PRİNSİPSİZLİYƏ QARŞI AZƏRBAYCAN PRİNSİPİALLIĞI » ZiM.Az

Əvvəllər məğlublar müzakirə, qaliblər mühakimə olunmurdu.
Məğlublar öz taleyi ilə razılaşıb aciz həyatı sürəndə onlara fikir verən olmur, çünki acizlik məğlubiyyətin qoruyucusudu. Qaliblər isə özünü daha güclü sayanlar üçün indi müzakirə və mühakimə obyektinə çevrilir. Qalib olmaq əsasən birlik və güc, qalib kimi yaşamaq və qalibiyyəti qoruyub saxlamaq üçün isə daha böyük güc, daha möhkəm birlik və müdriklik tələb olunur.
Əvvəllər gizli, son 3 ildə isə tam açıq şəkildə Fransanın Azərbaycana qarşı apardığı qərəzli siyasətin kökündə erməni məsələsi durduğunu düşünənlərimiz vardı. Hesab edirdik ki, ermənilərə görə Fransa kimi ölkə ilə münasibətlərimizin pozulması doğru deyil. Çünki, bu qarşıdurmada yalnız ermənilərin uduşla çıxacağını düşünürdük. Lakin, qələbəmizdən sonra daha da əmin oluruq ki, Fransa-Azərbaycan qarşıdurmasında erməni mövzusu əsas məslə deyil. Burada məslə daha dərindi.
Bu gün Fransanın təşəbbüsü və Almaniyanın vasitəçiliyi ilə AŞPA-da Azərbaycana qarşı qərəzli qərar qəbul edilib!

Öncə AŞPA da daxil Avropa İttifaqının siyasi təşkilatları haqqında qısa məlumatı qeyd edək.
Avropa İttifaqının əsas 5 siyasi təşkilatı var:

AVROPA PARLAMENTİ (AP) – Qanunvericilik və nümayəndəlik orqanıdı;

Avropa Şurası Parlamen Assambleyası (AŞPA) – Avropa Şurasının iki əsas qanuni orqanından (asambleyasından) biridir; bütün üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən ibarət məşvərətçi orqandı; öz gündəliyini özü seçir, cari sosial problemləri və beynəlxalq siyasətin aspektlərini müzakirə edir;

AVROPA KOMİSSİYASI (AK) (sədr Ursula fon der Leyen) – İcra orqanıdır və bütövlükdə Aİ-nin maraqlarını təmsil edir; AP və AŞ-yə təqdim etdiyi yeni Avropa qanunlarını hazırlayır, Aİ-nin ümumi siyasətlərini həyata keçirir, fond və proqramları idarə edir.

Jozep Barrel – Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi; (Fon der Leyen Komissiyasının bir hissəsi kimi)

AVROPA ŞURASI (AŞ) (sədr Şarl Mişel) – Aİ-nin inkişafının əsas strateji istiqamətlərini, siyasi inteqrasiyanın ümumi inkişaf xəttini müəyyən edir.

AŞPA-nın daxili prinsiplərini pozması adı ilə bu gün Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bu təşkikatda müvəqqəti məhdudlaşdırılması haqqında qərar qəbul edilib!
Təmkin və siyasi ciddiyyətlə sual qoyulsa ki, Azərbaycan AŞPA-nın daxili prinsiplərini doğrudanmı pozub?

Buna cavab olaraq deyə bilərik ki, Azərbaycan öz milli maraqlarından çıxış edərək AB-nin açıq beynəlxalq prinsipsizlik siyasətinə qarşı özünün açıq prinsipial mövqeyini ortaya qoymuşdur. Bu mənada Azərbaycanın AŞPA daxili-real siyasətinə qarşı sərgilədiyi 5 prinsipial hərəkətini misal gətirmək istərdim:

⁃ Azərbaycan öz torpaqlarını işğaldan azad edib və suverenliyini tam bərpa edib;
⁃ Xristiyan klubu olan AB üçün müsəlman torpaqları hesabına Cənubi Qafqazda yeni xristiyan dövlətinin yaradılmasının və yaxud Ermənistan timsalında daha böyük və daha güclü xristiyan dövlətinin qurulmasının qarşısını alıb;
⁃ AB-yə qarşı real əksyük gücə malik yeni beynəlxalq statuslu milli və dini birlik olan “Türk Dövlətləri Təşkilatı”nın yaradılmasında aparıcı rol oynayıb və bu işi davam etdirir;
⁃ Azərbaycan öz strateji müttəfiqlərinin dəstəyi ilə Fransanın neokolonial siyasətinin təkəri qarşısına böyük daş qoyub. Nəticədə Azərbaycanın bu siyasəti hesabına Fransanın Orta Asiyaya yolu kəsilməkdədir və Fransa Afrikanı tərk etməyə başlıyıb (bununla da Fransa növbəti 20 il ərzində hansı Fransaya dönəcəyini yaxşı anlamağa başlıyıb);
⁃ Tənbəlləşmiş, qocalmış, enerjisi tükənmiş və buna görə də həzz düşgünlüyünə (hedonizm) düçar olan bir çox AB xalqları özləri üçün qəbul etdiyi siyasi xilas ideologiyası olan LGBT-ni Türkiyə, Rusiya ilə birlikdə Azərbaycan da dövlət səviyyəsində rədd edib;
⁃ Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa və Zəngəzur dəhlizinin açılması işinə nəfəs qədər yaxınlaşdığı üçün Fransanın təsir alətlərini ciddi şəkildə neytrallaşdırıb!

Fransa dövləti, Avropa Parlamenti, Avropa Komissiyası, Avropa Şurası yaxud AŞPA adlı təşkilatlar Azərbaycana elə bir pislik edə bilərmi ki, bu pislik Suverenliyimizin bərpasını kölgədə qoya bilsin!?
Əlbəttə, yox! Heç vaxt!!

Uğurlu ŞƏRİFOV,
ZiM.Az-ın şərhçisi,
“Soydaş” İctimai Birliyinin həmtəsisçisi,
filosof-politoloq

22.01.2024

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir