MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI » ZiM.Az

Naftalan şəhərində sadə, mütəvazi, ziyalı bir ailədə kiçik bir qız uşağı dünyaya gəlir. Adını Kubra qoyub, “Qismətini Allah versin!” – deyirlər. Kubra böyüyür və böyüdükcə öz müşahidəçilik qabiliyyəti, nənəsi Sehran müəllimənin əbədiyyata olan marağı sayəsində olub keçənləri yazıya çevirib dünyaya baxışlarını hekayələrdə ifadə etməyə ehtiyacı olduğunu hiss edir. Beləcə başlanır kiçik Kubranın hekayə dünyası. O ətrafında olanları qələmə alıb kiçik hekayələr yazmağa başlayır.
Onun düşüncələri bəzən kövrək hislərə, bəzən möhkəm qəzəbə, bəzən də mübariz bir qəhrəmana çevrilib onun yaradıcı dünyasını formalaşdırır. Nənəsinin xatirələri, atasının Vətən müharibəsində iştirakı və qəhrəmanlıqları Kubranın duyğu dünyasının nağılına çevrilir. Və bu kiçik qız nağıllı və eyni zamanda da ağıllı dünyasının hekayələrini yazmağa başlayır.
Və günü-gündən öz düşüncələrini daha dolğun şəkildə ifadə etməyə çalışır.


Kubra hazırda Naftalan şəhəri Səməd Vurğun adına 2 saylı məktəbin 8-ci sinfində təhsil alır. Dərs əlaçısıdır, idmanın cüdo döyüş növü ilə məşğul olur, yarışlarda iştirak edib uğurlu nəticələr göstərir. Və hekayələr yazmağa davam edir. Onun öz fikirlərini hekayələrdə dolğun və obrazlı şəkildə ifadə edə bilməsi onun müsabiqələrdə iştirakına və qalıb olmasına səbəb olmuşdur. Beləki Kubra Musayeva “Uşaq incəsənət festivalı”-nın peşəkar qalibi adına layiq görülüb, “İlin yazarı” diplomu ilə təltif olunub və “Qızıl qələm” mükafatı və digər hədiyyələrlə mükafatlandırılıb.

Kubranın hekayələri dövrü mətbuatda, antologiyalarda mütəmadi çap olunur. Ona bu işdə dəstək olan nənəsi, “Nur ocağı” ədəbi-bədii məclisinin yaradıcısı və rəhbəri Sehran Süleymanova anasının adını daşıyan nəvəsinin uğurlarına daim sevinir və onu gələcəkdə daha yüksək zirvələrdə görmək arzusundadır.

Kubraya ədəbi fəaliyyətində dəstək olan, bütün yaradıcı insanların dostu, dəyərli ziyalımız Müşfiq Borçalı öz rəhbərlik etdiyi “Borçalı” nəşriyyatında çap olunan antologiya kitablarında Kubranın yaradıcı fikirlərinə yer ayırmış və Kubranın “Vətən sevgisi” adlı hekayələr kitabının çap olunmasına köməklik göstərmişdi. Müşfiq müəllimə yaradıcı insanlara yaşından, mövqeyindən asılı olmayaraq hər zaman diqqət və qayğı göstərdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk.

Vətənimizin köksündə boy atan kiçik, zərif bir çiçəkdir Kubra. Özündə tarix yaşadan və tarix yaşadanların zamanında boy atan bu balaca qızımıza duyğu və düşüncələrini ruhunun dili və qəlbinin sevgisi ilə qələmə alıb oxucularına çatdıra bilməsi istiqamətində müvəffəqiyyətlər arzu edirəm.

Uğurlar diləyirəm, Kubra. Köksündə döyünən ürəyin və səni sabahkı uğurlara səsləyən düşüncələrin heç vaxt susmasın. Yaz, yarat! Daha böyük uğurlara imza at!


Və sonda Kubranı doğum günü münasibətilə ürəkdən təbrik edir və ona nənəsinin diliylə ünvanladığım şeirimi təqdim edirəm:

KUBRAMA SEVGİLƏRLƏ

Gözəl qızım, mələyim,
Saf arzum, xoş diləyim.
O şirin baxışına necə,
Qurban deməyim?

Sən anamın adaşı,
Sən könlümün sirdaşı.
Sənə olan dəyəri,
Hər an qürurla, daşı!

Kubram, qəlbin şad olsun,
Kədər sənə yad olsun.
Sevincin aşsın, daşsın,
Qoy, könlün abad olsun.

RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“NUR OCAĞI” Ədəbi Məclisinin mətbuat katibi,
“Zirvə” və “Zəfər” mükafatlarıı laureatı

ZiM.Az

 

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

 

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir