
Ünvanı ləkəsiz, adı ləkəsiz
Günəşə Ulduza, Aya bənzəyir.

Uşaqlıq illəri, şehli bənövşə
Mavi bir dənizdir, dumanlı meşə,
Əskəri təlimə, hərbi yürüşə
Nizəsi atılmış, yaya bənzəyir.

Uşaqlıq illəri, kövrək bir budaq
Ümman gəmisidir, sahildən uzaq
Sehirli kitabdir, aç varaq-varaq
Elin bayramına toya bənzəyir.

Uşaqlıq illəri, çiçəkli bahar
Bu gözəl illərin, təravəti var
Qurban deyər, Göyçədəki arzular
Həmisə bahardır, maya bənzəyir.

 

BASARKEÇƏR BÖLGƏSİNƏ

Kəlbəcərdən bir yol gedir
Basarkeçər bölgəsinə.
Yoldan duman, çiskin, keçir
Basarkeçər bölgəsinə.

Adı Göyçə mahalıdı
Üzündəki yurd xalıdı
Uçan qartal yaralıdı
Basarkeçər bölgəsinə.

Otuz ildir, sönüb çağı
Qəribsəyib hər bir dağı
Ordumuzun var marağı
Basarkeçər bölgəsinə.

Kəlbəcərdən keçəcəyik
Haqqa doğru gedəcəyik
Yenə geri dönəcəyik
Basarkeçər bölgəsinə.

Otuz ildir ayrılmışıq
Təklənmişik tək qalmışıq
Çox odlanıb alışmışıq
Basarkeçər bölgəsinə.

Zod Ağkilsə, Zərzibilin
Buza dönüb, ayın ilin
Qan ağlayır, Göyçə gölün
Basarkeçər bölgəsinə.

Qurban deyər, var bir üzüm
Qurtarmazdı heç vaxt sözüm
Hey qalıbdı, yurdda gözüm
Basarkeçer bölgəsinə
Basarkeçər bölgəsinə.

 

MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

Gözümün önündən, getməyir heç vaxt
Milli Qəhrəmanım, Samir Xasiyev.
Hər zaman qəlblərdə yaşayacaqdır
Milli Qəhrəmanım Samir  Xasiyev.

Sevirdi bu xalqı, doğma Vətəni,
Yolunda can qoyub, candan keçəni,
Mamır olub, qayasında bitəni,
Milli Qəhrəmanım Samir Xasiyev.

Sevib əskərini, yaxın bilərdi,
Onunla danışıb, deyib gülərdi,
Söz verdi sözünə, əməl edərdi,
Milli Qəhrəmanım, Samir Xasiyev.

Döyüş bölgəsinə könüllü getdi,
Ağdamın Mərzili kəndinə yetdi,
Düşməni dərdədər, pərsərəng etdi,
Milli Qəhrəmanım Samir Xasiyev.

Çağırdı döyüşə Ağdam, Ağdərə,
Od tutub yanırdı, hər dağ, hər dərə,
Deyirdi çatıram, indi Tərtərə,
Milli Qəhrəmanım Samir Xasiyev.

Düşmənin tankını məhv eyləyibdi,
Heç kəsə bir kəlmə söz deməyibdi,
Namərdlər önündə baş əyməyibdi,
Milli Qəhrəmanım Samir Xasiyev.

Füzuli köməyə, Samir çağırdı,
Gördü ki, vəziyyət, yaman ağırdı,
Düşmənin başına, alov yağırdı,
Milli Qəhrəmanım Samir Xasiyev.

Keçdi gənc yaşında, odda həyatı,
Hədiyyə almışdi, bir qol saatı,
Sevirdi həm şeri, həm şeriyyatı,
Milli Qəhrəmanım Samir Xasiyev.

Leytenant rütbəsi verildi ona,
Çox gözəl yaraşdi boya-buxuna,
Nümunə olmuşdur orda çoxuna,
Milli Qəhrəmanım Samir Xasiyev.

Yenə də ölkədə çeviriş oldu,
Dinc yolla qarşısı alınmaz oldu,
Namərd gülləsinə dəyib tuş oldu,
Milli Qəhrəmanım Samir Xasiyev.

Qurbanam qaçqınam, ulu Göyçədən,
Yolumu bağlayıb, tufan, boran, çən,
Yadıma düsəndə, kövrəlirəm mən,
Milli Qəhrəmanım Samir Xasiyev,
Şöhrətim həm şanım Sanir Xasiyev!..

 

İSMAYİLOV İLQAR, O SƏDİ OĞLU

Vətəni canından əziz tutubdur
İsmayılov İlqar, o Sədi oğlu.
Düşmənə ən ağır, zərbə vurubdur
İsmayılov İlqar, o Sədi oğlu.

Hay verdi, Vətənin haray səsinə
Tutmadı özünü, tay özgəsinə
İnandı, güvəndi, öz qüvvəsinə
İsmayılov İlqar, o Sədi oğlu.

Bilirdi bağlıdır, yurdun qolları
Düşmən minalayıb, sağı solları
Qanlı qadalıdı, hər bir yolları
İsmayılov İlqar, o Sədi oğlu.

Cavanşir, Babəki, yaxşı bilirdi
Baxıb Xocalıya, güc gətirirdi
Axan göz yaşını, gızlin silirdi,
İsmayılov İlqar, o Sədi oğlu.

Hər döyüş olanda, lərzə salırdı
Düşmənin başını, alov alırdı
Düşmənlə üzbəüz, təkcə qalırdı
İsmayılov İlqar, o Sədi oğlu.

Əslən Qazaxlı, elin oğludu,
Qəhrəman ad alan, qoç Koroğludu,
Həyatdan köçsə də, sinə dağlıdı
İsmayılov İlqar, o Sədi oğlu.

Unutmaz bu vətən, el oba onu
Əcnəbi əsirlər, gətirdi sonu
Meydanda görürdü, hər cürə donu
İsmayılov İlqar, o Sədi oğlu.

Tarix səhfəsində, oldu Qəhrəman,
Onu da göstərdi, ən doğru, zaman,
Açdı qəlbimizdə, silinməz güman,
İsmayılov İlqar, o Sədi oğlu.

Qurban Göycəliyəm, haqqa, bağlıyam
Yanar Vətən üçün, sinə dağlıyam
İstərəm dastanı, belə bağlıyam,
İsmayılov İlqar, o Sədi oğlu.

 

ZiM.Az

 

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir