SEVİMLİ ŞAİRİMİZ, BUTALAR BUTASI SƏADƏT BUTANIN “MƏN TÜRKƏM” ADLI YENİ BİR KİTABI İŞIQÜZÜ GÖRÜB » ZiM.Az

TƏBRİK EDİRİK!

Ağır elli, qədim saz-söz yurdu Borçalı mahalında yaşayıb-yaradan qələm sahibləri çağdaş ədəbiyyatımızın Borçalı qolunu layiqincə təmsil edir, mövcud ədəbi mühiti gündən-günə zənginləşdirir və inkişaf etdirirlər. Onlar arasında nəğməkar şairlərimiz xüsusilə fərqlənirlər. Fərqlənən şairlərimizin yaradıcılığında isə xalqa, el-obaya bağlılıq, insanlara sevgi, müqəddəs ana torpağa, ata yurduna olan sonsuz məhəbbət, bir sözlə, vətən obrazının tərənnümü əsas yeri tutur və daima diqqət mərkəzindədir. Belə istedadlı şairlərimizdən biri də «Buta» təxəllüsü ilə tanınan Səadət Ömər qızı Nəbiyeva-Abdullayevadır. (Bax: Müşfiq Mədədoğlu (Çobanlı). «Çağdaş Borçalı ədəbi məktəbi». Bakı, «Azərbaycan» nəşriyyatı, 1994. səh.140-142.; Müşfiq Mədədoğlu (Çobanlı). Butalar Butası Səadət Buta. Tbilisi, 2015.)

Səadət Buta (Səadət Ömər qızı Nəbiyeva-Abdullayeva) – 1951-ci il fevralın 13-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı qədim Dəmirçi Hasanlı (indiki Qızıl-kilsə) kəndində müəllim ailəsində dövrünün saz-söz bilicisi kimi tanınan ziyalı Ömər Nəbi oğlunun ocağında dünyaya göz açıb.
Körpə yaşlarından doğma atasının, eləcə də adıbəlli düdükçü (zurnaçı) Alıqaranın çaldığı ağır-batman el havalarının laylalarında, ustad ozanlarımızın el məclislərində söylədikləri dastanlarımızın hikmətində, nənələrimizin bayatılarında, laylalarında, ağılarında böyüyüb. Dişgöynədən buz bulaqların büllurluğundan, dağ havalarının saflığından qidalanıb. Mayası sazdan, sözdən yoğrulan balaca Səadət elə bu ruhla da pərvəriş tapıb, puçur töküb, çiçək açıb. Elə bil, sevimli şairimiz mərhum Osman Əhmədoğlunun dediyi kimi, şirin-şəkər dilinə bal bələnib. Körpə yaşlarından dodaqları özü-özünə zümzümə edib. İlk şeirlərini də məhz körpəliyindən deməyə (yazmağa yox, deməyə) başlayıb.

12 yaşından isə şeirlərini artıq yazmağa, kağıza köçürməyə başlayan Səadət 1969-cu ildə orta məktəbi bitirib, ali təhsil almağa imkan tapmayıb, əmək fəaliyyətinə başlayıb, bir il sonra 1970-ci ildə Qızıl-kilsə kəndində Dəlləklər nəslindən olan Abdullayev Abbasla evlənib, ailə həyatı qurub və 4 ləyaqətli övlad (Məmməd, Sədaqət, Nəzakət, Səməd) böyüdüb boya-başa çatdırıb… Ömür-gün yoldaşı Abbas Abdullayev Gəncədə Həsənbəy Zərdabi adına Dövlət Pedaqoji İnstitutunu bitirmiş, bir müddət müəllimlik etmişdir. O da qəlbi ilhamlı bəndələrdən olmuş, bir-birindən maraqlı şeirlər yazmışdır. Ancaq təəssüflər olsun ki, Abbas müəllim 1982-ci ildə, 2017-ci il aprelin 13-də isə 1970-ci il təvəllüdlü böyük oğlu Məmməd Abdullayev vəfat etmiş, ömrlərinin cavan çağında aramızdan getmişlər. Allah hər ikisinə rəhmət eləsin!… (Məmmədin 2 övladı var. Oğlunun adı Abbas, qızının adı Səadətdir. Məmməd Abdullayev hər 2 övladına valideynlərinin adını qoymuşdur.Allah hər ikisini xobəxt eləsin.)
Hələ gənc yaşlarından şeirləri ilə mətbuat səhifələrinə yol açan Səadət Butanın ilk mətbuu şeirləri 1966-cı ildə Başkeçiddə (indiki Dmanisidə) nəşr olunan “Trialeti” adlı rayon qəzetində və Tiflisdə Azərbaycan dilində nəşr olunan yeganə mərkəzi mətbuat orqanı olan «Sovet Gürcüstanı» (indiki “Gürcüstan”) qəzetində işıqüzü görüb. Sonralar isə o, Azərbaycanın və Gürcüstanın bir sıra mətbuat orqanlarında müntəzəm çıxış edib. Tez bir zamanda da şeirləri dillər əzbəri olub və bütün Borçalıya, daha sonralar isə bütün Azərbaycana və Türk dünyasına yayılıb. Hamı ona buta verildiyini deyib. O da özünə “Buta” təxəllüsü götürüb. Elə o zamandan da şair Səadət Buta deyə tanınır. Sevimli şairimiz Mədəd Coşqun isə onu haqqlı olaraq “Butalı Şair” adlandırmışdır.
Müşfiq Borçalı isə bu titullara daha birini də əlavə etmişdir: “Butalar Butası Səadət Buta”!..

Bəli, bir qədər sonra Butalı Şairin – Butalar Butası Səadət Butanın şeirləri və poemaları Tifilisdə nəşr olunan «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989, 1990), “Ədəbi Gürcüstan” (2007, 2012) almanaxlarında, Marneulidə nəşr olunan “Dağlar dərdə düşsə…” (1992), Ərzurumda nəşr olunan “Ağır elli Bor-çalı” (1997) ədəbi məcmuələrində, Bakıda nəşr olunan “Ağır elli Borçalı” (1990), “Addımlar” (1995, 1996, 1997, 1998), “Aşıq Pəri Məclisi-20″ (2004), “Azərbaycan ədəbiyyatı antologiyası. Borçalı” (2008), “Borçalının söz boxçası” (2009) ədəbi məcmuələrində, Müşfiq Borçalının 3 cildlik “Sazlı-sözlü Başkeçid” (2016), 5 cildlik “Sazlı-sözlü Borçalı” (2020-2023) kitablarında, 5 cildlik “Zirvə” (2017, 2018) poeziya antologiyasında, həmçinin, “Vətən”, Canım Azərbaycanım”, “Odlar Yurdu Azərbaycan”, “Zəfər”, “Zəfəri qazananlar”, “Zirvəyə yüksələnlər”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Ziya”, “Turan”, “Heydər Zirvəsi”, “İlham çeşməsi”, “Qara-Arxac”, “Ləlvr dağı”, “Şah dağı”, “Şam işığı”, “Poeziya çələngi”, “Rübailər” (2018-2023) və s. almanax və ədəbi məcmuələrdə dərc olunmuşdur.
Eyni zamanda, onun şeirləri Azərbaycan və Gürcüstanın radio və televiziya verilişlərində səslənmiş, gürcü dilinə tərcümə olunmuş, Azərbaycan orta məktəbləri üçün “Gürcü dili” dərsliyinə salınmışdır.

Azərbaycan aşıqlarının IV qurultayının (1984) iştirakçısı olan Səadət Buta məşhur “Aşıq Pəri məclisi”nin yaradıcılarından biridir. Bu yaxınlarda 40 illik Yubileyini qeyd edəcəyimiz “Aşıq Pəri” Məclisi 1984-cü ildə məhz Borçalıda Narınc Xatun, Aşıq Sona və Səadət Buta üçlüyündən yaranmışdır. Elə buna görə də, 2004-cü ildə “Aşıq Pəri Məclisi”nin 20 illik yubileyinə həsr olunmuş və “Borçalı” nəşriyyatında Müşfiq Borçalının naşirliyi ilə işıq üzü görmüş kitabda Səadət Butaya xüsusi yer verilmişdir.
«Dağlar məni çağırır» adlı ilk kitabı 1997-ci ildə Bakıda çap olunan Səadət Butanın sonralar “Həsrət çələngi” (1998), “Haq-qın Butası” (2001), “Tanrı payı” (2001), “Vətən həsrəti” (2003), «Mənim körpəm – mənim dünyam», “Buta dünyası” (2004), daha sonralar isə “Bələndim Kəbə nuruna”, “Hər dərdimin, vallah, başı vətəndi”, “Başkeçid yaylası, anam laylası”, “Sazın, sözün Butası”, “Borçalı Karapapaq Çelengi”, “Ürəyim bal pətəyidir”, “Məmməd Həsrəti” və с. adlı 20-dən çox kitabı, bir neçə audio-diski Bakıda, Tiflisdə və Türkiyənin müxtəlif şəhərlərində üzü görüb.

2000-ci il ildən Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2001-ci ildə Gürcüstan prezidenti tərəfindən «Şərəf» ordeni ilə təltif olunub.
Sonralar “Abdulla Şaiq”, “Xan qızı Natəvan”, “Zirvə”, “Zəfər” və s. mükafatlara layiq görülüb.
4 oktyabr 2022-ci ildə isə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunub.

Taleyindəki ağrı-acıları öz yaradıcılığına hopduran, səsi-so-rağı qısa bir vaxtda hüdudları aşıb, sərhədləri dolaşan Səadət Buta özünü yaddaşlara həm də dərd və ələm şairi kimi yazdırıb. Onun yaradıcılığı bitib tükənməyən qaynar bulaq kimi qaynayıb. Bu bulağın suyundan nəinki Borçalıda, eləcə də indi qaçqın-köçkün-didərgin ömrü yaşayan qonşu Ağbaba ellərində, Göyçədə, Zəngəzurda, İrəvanda, Aran Borçalıda, Qazaxda, Tovuzda, Gəncədə, Bakıda, sonralar Naxçıvanda, Təbrizdə, Qarsda, İstanbulda, Ankarada, Sivasda, Kərkükdə içib yanğılarını söndürüblər – neçə-neçə soydaşlarımız, neçə-neçə şeir-sənət aşiqlərimiz.
Bəli, artıq yuxarıda da qeyd etdiyimiz kimi, Səadət Butanın şeirləri hələ ötən əsrin sonlarından Gürcüstan və Azərbaycan hüdudlarını aşıb keçmiş, Türkiyədə və Cənubi Azərbaycanın müx-təlif mətbuat səhifələrində çap olunmağa başlamış, Türkiyədəki Atatürk (Ərzurum) Universitetində Əli Kafkasiyalı onun şeirləri əsasında elmi əsər yazmış və ayrıca kitab nəşr etdirmişdir.

Səadət Butanı Orta Asiyada-Alma-Atada və Türkiyədə də sevirlər. O, dönə-dönə Ərzurumda, Qarsda, Ərdahanda, Yozqatda, İzmitdə olmuş, oradakı şeir-sənət məclislərində iştirak etmişdir.

Səadət Butanın yaradıcılığında dünyaya göz açdığı doğma ata yurduna, el-obasına, qədim və əsrarəngiz Başkeçidə, ulu Borçalımıza, hər qarış torpağı hamımız kimi onun üçün də müqəddəs olan bütöv ana vətənimiz Azərbaycanımıza, eləcə də bütün Türk dünyasına bağlılıq xüsusilə diqqəti cəlb edir.

Haqqında onlarla məqalə və kitablar yazılıb.
1985-ci ildə Əzizə Cəfərzadə «Azərbaycan qadını» jurnalında onun haqqında «Şeir butası» adlı məqalə ilə çıxış edib.
1999-cu ildə Türkiyənin Ərzurum şəhərində, Atatürk Universitetinin Kazım Karabekir eyitim fakültəsinin türkcə eyitim bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülənt Altunal Səadət Buta yaradıcılığına diplom işi həsr edib, onun «Dağlar məni çağırır» şeirlər kitabını çap etdirib.
2015-ci ildə isə tədqiqatçı-alim Müşfiq Borçalı şairin həyat və yaradıcılığı haqqında Bakıda və Tiflisdə “Butalar Butası Səadət Buta” adlı ayrıca kitab nəşr etdirib.

Budur, bu günlərdə Səadət Butanın ad günü ərəfəsində yenə də məhz dəyərli ziyalımız Müşfiq Borçalının redaktorluğu və naşirliyi ilə “MƏN TÜRKƏM” adlı daha bir kitabı “Borçalı” nəşriyyatında nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Kitabda müəllifin son illərdə yazdığı şeirləri və poemaları cəmlənib.

Biz də çox hörmətli Səadət xanımı həm ad günü, həm də ad günü ərəfəsində yeni kitabının nəşr olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda sevimli şairimizin bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

AYGÜL MƏDƏDQIZI (ÇOBANOVA),
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun dissertantı

ZiM.Az

 

T Ü R K Ə M

Yerin-göyün gözündən bax,
Dünyanın o üzündən bax.
Yolumnan bax, izimdən bax,
Mən Altaydan gələn Türkəm.

Alp Araslanı dastan olan,
Bozqurdan zəfər calan.
Dost elində dost tək qalan,
Ata Türkəm, ərən Türkəm.

Göy Tanrının, göydən payı,
Var ulduzdan, aydan payı.
Altı yüz il çəkib yayı,
Bil, xan-sultan olan Türkəm.

Nərəsindən düşmən çaşan,
Qarabağda mərd savaşan,
Ordusu dağlardan aşan,
Düşmən bağrı bölən Türkəm.

Sən bax Maraş meydanına,
Canaqqala hər yanına.
Sarıkamış qurbanına.
Vətən ucun ölən Türkəm.

Bir gün alar eşit yağı,
Göyçə ilə İrəvanı,
Erdoğanla xan İlhamın.
Tarixini bilən Türkəm.
Buta deyər ərən Türkəm.

 

TÜRK QIZIYAM

Haralıyam, sorma məndən,
Od məkanlı Türk qızıyam!
Sorğularla yorma məni,
Şərəf-şanlı Türk qızıyam!

İzim var, Altay dağında,
Atatürkün torpağında.
Fateh bəslər qucağında,
Başı şallı Türk qızıyam!

Türk qızıyam, türkdü atam,
Ay-ulduzlu bayraq butam.
Dünya boyda bir övladam,
Min bir qollu Türk qızıyam!

Ağısı daşı yandıran,
Laylası el ovunduran,
Qılıncı düşmən sındıran,
Dəliqanlı Türk qızıyam!

Butanın qanında qeyrət,
Yaxşıya can, pisə nifrət.
Bir millətik, yeddi dövlət,
Cah-cəlallı, Türk qızıyam!

 

M Ə N   T Ü R K Ü N
A N A S I Y A M

Allah qırsın belini,
Yağı, biznən oynama.
Yandıracaq əlini,
Odla- közlə oynama.
Sanma ki, sınasıyam,
Mən, Türkün anasıyam.

Torpaq iliyim, Qanım,
Torpaqdı mənim canım.
Məhfəriyəm insanın,
Adəmin Həvvasıyam,
Mən, Türkün anasıyam.

Doğduğunu xan doğan,
Taxtı Süleyman doğan,
Fateh tək Sultan doğan,
Tanrının duhasıyam,
Mən, Türkün anasıyam.

İsməti aydan – arı,
Sevgisi, sudan duru.
Sevdiyi yarın qulu,
Sonalar, sonasıyam,
Mən, Türkün anasıyam.

Baş endirən qurana,
Bir yol gedən Turana.
Dön bax Azərbaycana,
Din, islam dunyasıyam,
Mən, Türkün anasıyam.

Qorxutsun sabah səni,
Tutacaq bu ah səni.
Boğacaq günah səni,
Bil, haqqın Butasıyam,
Mən, Türkün anasıyam.

 

Q A R A P A P A Q
T Ü R K Ü Y Ə M

Qeyrəti soydan gələn,
Qüdrəti göydən gələn,
Günəşdən -aydan gələn,
Türkəm, Türkə dayağam,
Mən də, Qarapapağam.

Canım Azərbaycanım,
Təbriz, Dərbənd bir yanım.
Hər biri bir dastanım,
Dünya dolu sorağam,
Mən də, Qarapapağam.

Qılıncı, sazı bəlli,
Söhbəti , sözü bəlli.
Tarixdə izi bəlli,
Yenilməyən bir dağam
Mən də, Qarapapağam.

Buta , qana -qan deyən,
Yurda can qurban deyə.
Fateh , Süleyman deyən,
Ay- ulduzlu bayrağam,
Mən də , Qarapapağam!!

 

TƏRƏKƏMƏ, QARAPAPAQ, A QARDAŞ

Yaylaqlarda ömür sürüb at üstə,
Tərəkəmə, Qarapapaq, a qardaş.
Candan kecib bircə təmiz ad üstə
Tərəkəmə, Qarapapaq, a qardaş.

Qüdrətindən yeri göyə bağlayıb,
Sevdasından çaylar kimi çağlayıb,
Yağıları nifrətindən dağlayıb
Tərəkəmə, Qarapapaq, a qardaş.

Bil, bəllidir söhbətiylə, sözüylə,
Qılınçıyla, qalxanıyla, sazıyla,
Hesabsızın hesab cəkib özüylə
Tərəkəmə, Qarapapaq, a qardaş.

Torpağına göz dikəndən öc olub,
Düşməninə bac verməyib, bac alıb,
Qeyrətindən dağlar kimi ucalıb
Tərəkəmə, Qarapapaq, a qardaş.

Tarix yazır Türkün axırı Turandı,
“Dünya Türkün, xəbər verən Qurandır”
Sən ayırma hər ikisi bir candır,
Tərəkəmə, Qarapapaq, a qardaş.

Türk qızıyam, əyilmərəm yada mən,
O kimliyin, bax o sənsən, bu da mən,
Nəğmələrdən butalaşan Buta mən-
Tərəkəmə, Qarapapaq, a qardaş.

 

ALLAH GÖZƏLLİYİ TÜRKƏ VERİBDİR

Qafil, bilməyirsən səni yaradan,
Varlığını qara kölgə veribdir.
Yurduma xor baxma gözlərin çıxar,
Qeyrəti -qüdrəti Ərkə veribdir,
Allah gözəlliyi Türkə veribdir.

Sənintək çaqqallar taladan gələr,
İgidlər alınmaz, qaladan gələr.
Mərdin harayına yaradan gələr,
Türkə, necə Xaqan Bilgə veribdir,
Allah gözəlliyi Türkə veribdir!

Eşit, Türk belini sındıracaqdır,
Dərsin əla verib, qandıracaqdır.
Orman yox, nəslini yandıracaqdır,
Kərbalanı, bil Kərkükə veribdir,
Allah gözəlliyi Türkə veribdir!

Cahan içrə özü cahan yaradıb,
Bir taxtında neçə Osman yaradıb.
Sultan Səlim, Fateh sultan yaradıb,
Ata Türkü, ata Türkə veribdir,
Allah gözəlliyi Türkə veribdir!

Türkün elə qanındadır qeyrəti,
Göy Tanrıdan yerə paydır qüdrəti.
Yığ bir yerə yetmiş iki milləti,
Onlara da nəsə bəlkə veribdir,
Allah gözəlliyi Türkə veribdir!

Canım Türküstanın bəlli Səməndi,
Özbəkistanımın nur Səmərqəndi.
Qazağıstan çəkib böyük sərhəddi,
Min bir nemətini Şərqə veribdir,
Allah gözəlliyi Türkə veribdir.

Buta əzəl-axır əmin olacaq,
Quran düşməninə qənim olacaq.
Dünya Türkün, Türkəm mənim olacaq,
Türkə yeddi qollu ölkə veribdir,
Allah gözəlliyi Türkə veribdir!

 

T Ü R K Ü M   M Ə N İ M

Laylası bir, nəğməsi bir,
Kökü-soyu, qayəsi bir,
Quranı bir, ayəsi bir,
De, nədədi fərqim mənim,
Yaşa-yaşa, Türküm mənim.

Ənvər paşa, Nuru paşa,
Dar günümdə gəlib qoşa.
Düşmən girib savaşa,
Dayağımsan hər gün mənim,
Yaşa-yaşa, Türküm mənim.

Bir gövdə də min bir budaq,
Uyğur, qazax, qaraqalpaq,
Özbək, qırğız, bir də qıpçaq,
Ey qəmli Kərküküm mənim,
Yaşa-yaşa Türküm mənim.

Qurban olum torpağına,
Ay-ulduzlu bayrağına,
Azərbaycan dayağına,
Yenilməzdi ordun sənin,
Yaşa-yaşa Türküm mənim.

İgidlərin dəliqanlı,
Buta deyər, xoş məkanlı.
Ey Fatehli, Süleymanlı,
Şen ol, dədə yurdum mənim,
Yaşa-yaşa Türküm mənim.

Səadət BUTA,
ZiM.Az

.

 

 

 

 

Загрузка. Пожалуйста, подождите…

 

 

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir